Faiq Ələkbərli "Bütöv Azərbaycan dövlətinin üçrəngli bayrağı kimi anlayışlar yeni nəslin təfəkküründə ciddi şəkildə oturub"

Faiq Ələkbərli
 

 

Paralel.az xəbər verir ki, yaxın günlərdə Bütöv Azərbaycan Ocaqlarının (BAO) yaranmasının 10 ili tamam olur. Ötən 10 il ərzində uğurlu fəaliyyət göstərən BAO yarandığı vaxtdan fərqli olaraq sıralarını kifayət qədər genişləndirib, nüfuzlu bir təşkilata çevrilib.
BAO-nun yaranmasının 10 illiyi ərəfəsində Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk Dünyasıyla əlaqələr üzrə müavini, türkoloq-alim, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, f.ü.f.d. Faiq Ələkbərli “Paralel.az”-a açıqlamasında təmsil etdiyi qurumun hansı zərurətdən yarandığına aydınlıq gətirdi. O, bildirdi ki, Bütöv Azərbaycan Ocaqları (BAO) tarixi zərurətdən meydana çıxmış təşkilatdır. Bu zərurəti yaradan isə Azərbaycan xalqının bütövlüyü və Türk xalqlarının biriliyi olub. Bütöv azərbaycançılar və türkçülər bütün dövrlərdə iki mühüm ideyanı:
1) Azərbaycanın bütövlüyü,
2) Türk birliyini biri-birinə bağlı əsas ideoloji xətti kimi götürüb, onun uğrunda mübarizə aparmışıq.
“XX əsrin sonlarında Quzey Azərbaycan, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra hər iki ideya Azərbaycan xalqının ictimai təfəkkürünün başlıca meyarını təşkil etmiş, bununla bağlı bir sıra təşkilatlar birliklər meydana çıxmışdır. Başqa sözlə, 20-ci sərin əvvəllərində Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının yeni qurulmuş Türk Cümhuriyyətinə vermiş olduqları "Azərbaycan" adı yalnız Azərbaycanın quzeyi və güneyindəki türklər üçün, bütün azərbaycanlılar üçün birlik və bərabərliyin simvolunu, əsas hədəfini bəlli etmişdir. Bu ideya Azərbaycanın quzeyi Sovet Rusiyasının, Azərbaycanın güneyi isə İran Pəhləvilər rejimlərinin işğalı altında olduğu dövrdə də qorunub yaşadılmış və Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Bütöv Azərbaycan coğrafiyasında daha güclü şəkildə özünü büruzə vermişdir”.

Faiq müəllim qeyd etdi ki, SSRİ adlanan imperiyanın son dövrlərində Azərbaycanın quzeyində baş qaldıran Milli Azadlıq hərəkatı və onun lideri Əbülfəz Elçibəyin böyük əməyi sayəsində Bütöv Azərbaycan və Türk xalqlarının birliyi ideyası qaldığı yerdən daha güclü şəkildə davam etmişdir. Artıq 1990-cı illər Bütöv Azərbaycan ideyasının yalnız yenidən dirilişi deyil, eyni zamanda təşkilatlanma və məramnamənin müəyyənləşməsi baxımından da əhəmiyyətli olmuşdur.
“Bu baxımdan 1997-ci ildə Ə.Elçibəyin liderliyi ilə yaranan Bütöv Azərbaycan Birliyinin (BAB) və bu təşkilatın rəhbərliyinin əməyini ayrıca qiymətləndirmək lazımdır. Bizcə, 2000-ci ildə Elçibəyin dünyasını dəyişməsindən sonra BAB böyük zərbə almış olsa da, ancaq Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi isitiqamətində öz üzərinə düşən missiyanı xeyli dərəcədə irəli aparmağı da bacarmışdı”.

