Sülhün yaranmasına yeni zərbə
Fransadan Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına yeni zərbə.
Paris niyə bu cür qərəzli davranır, marağı və xeyiri nədir?
Ötən ilin payızında Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün haqq savaşı-ədalətli müharibə aparanda onillərdir münaqişənin həlli üçün üzücü və nəticəsiz danışıqlara vasitəçilik etmiş Minsk Qrupunun həmsədrlərindən birinin-Fransanın nümayiş etdirdiyi mövqe haqlı olaraq Bakıda hiddətə səbəb olmuşdu. Rəsmi Paris başda prezident Makron olmaqla birmənalı şəkildə Ermənistanın tərəfindən çıxış edərək Fransanın vasitəçi statusuna, regiondakı mövqelərinə sarsıdıcı zərbə vurdu. O vaxt hətta aparıcı Fransa nəşrləri də yazırdı ki, rəsmi Paris münaqişə tərəflərindən birinə birmənalı dəstək nümayiş etdirdiyi üçün həmsədrlikdən çıxsa yaxşıdır.
Fransa hökuməti sonralar öz siyasətinə qismən də olsa korrektələr etməli oldu və 44 günlük müharibə zamanı buraxılan ciddi siyasi səhvi düzəltməyə çalışdı. Parisdən Qarabağ məsələsində daha ehtiyatlı bəyanatlar eşidildi və hətta bu yaxınlarda Fransa YUNESKO-nun toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə də ev sahibliyi etdi. Həmin görüşdə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesini başlatmaq, yekun sülh razılaşması üzərində iş kimi postmünaqişə dövrünün mühüm mövzularına dair müzakirələr aparılmışdı.
Amma indi yenə də Parisdən Azərbaycan cəmiyyətində qıcıq yaradacaq xəbərlər daxil olur. Belə ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən oyuncaq "dqr hökumətinin" bəzi nümayəndələrinin Fransaya "işgüzar səfəri" haqda erməni qaynaqları xəbərlər yayıblar.
Xankəndindən olan Xanumyanı və Tovmasyanı Fransada "rəsmi qonaq" kimi qəbul ediblər. Onlardan biri özünü "nazir", digəri "parlament spikeri" adlandırır...
Bu xəbərlərə əsasən həmin oyuncaq "hökumətin" "ərazi və infrastrukturun idarəedilməsi naziri" Hayk Xanumyan və qondarma "dqr parlamentinin spikri" Artur Tovmasyan noyabrın 15-dən 19-na qədər Fransada səfərdə olublar. Əlbəttə, həmin səfər Fransadan hansısa rəsmi instansiyanın dəvəti ilə deyil, yenə də qondarma "Fransa-Artsax dostluq dərnəyi" adlı qrupun dəvəti əsasında baş tutub. Xankəndindən olan "nazir" və "parlament spikeri" noyabrın 15-də Fransanın Aix-Marseille-Provence Metropoliyasının rəhbəri Martine Vassale, noyabrın 17-də Fransanın Milli Assambleyasındakı həmin qondarma "dərnəyin" rəhbəri François Pupponi ilə görüşüblər. Bu görüşdə deputatlar Florence Provendier və İsabelle Santiaqo da iştirak ediblər.
Yenə də noyabrın 17-də Xanumyan və Tovmasyan Alfortville şəhərinin meriyasında mer Luc Carvounas ilə görüşüblər, ertəsi gün isə onları Fransa Senatında Respublikaçılar qrupunun rəhbəri, senator Bruno Retailleau qəbul edib. Noyabrın 19-da isə Xankəndindən getmiş separatçıları Valense şəhərinin meri Nicolas Daragon qəbul edib. Görüşdə həmçinin, Bourg-Lès-Valence şəhərinin meri Marlène Mourier, Valence şəhəri merinin 1-ci müavini Véronique Pugeat və Montelimar şəhəri merinin 1-ci müavini Marie-Christine Magnanon iştirak ediblər. Həmin gün Xanumyanla Tovmasyanı Fransanın İsere Departamentinin rəhbəri Jean-Pierre Barbier də qəbul edib.
Bir vaxtlar Fransadan da Azərbaycanın işğal altındakı ərazilərinə hansısa deputatlar və ya şəhər merləri, siyasətçilər bu cür qanunsuz səfərlər edərdi...
