Əhalinin həssas kəsiminin ən çox narazı olduğu nazirlik ƏƏSMN-dir

Əhalinin həssas kəsiminin ən çox narazı olduğu nazirlik ƏƏSMN-dir
 

 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hakimiyyəti ən çox gözdən salan nazirlikdir. O qurumun heç bir addımı cəmiyyət tərəfindən müsbət qarşılanmır”.

Bunu döyüş iştirakçılarının əlillik dərəcəsi ala bilməməsi, qurumların süründüməçiliyinə münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı deyib.

O, qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycanda insanların ən çox narazı qaldığı nazirlikdir:

“Zamanında Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi insanların ən çox narazılıq etdiyi nazirliklər idi. Bu gün tam əminliklə deyə bilərik ki, əhalinin, daha dəqiq desək əhalinin həssas kəsiminin ən çox narazı olduğu nazirlik ƏƏSMN-dir. Nazirlik heç bir fərq qoymadan, Azərbaycan reallığını əks etdirməyən reallıqları ilə insanları incitməklə, üsyana qaldırmaqla məşğuldur.

Şəhid ailələri, qazilər, veteranlar indiki məqamda prioritet olmalıdır. Bu həm də dövlət siyasətinin tərkib hissədir. Biz müharibədəki qələbə ilə yeni bir mərhələyə qədəm qoymuşuq. Qazilər, şəhid ailələri yeni mərhələnin simvollarıdır. Dolayısı ilə onlara qarşı biganəlik yeni mərhələmizə, qələbəmizə kölgə salır. Buna heç də sosial məsələ kimi baxmaq lazımdır. Bunun mənəvi və siyasi tərəfləri də var. Ermənistan qarşısında qalib dövlətik, birdən-birə videolar çıxır ki, qazilər üsyan edir, etiraz edir, biri medalını satır, biri vəsiqəsini satır, bunlar hamısı həm də dövlət siyasətinə xəyanətdir. Bizə də çox şikayət daxil olur. Qazilər var ki, hələ də bədənində qəlpə gəzdirir, müalicələri davam edir, onlara deyirlər ki, gedin sağalandan sonra gələrsiniz, baxarıq, sizə əlillik düşür, yoxsa yox. Adam bir ildir əziyyət çəkir. Deyirlər, müalicə bitməmiş əlillik verə bilmərik. Bəlkə onun müalicəsi ömürlük davam etdi. Görünən odur ki, inanları başdan edirlər. Əlilə deyirlər ki, döyüşdüyün hərbi hissədən arayış gətir. Adam yeriyə bilmir, deyir, get arayış gətir”.

Səxavət Məmməd

 

Paralel.az

0.029015064239502