Fəlsəfə doktorunun sözlərinə görə, 2000-ci illərin sonlarına doğru BAB-ın fəaliyyətinin zəiflə­məsi, ya da tamamilə dayan­dırması fonunda Bütöv Azərbay­can ideyasının gerçəkləşməsi yolunda yeni təşkilatların yaranma­sını zərurəti ortaya çıxdı. Bu hədəfi, müqəddəs Bütöv Azərbaycan ideyası yolunu tutmuş qurumlardan biri kimi Bütöv Azərbaycan Ocaqları (BAO) 2011-ci ilin noyabrında "Rəsul­zadə-Elçibəy Ocağı"nın bazasında ictimai təşkilat kimi təsis olunmuş­du.
"Rəsulzadə-Elçibəy Ocağı" 2000-ci ilin axırlarında millətçi Azərbaycan gəncləri tərəfindən yaradılmış və milli ideyaların, o cümlədən Azərbaycanın bütövlüyü ideyasının təbliği ilə məşğul olan dərnək xarakterli təşkilat olmuşdur. Təşkilatın ilkin Təşəbbüs Qrupu 2011-ci ilin noyabrın 19-da əvvəlcə özünü "Böyük Azərbaycan Ocaqları" kimi elan etmişdir. Ancaq Təşəbbüs Qrupunun 5 iyun 2012-ci il toplantısında təşkilatın "Bütöv Azərbaycan Ocaqları" adlandırılması qərarına gəlinmişdir. Eyni zamanda 2012-ci ilin noyabrında BAO-nun 11 nəfərlik İdarə Heyəti yaradılmış və Zahir Əlisoy təşkilatın başqanı seçilmişdir. Daha sonrakı illərdə BAO-nun gənclik qolu (2013), Dil və Tarix Qurumu (2014), Mərkəzi Şurası (2014), BAO TV (2014), BAO-nun Türkiyə təmsilçiliyi (2015) yaradılmışdır”.
Qeyd edək ki, BAO-nun qarşısına qoyduğu millətləşmə, bütövləşmə və dövlətləşmə prinsiplərinin həyata keçirilməsində Dilavər Əzimli, Faiq Ələkbərli, Aydın Mədətoğlu, Mehriban Vəzir, Firudin Ağasıoğlu, Eldəniz Şamlı, Zəkulla Bayramlı və başqa ziyalılarımız yaxından iştirak ediblər.
Yeri gəlmişkən, 2021-ci ilin martında tanınmış ziyalımız, tarixçi alim Dilavər Əzimlinin koranavirus epidemiyasından dünyasını dəyişməsi Bütöv Azərbaycan xalqı, xüsusilə də BAO üçün ağır bir itki oldu. Onun əziz xatirəsi Bütöv Azərbaycançıların və turançıların qəlbində əbədi yaşayacaqdır!

Türkoloq-alim bildirdi ki, BAO-nun nizamnaməsində Azərbaycan türklərinin öz tarixi torpaqlarında milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulması təşkilatın məqsədi kimi qəbul olunub və təşkilatın bu yolda əsas ənəgl olan fars şovinizminə qarşı mübarizə apardığı qeyd edilib. Bu məsələlərlə bağlı BAO var olduğu 10 il müddətində (2011-2021) bir çox mühüm işlər görüb, 230-dan çox tədbirlər-konfranslar, aksiyalar təşkil edib, 190-dan çox rəsmi sənəd qəbul edib, qərarverici orqanların 185-dən çox rəsmi toplantısı keçirilibdir və bu yöndəki işlərimizi hazırda da davam etdirməkdəyik.

