Sovet dönəmindən qalanlar

Sovet dönəmindən qalanlar
 
Onların hüquqlarını kim müdafiə etməlidir?
 
Paralel.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bəyan edib ki, Azərbaycanda əmək pensiyası alanların əksəriyyəti SSRİ dövründə çalışanlardır:»Onlar həmin dövrdə sosial sığorta haqqı ödəməyiblər». O həmçinin qeyd edib ki, «həmin şəxslərin orta hesabla 18 il əmək stajları var və həmin öhdəliklər dövlət büdcəsi hesabına ödənilir. Azərbaycanda pensiyaçıların 70 faizi minimum pensiya məbləğini yığmayıb».
S.Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin olunanda çoxları ümid edirdi ki, bu sistemdə müsbətə doğru çox şeylər dəyişə bilər. Amma tam əksinə oldu. Bu gün dünyanın ən bərbad pensiya sistemi Azərbaycanda mövcuddur ki, pensiyaçılar dilənçilərdən belə, aşağı vəziyyətdə yaşayırlar. Bunu isə heç kim etiraf etmək istəmir. Buna görə də, bunu demək məcburiyyətindəyik. S.Babayev isə bunun səbəblərini araşdırmaq əvəzinə, sovet dönəmində çalışan əməkçi insanları ittiham edir ki, onlar sosial sığorta haqqı ödəməyiblər. Əgər Əmək və Əhalinin SOSİAL MÜDAFİƏSİ naziri Sahil Babayevin sovet dönəmində çalışan əməkçi insanlara yanaşması belədirsə, onda başqalarından nə gözləyək?
Bəli ödəmədik, buna ehtiyac da yox idi. Bununla belə, dövlət əməkçi insanlara pulsuz mənzil, təhsil, müalicə almaq hüququ tanıyırdı. Pensiyaçıların 120 rubl pensiya ilə bəy balası kimi yaşamaq şansı var idi, heç kim pensiyaya çıxandan sonra da, ac qalmamaq naminə işləmək məcburiyyətində deyildi. Kommunal xərclər pensiyanın heç 5 faizini təşkil etmirdi. İnsanlar isə indiki kimi acından ölməmək üçün deyil, ruh yüksəkliyi ilə qurub, yaradırdılar ki, bu gün S .Babayev kimi dövlət məmurları onu «ata malı» kimi çapıb-talasın.
Mənim özümün 20 il sovet, 30 il də müstəqillik dövründə çalışmaqla aldığım pensiyam nədir ki, S.Babayev onu mənə irad tutur.  
Əksinə, Sahil Babayev Əmək və Əhalinin SOSİAL MÜDAFİƏSİ naziri olaraq, hökumət qiymətləri Avropa standartlarına uyğun tənzimləmək qərarına gəldiyi zaman, tutarlı dəlillərlə pensiyaların da Avropa standartlarına uyğunlaşdırılmasını tələb etməli idi. Avropada pensiyaçı əmək pensiyasına çıxdığı zaman, onun bank hesabına yığılan ehtiyat vəsait yüzminlərlə ölçülür. Azərbaycanda isə pensiyaçılara verilən cüzi məbləğ də, kommunal xərc adı ilə əlindən alınır.
Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında, məhz bunlardan danışmalı idi. Danışa bilmirsə, susması daha yaxşı olardı. 

Yusif Seyid
0.015345096588135