Ermənistanla sərhəddə nələr baş verir?
Qabil Hüseynli: "Özlərini yekəxana aparır və Azərbaycana düşmən mövqeyi sərgiləyirlər.
Azərbaycanın üç hərbiçisini yaralayan caninin Ermənistana təhvil verilməsini təşkil
etmək Rusiya sülhməramlılarının bərbad imicinə daha bir zərbə vurdu"
Son günlər Azərbaycan-Ermənistan sərhədlərinin müxtəlif istiqamətlərində baş verən insidentlərin intensivliyi artmaqdadır. Hadisələrin intensivləşməsi separatçıların 8 noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa səfəri ərəfəsində, su kəmərinin təmiri bəhanəsi ilə üç erməninin təhlükəsizlik zolağını keçməsi ilə başladı. Düzdür, həmin insident zamanı separatçılar itki verdi, bir nəfər öldü, iki nəfər isə yaralandı. Erməni mətbuatı bunların, sadəcə su təmiri işçiləri olduğunu yazsa da, əslində, bu Azərbaycana qarşı təxribat-diversiya əməliyyatı idi. Çünki adətən rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonası ilə Azərbaycan tərəfinin təmas xətti yaxınlığında bənzər fəaliyyətlər əvvəlcədən xəbərdarlıq edilməklə və sülhməramlıların müşaiyyəti ilə həyata keçirilir. Həmin hadisə zamanı isə Azərbaycan bu barədə məlumatlandırılmayıb və fəaliyyət sülhməramlıların müşaiyyəti ilə baş tutmurdu. Üstəgəl, fəaliyyət Azərbaycan Respublikası Prezidentinin Şuşaya səfəri zamanı həyata keçrilirdi və ərazi təhlükəsizlik zonasına daxil idi. Belə bir şəraitdə Azərbaycan Ordusunun təhlükəsizliyi həyata keçirən bölmələri həmin fəaliyyətə qarşı sərt tədbir görməli idilər, gördü də...
Hadisədən bir neçə gün sonra isə Şuşa ətrafında Azərbaycanlılarla rus sülhməramlıların blok-postuna əl qumbarası atdı və nəticədə üç Azərbaycan əsgəri müxtəlif bədən xəsarətı aldı. Rusiya sülhməramlıları isə həmin terrorçunun Azərbaycan Ordusu tərəfindən həbs edilməsinə imkan vermədi, özləri həbs edib, separatçılara təhvil verdi. Sonradan isə həmin şəxs Ermənistana verildi və ermənilər onu qəhrəman kimi qarşıladı.
Bundan bir neçə gün əvvəl Qaragöl ətrafında yerləşən Azərbaycan Ordusuna məxsus iki post arasındakı yol Ermənistan silahlı qüvvələrinə məxsus bölmələr tərəfindən zəbt edildi. Azərbaycan əsgərləri bu əməliyyatda iştirak edən 60-a yaxın erməni əsgərini mühasirəyə alaraq tərksilar etmək istəyib. Lakin bu məqamda da rus sülhməramlıları - Moskva işə qarışıb və erməni təxribatçılarını əsirlikdən xilas edib.
Noyabr ayının 14-dən 15-ə keçən gecə isə Ermənistanın Şorca kəndi istiqamətində ordumuzun Kəlbəcər rayonundakı mövqeləri müxtəlif silahlardan intensiv atəşə tutulub, nəticədə ordumuzun təminat daşıyan iki maşını zədələnib. Belə insidentlər son bir ayda çox tez-tez baş verir. Maraqlıdır, ordusunun 80 faizi darmadağın edilən Ermənistan yenidən müharibə istəyirmi?
Politoloq Qəbil Hüseyinli bu barədə bizimlə söhbətində bildirdi ki, baş verənlər bir həyacan təbilidir, çox təhlükəli proseslər gedir: "Baş verənlər onu göstərir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, hətta, meydanı yenidən qızışdırmaq fikrindədir. Onu dəstəkləyən güclər də doğru mövqedə deyillər, mən əsasən Rusiyanı nəzərdə tuturam. Azərbaycan postuna qumbara atan erməninin separatçılara təhvil verilməsi və sonradan onun Ermənistanda qəhrəman kimi qarşılanması onu göstərir ki, nə Ermənistan, nə də Rusiya sülhməramlıları beynəlxalq normalara əməl etmirlər. Özlərini yekəxana aparır və Azərbaycana düşmən mövqe sərgiləyirlər. Azərbaycanın üç hərbiçisini yaralayan caninin Ermənistana təhvil verilməsini təşkil etmək Rusiya sülhməramlılarının bərbad imicinə daha bir zərbə vurdu. Azərbaycan rus sülhməramlılarının fəaliyyəti ilə bağlı həm Rusiya qarşısında, həm də beynəlxalq səviyyədə məsələ qaldırmalıdır. Rusiya özünü sülhyaratma moderatoru adlandıraraq deyir ki, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması üçün başqa qüvvələrə ehtiyac yoxdur. Lakin Rusiya bu öhdəliyi üzərinə götürdükdən sonra təxribat və terrorçuluq bölgədə geniş vüsət alıb. Ermənilər elliklə fəallaşıb.
Azərbaycan isə rus sülhməramlılarının məsuliyyət zonasında yerləşən erməni əsgərlərinin çıxarılmasını və separatçıların tərkislah edilməsini tələb edir. Bununla bağlı Moskvadan heç bir cavab yoxdur. Bununla yanaşı, rus sülhməramlıları öz misiyasına uyğun hərəkət etmir. Məsələn, blok-posta qumbara atan caninin Ermənistana təhvil verilməsi Azərbaycana qarşı böyük bir təxribatdır. Bu o deməkdir ki, rus sülhməramlıları təxribata dəstək verir.
Hazırda Qarabağda 15 min nəfərə qədər erməni ordusunun şəxsi heyəti var. Bu 10 noyabr razılaşmasının 4-cü maddəsinin kobud şəkildə pozulmasıdır. Hadisələr təhlükəli kuliminasiya nöqtəsinə doğru irəliləməkdədir. Azərbaycan Ordusu onsuzda anti-terror təlimlərini davam etdirir, belə təxribatlara qarşı hər cür tədbirlərin görülməsinə hazırdır".
Hadisələrin inkişafı rus sülhməramlılarının yaratdığı cəzasızlıq mühiti səbəbindən 16 noyabrda eskalasiya mərhələsinə qədəm qoydu. Bir gün davam edən silahlı toqquşma nəticəsində məğlub ordu silah-sursat, canlı qüvvə və ərazi itirərək yenidən məğlubiyyətə uğradı. Amma çox təəssüflər olsun ki, Azərbaycan Ordusu da 7 şəhid verdi. Ruhları şad olsun.
Akif Nəsirli