“Əlbəttə, bütün bunları həyata keçirməkdə bizim bir neçə hədəfimiz, məqsədimiz olub:
1) Dağlıq Qarabağ probleminin həlli ilə bağlı quzeyli-güneyli soydaşlarımız arasında vahid düşüncə yaratmaq, gücümüzü birləşdirmək və torpaqlarımızın işğaldan azad olunacağı inamını diri tutmaq,
2) Türk xalqları arasında Bütöv Azərbaycan ideyasını təbliğ etmək və Türk xalqlarının birliyində bunun əhəmiyyətini ifadə etmək,
3) Quzeydəki yeni nəsil gənclər arasında Bütöv Azərbaycan ideyasını daha da gücləndirmək və onların yarımçıqlıq kompleksindən mümkün olduqca uzaq tutmaq,
4) Güney Azərbaycanın yol xəritəsini müəyyənləşdirmək,
5) Bütöv Azərbaycan xalqının vahid tarixinin, mədəniyyətinin, fəlsəfəsinin, coğrafiyasının formalaşmasına çalışmaq,
6) Güney Azərbaycan milli hərəkatına dəstək vermək və onunla bağlı təşkilatlarla iş birliyi içində olmaq,
7) "Bir millət iki dövlət" prinsipinə əsaslanaraq Türkiyə-Azərbaycan birliyinin hərbi-siyasi müttəfiqliyə çevrilməsinə nail olmaq yəni, ən yüksək səviyyədə bu birliyin gerçəkləşməsi və s.
Torpaqlarımızın böyük qisminin tamamilə işğaldan azad olunaraq Dağlıq Qarabağ probleminin xeyli dərəcədə həllinə yaxınlaşma prosesində BAO və onun üzvlərinin də müəyyən əməyi olmuşdur. Hər halda bizlər BAO olaraq cəmiyyət daxilində Qarabağ məsələsi ilə bağlı pessimizmə köklənən fikirlərə qarşı mücadilə verib, onlarla tədbrlər-konfraslar keçirmişik, müsahibələr vermişik və xalqın içində olub öz sözümüzü deməyə çalışmışıq. Buna paralel olaraq da, Quzeydəki yeni nəsil gənclər arasında Bütöv Azərbaycan ideyasını daha da gücləndirib, onları yarımçıqlıq kompleksindən uzaq tutub Qarabağ məsələsi və Bütöv Azərbaycan ideyasının bir-birinə niyə görə bağlı olduğunu, hər ikisini həll etməyin öz əlmizdə olduğunu təbliğ etmişik. Bizcə, BAO-nun bu istiqamətdə verdiyi əməklər əsasən, boşa getməmiş Bütöv Azərbaycan xalqı, Bütöv Azərbaycan coğrafiyası, Bütöv Azərbaycan dövləti, Bütöv Azərbaycan xalqının vahid üçrəngli bayrağı və bu kimi anlayışlar yeni nəslin çoxunun təfəkküründə ciddi şəkildə oturuşmuşdur”.

