Dincəlmədən 18 saat işlədi və yorğunluqdan öldü
Çində dincəlmədən 18 saat işləyən kuryer yorğunluqdan ölüb.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə sentyabrın 6-da Hangzhou şəhərində baş verib.
Sosial şəbəkələrdə 55 yaşlı Yuan adlı kuryerin elektrikli velosipedin üzərində hərəkətsiz yatmasını əks etdirən video paylaşılıb.
Hadisə şahidləri Yuanın 18 saat fasiləsiz işlədiyini bildiriblər.
55 yaşlı şəxs velosipedin üzərində uzanıb dincələrkən vəfat edib.
Həmkarları Yuanın gündə 70-85 dollar qazandığını, yağışlı havalarda bu məbləğin daha da artdığını söyləyib. O kuryerlər arasında "sifariş kralı" ləqəbi ilə tanınıb.
Məlum olub ki, vəfat edən kuryer hər gün 03:00-a qədər işləyib, saat 06:00-da yenidən işə başlayırmış.
Kuryerin ölümündən bir ay əvvəl yol qəzası keçirərək ayağını sındırdığı və qısa bir istirahətdən sonra işə qayıtdığı öyrənilib. Onun 16 yaşlı oğlunun təhsil haqqını ödəmək üçün çox çalışdığı bildirilib.
Bu hadisə Çində kuryer sənayesinin çətin iş şəraitinə bir daha diqqət çəkib.
Araşdırmalar göstərir ki, son illər kuryerlərin iş saatları xeyli artıb.