Pulun girovluğunda qalan talantlar

Pulun girovluğunda qalan talantlar
 

Ən önəmli məsələ şou-biznesin inkişafıdır

 Son zamanlar mənə ünvanlanan və cavab tapa bilmədiyim suallardan biri də, Azərbaycanda nə üçün istedadlı gənclərin yetişməməsidir. Sözün açığı, bu sual məni də çox düşündürür, amma və ancaq...

 Əslində, Azərbaycan dünya miqyasında tanınan sənətkarlar, aktyorlar, alimlər və digər peşə sahibləri olan bir ölkə olmalıydı. Çünki, bu gün dünyanın ən tanınmış muzeylərində belə, Azərbaycan sənətkarlarının əl işləri nümayiş olunur. Azərbaycan sənətkarlarının dulusçuluq, misgərlik, xalçaçılıq, gön-dəri nümünələri bu gün də böyük maraqla qarşılanır.

Hazırda maraqlar bir qədər dəyişib, insanlar müasir dövrə uyğun sənət nümunələri yaratmağa, yaxud da keçmişdən qalan antik əşyaların bərpasına ciddi maraq göstərirlər. Kompüter proqramları, uçuş aparatları, avtomobillər və s. gəncləri daha çox cəlb edir.

Bu yazını yazmağa məni vadar edən də, ölkəmizdə bu sahəyə maraq göstərən insanlara qarşı sərgilənən biganəlikdir. Bu biganəliyin qurbanı olan və hazırda Rusiya Federasiyasında yaşayan Roman Ulubekovla söhbətim də, məhz bu barədə oldu: "Mənim oğlum çox gözəl avtomobil modelləri yaradırdı və bu sahəyə böyük marağı var idi. Bütün gününü kompüter arxasında keçirir, müxtəlif avtomobil modelləri yaradırdı. Amma Azərbaycanda həmin ideyaları gerçəkləşdirmək şansımız yox idi. Bir misal deyim sizə,

mənim xarab bir maşınım var idi. Oğlum onu öz bildiyi kimi bərpa (restavrasiya) edib küçəyə çıxan kimi, yol polisi əlindən alıb, aparıb cərimə meydançasına, oradan onu zorla aldıq. Oğlum da çox məyus oldu. Hara müraciət etdimsə, heç bir nəticəsi olmadı və anladım ki, bu ölkəyə talantlar lazım deyil. Köçüb Rusiyaya getmək qərarına gəldik. Hazırda oğlum avtozavodların birində çalışır. Ancaq açığını deyim ki, onun burada qalıb işləməsini daha çox istərdim".

Belə bir əhvalat illər oncə də baş vermişdi. Yasamal rayonunda yaşayan Ziya Kərimov adlı şəxs, qeyri-adi bir avtomobil düzəltmişdi. Politexnik institutundan (hazırda Texniki universitet) rəy də almışdı. Amma Baş Dövlət Yol Polisi İdarəsi hər dəfə bir bəhanə gətirərək, avtomobilin qeydiyyata alınmasından imtina etmişdi. Həmin avtomobil indi də Yasamaq qəbiristanlığının yaxınlığındakı bir həyətdə çürüməkdədir. Ziya müəllim də, bu münasibətdən sonra bir daha belə ideyaların gerçəkləşdirilməsi üçün vaxtını boşa xərcləməkdən əl çəkmişdi. Sonra da deyirlər ki, Azərbaycanda talantlı insanlar yoxdur, hamısı alverçidir. İndi isə deyirlər hamısı rüşvətxordur. Bizi alverçi, rüşvətxor edən elə özümüz deyilikmi, millət!

Həmin avtomobil həvəskarının, hələ o dövrdə avtomobili qeydiyyata alınsaydı, onu daha yeni ideyalara ruhlandırardı. Bugün də Azərbaycan hardansa ehtiyat hissələri gətirərək avtomobil istehsal etmək zorunda qalmaz, öz avtomobili olardı.

Sovet dönəmində "Bacarıqlı əllər" dərnəkləri var idi. Uşaqlar hələ kiçik yaşlarından həmin dərnəklərə böyük maraq göstərərdilər. Bu gün isə belə işlərə heç kim maraq göstərmir. Çünki bütün maraqlar, təşəbbüslər pula çevrilib. Azərbaycan cəmiyyətinin bütün sahələrində ciddi aşınma gedir. Hər bir problemin arxasından pul adlanan bir maneə çıxır. Talantlı, lakin imkansız insanların öz ideyalarını gerçəkləşdirmək imkanları yoxdur. Dövlət bu məsələyə xüsusi diqqət ayırmalıdır. İstər elmdə, istər idmanda, istər kinoda və incəsənətin başqa qollarında ortaya çıxan uğursuzluqların başında, məhz pul və biganəlik dayanır.

Az-çox bacarığı, qabiliyyəti, talantı olan insanların ölkəni tərk etməsinə imkan vermək olmaz. Bizdə isə ölkə tam olaraq rüşvətxorların əlində cəmləndiyindən, imkansız istedadlar ölkəni tərk etmək məcburiyyətindədirlər.

Talantları müəyyən edən yeganə meyar isə şou-biznesdir. Burada da məsələləri böyük pullar həll etsə də, nəticə özünü tez göstərdiyindən maraq da çox olur. Eyni zamanda bu sahəyə sponsorluq edənləri tapmaq daha asandır. Elmə, idmana, incəsənətə heç kim himayədarlıq etməsə də, şou-biznesin bu sahədə heç bir problemi yoxdur. Amma şou-biznesdən dövlət demək olar ki, heç nə qazanmır. Qazanan müğənnilər və sponsorlar olur.

Texnika, texnalogiyalar və digər sahələr heç kimin yadına belə düşmür. Məhz bu səbəbdən də, Azərbaycanda dünya səviyyəsinə çıxa biləcək talantlar yetişmir. Hamı müğənni olmaq istəyir.

Bir şeyi də yaddan çıxarmaq olmaz ki, Azərbaycan təkcə, paytaxt Bakıdan ibarət deyil. Talantları bölgələrdə yetişdirmək lazımdır. Bölgələrdə elə şərait yaradılmalıdır ki, insan özünütəsdiq üçün paytaxta, yaxud da əcnəbi dövlətlərə qaçmasın. Gənclərin, yeniyetmələrin təşəbbüslərinə çox böyük həssaslıqla yanaşmaq lazımdır ki, onlar həvəsdən düşməsinlər. Öz təşəbbüsü ilə hər hansı bir yeniliyə nail olan insanın əməyi layiqincə dəyərləndirilməlidir ki, o, yeni ideyaların axtarışında daha da maraqlı olsun. Bu insanların təşəbbüslərinə mane olmaq yox, əksinə stimullaşdırılması istiqamətində işlər görülməlidir.

Azərbaycan insanı hər bir şeyə qarşı dözümlü olduğu qədər də talantlıdır. Sadəcə olaraq, onu bu işlərə ruhlandırmaq lazımdır.

44 günlük Vətən Müharibəsi də, bütün dünyaya Azərbaycanın, Azərbaycan Ordusunun və heç şübhəsiz ki, Azərbaycan insanının nələrə qadir olduğunu açıq şəkildə göstərdi. Bu da heç şübhəsiz ki, Ali Baş Kamandanın öz iradəsi və əzimkarlığı ilə onlara aşıladığı ruh yüksəkliyinin nəticəsi idi. 

 Yusif Seyid

0.012622117996216