Bakının istilik sisteminin vəziyyəti çox acınacaqlıdır-əhali şikayət edir
Bakı Şəhər İcra Hakimiyyəti çox yarıtmaz işləyir
Nnoyabrın 12-dən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, havalar qeyri-sabit və yağıntılı keçir, güclü külək şəhər təsərrüfatına və vətəndaşlara ciddi ziyan vurub.
Havalar soyuduqca insanları bir sual düşündürür – Bakı şəhərinin istilik sistemi qışa hazırdırmı?
«Azəristiliktəchizat» ASC-dən bildiriblər ki, 2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar qurum tərəfindən istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.
Qurumdan o da bildirilib ki, qış mövsümünün Bakı şəhərində 15 noyabr tarixindən başlanılması nəzərdə tutulub. «Mövsüm ərzində bizə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur».
ASC-dən vurğulanıb ki, bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib. Qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub. Qazanxanalar ehtiyat qazan və nasoslarla təmin olunub.
Bakı İcra Hakimiyyətindən də əməkdaşımıza bildirilib ki, Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri davam edir.
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirib ki, dünya praktikasında qış mövsümünə keçidlə bağlı şəhər təsərrüfatının idarə olunması kimi geniş təcrübə var. «Orada müəyyən aspektlər var. Onlardan biri kommunal sistemlərin bərpası, yenidən hazırlanması və müəyyən çatışmazlıqların aradan qaldırılması prosesidir, bura qazanxanalar və istilik sistemləri aiddir».
Onun sözlərinə görə, Azərbaycanda mövsümdən mövsümə keçid daha çox korrupsiya xarakterli bir hadisədir. «Qışa hazırlığı ilə bağlı ayrılan maliyyə vəsaitlərinə və silinən maliyyə vəsaitlərinə nəzər yetirsək görəcəyik ki, görülən iş bu maliyyə ilə heç vaxt adekvat olmayıb".
Ekspert qeyd edib ki, yeni binalarda istilik sistemləri normal işləsə də, köhnə binalarda istiliyin təchizatı ilə bağlı problemlər mövcuddur. «Özəl binalarda müəyyən işlər görülür, amma SSRİ dönəmindən qalmış binaların böyük əksəriyyətində istilik sistemi ilə bağlı vəziyyət bərbaddır və qışa hazır deyil».
Ekspertin dediyi kimi əməkdaşımız Yasamalda sovet dönəmindən qalan köhnə 5 və 9 mərtəbəli binaların istilik təchizatı ilə təminatını öyrənmək məqsədilə ərazidə yaşayan insanlarla söhbət edib.
Köhnə binalarda yaşayan insanlarla söhbətdən məlum olub ki, ərazidə istilik qazanxanası olsa da, əhali istilik üzünə həsrətdir.
Əməkdaşımız Yasamal rayonunun istilik təchizatı ilə məşğul olan idarənin rəhbəri ilə görüşməyə çalışıb, lakin onu iş başında tapmaq mümkün olmayıb.
Yasamal rayon istilik təchizatı idarəsində çalışan digər vəzifəli şəxslər isə qışa hazırlıq barədə məlumat verməyiblər.
Araşdırma davam edir.
Akif