Güney Azərbaycanın yol xəritəsinin müəyyənləşməsi (mədəni muxtariyyət, federalizm, milli istiqlal) məsələsində də, BAO mühüm işlər görüb, milli istqilalın və bütöv Azərbaycan dövlətinin yaranmasında ortaq fikrə gəlinib. Eləcə də, "bir millət iki dövlət" prinsipinə əsaslanaraq Türkiyə-Azərbaycan birliyinin hərbi-siyasi müttəfiqliyə çevrilməsinə yəni, ən yüksək səviyyədə bu birliyin gerçəkləşməsinə nail olmaq yolunda heç bir kəs, BAO-nun əməyini inkar edə bilməz.
“Əlbəttə, bütün bunlarla yanaşı hələ də qarşımıza qoyduğumuz məqsəd və hədəflərə məsələn, Güney Azərbaycanın istiqlalına, Dağlıq Qarabağ probleminin kökündən həllinə, yarımçıqlıq kompleksindən tamamilə qurtulmağa çata bilməmişik. Ancaq 44 günlük 2-ci Qarabağ Vətən müharibəsində əldə etdiyimiz Zəfər, eyni zamanda Türk Dövlətləri Təşkilatının yaranması, Türkiyə-Azərbaycan arasında bağlanmış Şuşa Bəyannaməsi, Azərbaycan-Türkiyə-Pakistan arasındakı Bakı müqaviləsi kimi mühüm tarixi hadisələr başlıca hədəflərimizə çatmağımıza ciddi əsaslar verir.
BAO təsis edilən günlərdə Bütöv Azərbaycan ideyası nisbətən özünün durğunluq dövrünü yaşayırdı. Ancaq BAO-nun qabaqcıl şəxslərinin və onun hər bir üzvününü verdiyi mücadilə nəticəsində, qısa bir müddət sonra bu təşkilat özündən söz etdirməyi bacardı. Buna əsas səbəb də, BAO-nun az danışıb çox iş görmək prinsipinə uyğun hərəkət etməsi oldu. Bununla da, ötən 10 ilin doqquz ili ərzində, yəni Bütöv Azərbaycan ideyası kifayət qədər populyar olmadığı, hətta zamanla bu yöndə durğunluq yaşanan dövrlərdə bu ideyanı yaşadan və onu ayaq üstə tutan BAO olmuşdur. Bu sözlərim bir qədər təvazökarlıqdan uzaq görünsə də, bu bir həqiqətdir ki, ancaq iqtidaryönlü deyil, hətta bir çox müxalif siyasi və ictimai təşkilatlar da Bütöv Azərbaycan ideyasını, Güney Azərbaycan məsələsini arxa plana keçirdikləri zamanlarda BAO az qala təkbaşına, bu missiyanı öz üzərinə götürmüş, bu mücadilədən bir addım da olsun, geri çəkilməmişdir.
Məlum olduğu kimi, ancaq son bir ildə Bütöv Azərbaycan ideyası yalnız müxalif siyasi və ictimai təşkilatlar deyil, dövlət rəhbərliyi tərəfindən də müəyyən hərəkətlənmələr müşahidə olunmaqdadır. Bizim üçün olduqca sevindiricidir ki, Güney Azərbaycan, Bütöv Azərbaycan ideyası ilə bağlı dünən bizim dediklərimizi az qala inkar edənlər, indi BAO-dan daha çox ürəklə bunu müdafiə edir və deyirlər. Şübhəsiz, bütün bunlar başa düşüləndir ki, Güney Azərbaycan məsələsi və Bütöv Azərbaycan ideyasının aktuallaşmasında 44 günlük 2-ci Qarabağ Vətən müharibəsi dövründə və sonrasında "İran" adlanan ölkənin rəhbərliyinin Azərbaycan münasibətdə atdığı ciddi yanlışlıqlar, xüsusilə də Ermənistana verdikləri açıq və gizli dəstəklər mühüm rol oynadı. Biz, BAO olaraq bunu srağagün, dünən dəfələrlə yazıb, dilə gətirəndə demək olar ki, əsasən hamı susur, üstəlik bizləri iki dövlətin arasını vurmaqda, Azərbaycana zərər etməkdə ittiham edirdilər. Ancaq 44 günlük 2-ci Qarabağ Vətən müharibəsi dövründə və sonrasında "İran" adlanan ölkənin rəhbərliyinin Azərbaycan Respublikasına qarşı atdığı addımıar bizlərin, BAO-nun doğru yolda oldğunu bütün çılpaqlığı ilə ortaya qoymuş oldu”.

Maraqlıdır, BAO-nun əsas fəaliyyət istiqamətini də Azərbaycanın bütövlüyü təşkil edir. Güney Azərbaycanla bağlı məsələyə müxtəlif yanaşmalar var və oradakı soydaşlarımızın haqq və hüqquqlarının bərpası ilə bağlı fərqli düşüncələr ortaya qoyulur. Konkret BAO bu problemin həllində hansı istiqamətdə addımın atılmasını zəruri sayır ?

