Müəllimdir gözümdə ən uca zirvə

Müəllimdir gözümdə ən uca zirvə
 

Ömür də qatar kimidir, sanki zamanın axarında mənzildən-mənzilə, bir dayanacadan başqasına doğru yol alır. Hər dayanacaqda dönüb keçdiyin yola baxarkən yaşadığın günləri, illəri yada salır, bu yolun unudulmaz təəssüratlarını yenidən yaşayırsan.

Elm, mərifət, zəka qaynağı olan müəllimlər şagirdlərin ömründə yaşayır, sanki ömürdən-ömrə pay verir, onların hafizəsindən, yaddaşından silinmir, illər ötsə də müəllimi ehtiramla xatırlayırlar. Ulu öndər Heydər Əliyev çıxışlarından birində demişdir: “Müəllim peşəsindən yüksək peşə tanımıram”. Dahiyanə deyilmiş kəlamdır. Öz fenomenal yaddaşı, fitri qabiliyyəti, natiqlik məharəti, idarəetmə bacarığı ilə həmişə müəllimlərə nümunə olan Heydər Əliyevi özünə ideal hesab edən müəllimlərimiz çoxdur. Mən onlardan biri barədə - ömrünü pedaqoji işə sərf etmiş Tərlan Məsud qızı Hümbətovanı oxuculara da tanıtmaq istəyirəm.

O, 1979-cu ildə arzusuna çatmaq üçünAzərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə uğurla qəbul imtahanları verib, ali məktəbə daxil oldu. Tərlan müəlliməni təyinatla 1984-cü ildə Biləsuvar rayondakı şəhid Əli Almasov adına Səmədabad kənd tam orta məktəbinə müəllim təyin etdilər. Burada bir neçə il direktor müavini işlədi, iki dəfə Səmədabad bələdiyyəsinin üzvü seçildi. YAP Səmədabad kənd ilk təşkilatı qadınlar şurasının sədri seçildi. O, müəllimlik peşəsinin və ictimai işlərin öhdəsindən bacarıqla gəlib, həmişə öndə olub. Tərlan müəllimə işlədiyi müddətdə şagirdlərinə yüksək təhsil verməklə yanaşı, onlara zəruri vərdişləri, bilik və bacarığını verməyi  əsirgəmədi, milli-mənəvi dəyərləri, vətənpərvərlik hisslərini aşıladı. Pedaqoji işin özünəməxsus çətinlikləri olsa da, o, gələcək nəslin formalaşmasında məsuliyyət hiss edərək, pedaqoji-psixoloji, metodik üsul və vəzifələrdən, müasir yanaşma metodlarından istifadə edərək gündəlik işində uğurlar qazandı. Əsası da o idi ki, dərs dediyi şagirdlər çəkilən zəhməti itirmədilər, baş ucaltdılar.

Yurdumuzun Qarabağ bölgəsinin otuz ilə yaxın işğal altında olması, soydaşlarımızın didərgin həyatı Tərlan müəlliməni həmişə düşündürür. O, həmişə şagirdlərinə həqiqəti söyləyib, onları Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə edib.

Tərlan Hümbətova bir ictimai fəal kimi şagirdlərə vətənpərvərlik tərbiyəsini həmişə diqqət mərkəzində saxlayıb. O, gənclərə Mübariz İbrahimov kimi olmağı, düşmənə sarsıdıcı zərbə vurmağı tapşırıb, Mübariz kimi mübariz olmağı tövsiyə edib. Deyib ki, mübarizə sözü çox tutumlu məhfumdur. O, bizə haqqı-ədaləti, cəsarəti, mərdanəliyi, böyük amallar uğrunda can fəda etməyi, Vətəni qorumağı, millət olmağımızı sözdə, arzuda deyil, işdə, əməldə sübut etməyi, dövlətçiliyimizə həmişə sədaqətli olmağı, ən nəhayət, daxili bir ruhani mücadilə ehtiva edir.  

44 günlük Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin misilsiz fədakarlığı, Ali Baş Komandanın qətiyyəti və sərkərdəlik məharəti xalqımızın bir yumruq tək birləşməsi işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə, inamımızı özümüzə qaytarmağa səbəb oldu.

Ömrünün müdriklik çağlarını yaşayan Tərlan müəllimə ziyalı ailəsinin formalaşmasında böyük enerji sərf edib. Həyat yoldaşı və tələbə yoldaşı, tanınmış pedaqoq və fəal ictimaiyyətçi, yüksək mənəviyyat sahibi Aydın Bəşirovla birlikdə  dörd övlad böyüdüblər: üç qız, bir oğlan. Qızları Sevda, Gülər və Lalə müəllimə işləyirlər, oğlu Məsud isə bank işçisidir. Sevda ana övladları və nəvələri ilə qürur hissi duyur. Deyir ki, onlar mənim qol-qanadlarımdır.

Tərlan müəllimənin ad günü və yubileyidir. Onu doğum günü münasibətilə təbrik edir, ona dünyada ən şirin nemət olan uzun ömür, salamatlıq, pedaqoji işdə uğurlar arzulayırıq.

Ad günün mübarək, Tərlan müəllimə!

​​​İdris Şükürlü, Paralel.az

0.019959926605225