İlk dəfə deyil ki, Fransanın bəzi şəhərlərinin yerli idarəetmə orqanları Azərbaycan ərazilərinin bir hissəsində qurulmuş bu oyuncaq rejimin nümayəndələrini "rəsmi qonaq" qismində qəbul edir və hər dəfə bu cür səfərlərə görə rəsmi Bakı öz etirazını diplomatik kanallarla çatdırır. İndi isə regionda postmüharibə dövrü proseslərinin heç də asan getmədiyi, Ermənistanla Azərbaycan arasında yekun sülhün əldə edilməsinə yönəlmiş təşəbbüslərin bəzi revanşist qüvvələr tərəfindən maneələrin yaradıldığı bir vaxtda qondarma rejimin nümayəndələrinin həmsədr ölkələrdən birinə səfərinə şərait yaratmaq Fransanın regionda sülhün təmin olunmasına can atdığı barədə bəyanatlarına ziddir. Və bu səfər Azərbaycan cəmiyyətində, rəsmi dairələrində Fransanın regiondakı rolu barədə mövcud olan şübhələri daha da artırır. Əgər Fransa Xarici İşlər Nazirliyi bu səfərin yolverilməzliyi barədə yerli bələdiyyələri xəbərdar etməyibsə deməli bu ölkənin Azərbaycana münasibətdə qərəzli və səmimi olmayan siyasəti yenidən gündəmə gəlir.
Doğrudur, Azərbaycan tərəfi oyuncaq rejimin nümayəndələrinin səfəri ilə bağlı diplomatik nota təqdim etsə Parisdən buna belə standart cavab veriləcək ki, həmin şəxslərin səfəri fərdi xarakter daşıyırdı və Fransa hökumətinin bu səfərin təşkilində heç bir iştirakı olmayıb. (Əvvəllər dəfələrlə bu cür hallar baş verəndə Bakının etirazlarına bu məzmunda cavablar verilib,-red.) Lakin belə formal izahat Fransanın niyyətini və siyasətini təmizə çıxarmaq üçün kifayət deyil.
Çünki indiki situasiyada özlərini "nazir" və ya "parlament sədri" kimi təqdim edən qondarma rejimin nümayəndələrinin həmsədr ölkələrdən birinə səfəri və orada parlament üzvləri, meriya rəhbərləri statusunda olan şəxslərlə görüşməsi regionda sülhün güclənməsinə heç cür xidmət etmir. Əksinə gərginliyi daha da artırır. Aqressiv separatçı və revanşist qüvvələri həvəsləndirir. Axı Xanumyan və Tovmasyan Valense şəhərinin merinin və ya Fransa parlamentinin deputatının evində qonaq olmayıblar. Onları şəhər meriyasında və parlament binasında qəbul ediblər, deməli bu qəbullara görə istər-istəməz Fransa dövlətinin və hökumətinin məsuliyyəti var.
Eyni zamanda bu, Fransanın öz qanunlarına ziddir. Belə ki, yerli hakimiyyət orqanlarının mərkəzi hakimiyyətin mövqeyinə zidd olaraq xarici siyasət addımları atması qanunsuzdur. Bununla bağlı bir neçə il qabaq məhkəmə qərarları da olmuşdu. Fransa məhkəmələri qondarma "artsax respublikası" ilə əlaqələr quran şəhər bələdiyyə şuralarının qərarlarını ləğv etmişdi. İndiki halda isə Xankəndindən gedən qondarma rejim nümayəndələri ilə görüşənlər Fransa məhkəmələrinin qərarlarını da tapdalamış olurlar.
Digər tərəfdən, yeri gəlmişkən, Ukraynanın şərqindəki qondarma "Donetsk xalq respublikası"nın Parisdəki nümayəndəliyi ləğv edilib. Bəs nədən hələ də Qarabağdakı qondarma rejimin nümayəndəliyi Parisdə fəaliyyətini davam etdirir? Separatçılara münasibətdə bu nə ikili yanaşmadır və absurddur? Fransa hökuməti belə ikili standartlarla həm Azərbaycanla ikitərəfli münasibətlərinə, həm özünün vasitəçi kimi statusuna və ümumən Cənubi Qafqazdakı maraqlarına zərbə vuraraq əvəzində nə qazanır?
Şahnaz Salehqızı
Paralel.az