“Təxminən 5-6 il bundan öncə Güney Azərbaycan məsələsi, ya da Güneymizdəki soydaşlarımızın haqq və hüquqlarının bərpası ilə bağlı BAO olaraq vahid mövqenin formalaşması üçün çox sayda müzakirələr apardıq və tədbirlər keçirdik. Həmin müzakirələrin, tədbirlərin sonunda belə bir nəticəyə gəldik ki, bu gün Güney Azərbaycan türklərinin, ümumilikdə Azərbay­can türklərinin gələcək müqəddəratı, siyasi statusu ilə bağlı dörd istiqamətdən, ya da dörd mülahizədən bəhs etmək mümkündür:
1) Güney Azərbaycanın İran adlanan ölkənin tərkibində mədəni muxtariyyət qazanmasını istəyənlər və bu istiqamətdə ça­lışanlar (Türk dilinin status qazanması, Türk mədəniyyətinin sta­tus əldə etməsi, Türk dilində orta və ali məktəblərin olması və s.;
2) Güney Azərbaycanın mərkəzə bağlı milli-məhəlli muxtariyyət qazanmasını istəyənlər və bu yöndə çalışanlar (daha çox ölkənin federalaşmasından çıxış edənlər və Güney Azərbaycan Muxtar Respublikasının yaranmasını istəyənlər);
3) Güney Azərbaycanın müstəqillik qazanması və gələcəkdə Quzey Azərbaycanla birləşməsi yönündə çalışanlar (istiqlalçılar və bütövlük tərəfdarları);
4) İran adlanan ölkədə hakimiyyətin Türklər tərəfindən bərpa olunmasını, hətta bundan sonra Quzey Azərbaycanın da həmin dövlətdə birləşdirilməsini istəyənlər və bu yöndə çalışanlar (turançılar). Bu gün milli-mədəni muxtariyyatdan daha çox Qacarlar dövləti dövründə olduğu kimi, milli-məhəlli muxtariyyatı tələb edənlər və bununla da federallaşmaya meyil göstərənlərin sayı nisbətən daha çoxdur. Hər halda Güney Azərbaycan türkləri Səfəvilər, Əfşarlar və Qacarlar dövründə olduğu qədər olmasa da, ən azından Azərbaycanın milli muxtariyyat stausunu bərpa etmək istəyirlər. Çünki hazırda "İran İslam Respublikası" adlanan dövlətdə Güney Azərbaycan və onun xalqı bu dövlətin qurucusu olaraq nəinki haqq etdiyi yerdədir, üstəlik ən çox haqsızlığa məruz qalmaqdadır. Təbii ki, bu sonsuza qədər belə davam edə bilməz. Bu anlamda bu problemin həlli milli mədəni muxtariyyatda deyil, ən azından milli-məhəlli muxtariyyatdadır. Milli-məhəlli muxtariyyat isə o deməkdir ki, Güney Azərbaycan "İran İslam" adlanan ölkədən ayrlmır, ancaq onun idarəetmə orqanları, qanunvericilik orqanları, bələdiyyə orqanları əsasən Güney Azərbaycan xalqının özü tərəfindən müəyyənləşdirilir. Şübhəsiz, bu da, daha çox "İran"ın federallaşması deməkdir ki, Qacarlar dövründə (məşrutəyə qədər də, məşrutədən sonra da) də məhz ölkə bu yöndə idarə olunmuşdur. Sadəcə, məşrutədən sonra bu kimi