Asif İbrahimov : Türkiyədən ölkəmizə gətirilən malların qiymətində bahalaşma baş verib

Asif İbrahimov : Türkiyədən ölkəmizə gətirilən malların qiymətində bahalaşma baş verib
 

“Müəyyən məhdudiyyətlərin tətbiq olunması və eyni zamanda gömrük rüsumlarının artırılması fonunda Türkiyədən ölkəmizə gətirilən malların qiymətində bahalaşma baş verib”.
Bu sözləri Türkiyə lirəsinin sürətlə dəyərdən düşməsinə baxmayaraq, ölkəmizdə satılan türk mallarının qiymətinin ucuzlaşmamasına toxunan beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov  açıqlamasında deyib.
Mütəxəssisə görə, ölkədə gömrük idarəolunmasına tətbiq edilən dəyişikliklər türk mallarının ucuzlaşmasına və vətəndaşlardan hazırkı vəziyyətdən faydalanmasına əngəl törədir:
“Türk lirəsi dollar qarşısında dəyər itirməyə davam edir. Artıq son illərin ən piki həddi yaşanır. Bu fonda Azərbaycanda türk mallarının qiymətində ucuzlaşma olmalıdır. Halbuki bu gün bahalaşma müşahidə olunur. Əslində, hər hansısa məhsul üçün qiymət formalaşdırılması həyata keçirilərkən malın realizə olunmasına ehtiyac var. Yəni məhsulun istehsalı və ya satışına çəkilən xərcin üzərinə 10-20 faizlik mənfəət qoyulmalıdır. Məlumdur ki, ölkəmizə türk geyimləri, əsasən, aviadaşımalar vasitəsilə həyata keçirilir. Qida məhsulları isə quru yolla, yəni Gürcüstan yolu vasitəsilə daşınır. Daşınmalar zamanı xərclərin idarə olunması, müəyyən məhdudiyyətlərin tətbiq olunması və eyni zamanda gömrük rüsumlarının artırılması fonunda Türkiyədən ölkəmizə gətirilən malların qiymətində bahalaşma baş verib. Əvvəl 10 dollara alınan məhsul lirənin dəyərdən düşməsi fonunda hazırda daha ucuz başa gəlir. Lakin daşınma xərclərinin artması ölkəmizdə satılan türk mallarının qiymətinin ucuzlaşmasına mane olur”.

Gülşən Şərif

Paralel.az

0.10967111587524