məsələlər həm hökumət, həm də parlament tərəfindən bir az da inkişaf etdirilmişdir. Ancaq bu statusun da rəsmi Tehran tərəfindən gerçəkləşdirilməsi çox az inandırıcıdır. Ona görə də, Güney Azərbaycan türkləri "İran" adlanan ölkənin tarixi, hüquqi və faktiki qurucuları olmalarına baxmayaraq, onun tərkibindən çıxıb ayrıca dövlət olmaq haqqını da özündə saxlayırlar. BAO olaraq da hesab edirik ki, Tehran hökuməti türklərin, o cümlədən Güney Azər­baycan türklərinin neçə minllik haqqını bərpa etməkdənsə, assimil­yasiya siyasətinə davam etdiyi üçün, artıq yeni bir Türk dövləti­nin yaranması qaçınılmaz olub. Başqa sözlə, hazırda Güney Azərbaycan türklərinin Təbrizdə yeni bir Türk dövləti yarat­maqdan başqa yolu qalmayıb. Çünki ötən 40 il ərzində İslam dini adı altında hakimiyyəti idarə edən İran İslam rejimi aryançı qılığından və Türk düşmənçiliyindən əl çəkmədi. Bu isə o demək­dir ki, 54 illik Pəhləvilər rejimi kimi İran İslam hakimiy­yəti­nin də Türkün haqqını Türkə vermək niyyəti yoxdur üstəlik, aşkar şəkildə Türk düşmənçiliyi siyasətini də aparmağa davam edir. Bir sözlə, vaxtilə özünün yaratdığı dövlətdə artıq bir əsrə yaxındır, bütün haqq və azadlıq­lardan məhrum olan şərəfli, qürurlu bir millətin yapa biləcəyi tək xilas yolu, əvvəllər də bunu dəfələrlə ortaya qoyduğu kimi, yeni bir Türk dövlətçiliyinin əsasını qoymaqdır.
İran adlanan ölkədə hakimiyyətin türklər tərəfindən bərpa olunmasına, hətta bundan sonra Quzey Azərbaycanın da həmin dövlətdə birləşdirilməsi məsələsinə gəlincə, bunu da tamamilə arxa plana keçirmək doğru olmaz. Amma biz BAO olaraq hesab edirik ki, bu məsələ taktiki baxımından doğru müəyyənləşməlidir. Belə ki, BAO birmənalı şəkildə Güney Azərbaycanın milli istiqlalını hədəfləyir və onun öz dövlətinə sahib olmasını zəruri hesab edir. Ancaq bundan sonrakı mərhələdə Güney Azərbaycan coğrafiyasından kənarda qalan türk (Qaşqay, Türkmən, Xorsan və b.) və qeyri-türk xalqlarla (Fars, Ərəb, Kürd, Bəluc və b.) eyni bir dövlətdə yaşayıb-yaşamamağın müzakirə olunmasını da mükmün sayırıq. Bizcə, özəlliklə digər Türk xalqlarla eyni bir dövlətdə bu və ya digər idarəetmə formasında yaşamaq qaçınılmazdır. Bizcə, daha bir 100 il Tehranda Türk inqilabı edib hakimiyyəti ələ keçirə biləcəyimiz xəyalları ilə yaşamaq bizi əsas hədəfdən xeyli uzaqlaşdıra bilər. Əvvəlcə Türkün bayrağını Təbrizdə, Urmuda, Ərdəbildə, Zəncanda daha sonra isə Tehranda, Məşhəddə, Qaşqayda, Türkmənsəhrada göylərə qaldırmaq məntiqə və məqsədə uyğun olardı.

Bir neçə gün öncə İstanbulda Türk dünyasının birliyi istiqamətində mühüm addım atıldı. Regional və beynəlxalq müstəvidə gedən proseslərin Azərbaycanın bütövləşməsi prosesinə hansı müsbət təsirləri ola bilər?

“Bu gün Türk dünyası üçün Quzey və Güney Azərbaycan türklüyünün birləşməsi ən ciddi məsələlərdən biridir. Çünki yalnız Azərbaycan türklərinin mənəvi-psixoloji və fiziki anlamda bütövləşməsi bütün Türk dünyasına, Türk Dövlətləri Təşkilatına ciddi bir güc qatacaqdır. Azərbaycan türklüyünün yerləşdiyi coğrafi və strateji mövqe türklük, Türk dövlətləri üçün son dərəcə önəmlidir. Eyni zamanda Azərbaycan türklüyü tarixən Türk­lük və Turançılıq ideyasını özündə yaşadan və yaşada biləcək ən əsas mərkəzlərdən biridir. Bu baxımdam Türk Şurasının, Türk Geneşinin 8-ci İstanbul Zirvəsindən sonra Türk Dövlətləri Təşkilatı adı altında özünün bəyan etməsi olduqca önəmlidir. Bu gün Quzey Azərbaycanın müstəqilliyi Güney Azərbaycanın müstəqilliyi üçün əsas prinsiplərdən biri olmaqla yanaşı, Türk xalqlarının və Türk Dövlətlərinin birliyinə doğru gedən yolda bir mayakdır. Vaxtilə milli aydınımız, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə də Türk xalqlarının birliyinin gerçəkləşməsində əsas yollardan biri kimi Azərbaycanı göstərmişdir. Rəsulzadə yazırdı ki, Azərbaycan türklərinin öndərliyi ilə Turanın mərkəzində Azərbaycan adlı bir ölkə yaranmışdır ki, yeni Turanın açarı ondadır, çünki yeni Azərbaycan Türk ocağı, əski Türk yurdudur. Türk xalqlarının gələcəyini müstəqil Türk dövlətləri birliyində, yəni Türk Federasiyasında görən Rəsulzadənin uzaqgörənliyi bu gün özünü daha çox doğrultmaqdadır. Belə ki, bir tərəfdən Şuşa bəyannaməsi (Azərbaycan-Türkiyə müttəfiqliyi), Bakı müqaviləsi (Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi), digər tərəfdən Türk Şurasının Türk Dövlətləri Təşkilatı çərçivəsində öz fəaliyyətinə daha güclü və ən əsası siyasi birlik kimi davam etməsi qərarını alması, bütün bunlar yalnız bölgədə deyil, dünyada yeni bir güc mərkəzinin yaranması deməkdir. Şübhəsiz, yeni güc mərkəzinin nüvəsində isə Azərbaycan və Türkiyə daynmaqdadır. Bu isə o anlama gəlir ki, Azərbaycanın bütövləşməsi prosesi qaçınılmaz bir hala gəlməkdədir. Başqa sözlə, regional və beynəlxalq aləmdə gedən proseslər Azərbaycanın bütövləşməsini sürətləndirir. Bunun qarşısını nəinki Ermmənistanın, heç onun çox güvəndiyi Rusiya Federasiyası, İran İslam rejimi, yaxud da Fransanın da almaq gücü və iqtidarı yoxdur. Ən başlıcası odur ki, Azərbaycanın bütövləşməsi məsələsinə artıq nəinki Türkiyə və digər qardaş, dost dövlətlər, hətta bir neçə köynək bizdən uzaq olanlar belə isti ynaşaırlar. Azərbaycan gənci 60 milyonluq bir xalqın zərrəsi olduğunu qətiyyən unutmamalı və özünün böyük bir xalqın təmsilçisi kimi dərk etməlidir. Hesab edirəm ki, yalnız Bütöv Azərbaycan ideyası və Türk dövlətləriin birliyi bizləri bütün torpaqlarmızın hər bir qarışını geri qaytarmağa sövq edəcəkdir. Hər iki istiqamətdə bizim maraqlarımıza uyğun ciddi və əməli proseslər getməkdədir. Bu anlamda çox yaxın vaxtlarda Bütöv Azərbaycan ideyası və Türk Dövlətləri Birliyi məfkurəsinin gerçəkləməsi zərurətə çevrilmişdir. Hətta, dünənə qədər hər iki ideyanın əleyhdarları olan bəzi güclü dövlətlər və beynəlxalq təşkilatlar bununla razılaşmaq çarəsizliyi içindədirlər. Çünki dünyada və bəzi rejionlarda gedən xoşagəlməz, dağıdıcı prosesləri ancaq bu iki ideyanın gerçəkləşməsi fonunda lmaq mümkündür. Ona görə də, yaxın perspektivdə hər iki ideyanın gerçəkləşməsi şübhə doğurmir. Bizcə, Türkiyənin dünyada güclü bir dövlətə çevrilməsi fonunda Azərbaycanın 44 günlük müharibədən zəfərlə çıxması, daha sonra Şuşa bəyannaməsi, Bakı müqaviləsi və Türk Şurasının 8-ci İstanbul zirvəsi bunun əsas təməl daşlarıdır. Dünya yəni bir gücün yaranmasına hamilədir və həmin güc, yəni Türk Dövlətləri Birliyi də Bütöv Azərbaycanın gerçəkləşməsi ilə öz həqiqi statusunu təmin etmiş olacaqdır.

Şahnaz Salehqızı, Paralel.az

0.027612924575806