(əvvəli ötən sayımızda)
IV yazı
Siracəddin Hacı yazır:
Bəqərə surəsinin nüzul ortamı, mövzu və mesajları
Bəqərə surəsinin mövzularını qısa (özət) olaraq belə sıralaya bilərik:
- İslam dininin inanc sistemi (etiqad);
- möminlər, kafirlər, münafiqlər;
- səmimiyyət;
- ixlas (şirksiz iman);
- ibadət və həyat nizamı ilə bağlı bilgilər;
- nübüvvət (elçilik qurumu);
- İsrail oğullarının dünyəviləşməsi;
- uca Allahın varlıq və birliyinin dəlilləri;
- insanın yaradılışı;
- insanın qabiliyyəti;
- insanın imtahanı;
- Qurani-Kərimin vəhylərin zirvəsi olması, öncəki ilahi kitabları əhatə və təsdiq etməsi;
- hz.İbrahimin qissəsi;
- Kəbənin yenidən tikilməsi;
- qiblə;
- yeyəcəklər (halal və haramlar);
- qisas;
- vəsiyyət;
- oruc;
- savaş;
- həcc;
- nikah;
- boşanma;
- dulluq;
- yetimlik;
- şərab;
- qumar;
- faiz;
- əqdlərin yazılması;
- din və vicdan hürriyyəti;
- uca Allah ilə qulun əlaqəsi;
- imanın şərtləri;
- dualar;
VI
AYƏLƏRİN ANLAMI
BİRİNCİ AYƏNİN ANLAMI
الم
ƏLİF-LAM-MİM
1) Muqatta hərflər
Bəqərə surəsinin ilk ayəsi muqatta hərflərdir: əlif-lam-mim. “Muqatta” sözünün mənası “kəsik-kəsik oxunan”, “bir-bir oxunan”dır, yəni hərflər bir-birinə bitişdirilmədən, hər biri ayrı-ayrı oxunur. Məsələn, ayə “ələm” biçimində deyil, hər hərf ayrı: əlif-lam-mim kimi oxunmalıdır.
Muqatta hərflərə “fəvatih” (“başladanlar”), ya da “təhəcci” (“heca hərfləri”) hərflər də deyilmişdir. Rəsmi sıralamada muqatta hərfləri ilə başlayan ilk surə Bəqərədir. Nüzul (eniş) sıralamasında muqatta hərflərlə başlayan ilk surə isə Qələmdir.
Qurani-Kərimdə iyirmi doqquz surə muqatta hərlərlə başlayır. Taha və Yasin surələrinin ilk ayəsi olan ta-ha, ya-sin hərflərinin muqatta hərflər olub-olmaması ilə bağlı fikir ayrılığı var: bir sıra alimlər bunlar muqatta hərfləridir deyir, bir çox alimlər də bunların Allah Rəsuluna müraciət biçimləri olduğunu önə çıxarırlar.
Muqatta hərflərlə başlayan surələrin sayı ərəb əlifbasındakı hərflərin sayı ilə eynidir. Muqatta hərflərdə ərəb əlifbasındakı on dörd hərfdən, on dörd fərqli biçimdə istifadə olunmuşdur. Muqatta hərflərin sayı bir ilə beş arasında dəyişir: ən azı bir hərf, ən çoxu beş hərfdir. Ərəb dilindəki sözlər də bir ilə beş hərf arası dəyişir. Bir hərf olan muqatta hərf: kaf, iki hərfli muqatta: ha-mim, üç hərfli muqatta: əlif-lam-mim, dörd hərfli muqatta: əlif-lam-mim-sad, beş hərfli muqatta: kaf-ha-ya-ayn-sad.
2) Muqatta hərflərin mənası ilə bağlı görüşlər
Muqatta hərflərlə başlayan surələr Məkkidir (Məkkədə nazil olmuşdur). İki surə istisnadır: Bəqərə, Ali-İmran, onlar Mədinədə nazil olmuşdur. Məkki surələrin məqsədi müşrikləri vəhyi və peyğəmbərliyi qəbul etməyə yönəltmək, Mədinədə nazil olan Bəqərə və Ali-İmran surələrinin məqsədi də əhli-kitabla gözəl mücadilə etməyi öyrətməkdir. Surələrin başındakı muqatta hərflər endirilən sözün böyüklük və önəminə diqqət çəkir.
Muqatta hərflərlə bağlı Allah Rəsulundan hər hansı bir açıqlama gəlməmişdir. Səhabələrin Allah Rəsuluna bu hərflərlə bağlı sual verdiyi də bilinmir. Kimsənin bu hərflərlə bağlı etirazı da olmamışdır. Allah Rəsulunun bu hərflərlə bağlı açıqlamasının olmaması çoxsaylı şərhlərə yol açmışdır. Bu gün muqatta hərflərlə bağlı qırxdan çox görüş var. Bir sıra alimlər deyirlər ki, bu hərflərlə bağlı Allah Rəsulunun izahının olmamasının səbəbi o dövrdə insanların muqatta hərflərinin mənasını, vəzifəsini bilmələri idi. Belə ki, cahiliyyə ərəb ədəbiyyatında muqatta hərflərdən istifadə olunurdu. Şairlər bu hərflərlə diqqəti veriləcək mesaja yönəldirdilər. Bununla birgə, ərəblər danışıq zamanı söz yerinə hərflərdən istifadə edirdilər, məsələn, pula “ayn”, buluda “ğayn”, balığa “nun”, dağa “qaf” deyirdilər.
Muqatta hərflərlə bağlı önəmli görüşləri belə sıralaya bilərik:
- Bəqərə surəsinin əvvəlindəki əlif-lam-mim müstəqil bir ayədir;
- muqatta hərflərin mənasını ancaq uca Allah bilir. Hz.Əbu Bəkirin belə dediyi rəvayət olunur: “Hər kitabın bir sirri var. Qurani-Kərimin sirri də muqatta hərflərdir”. Qurani-Kərimin belə bir sirri olmasının hikməti nədir sualına da bu cavab verilmişdir: “Mənasını bilməsən də, bunların uca Allahdan gəldiyinə iman et...”.
- Sabi bu hərflərlə bağlı demişdir ki, bunlar uca Allahın sirridir. O sirrin ardınca getməyin. Abdullah ibn Abbasın muqatta hərflərlə bağlı görüşü budur: “Alimlər bu hərflərin mənasını anlamaqda acizdirlər”.
- bu hərflər mütəşabih ayələrdir. Hüseyn ibn əl-Fadl deyir ki, bunlar mütəşabihdəndir;
- uca Allahın kitabında insanların anlamayacağı söz olmaz. O, kitabı anlaşılması üçün nazil etmişdir, deməli, bu hərflərin anlamını tapmaq mümkündür;
- bu hərflər surələrin adlarıdır;
- bu hərflər uca Allahın isimləridir;
- bunlar uca Allahın adlarının bir parçasıdır;
- bu hərflərdən hər biri uca Allahın ad və sifətlərinin birini göstərir. İbn Abbas belə deyir: Əlif-lam-mim bu anlamı daşıyır: “Əlif” uca Allahın əl-Əhəd, əl-Əvvəl, əl-Axir, Əzəli və Əbədi olduğuna, “lam” Onun əl-Lətif, “mim” də əl-Məlik, əl-Məcid, əl-Mənnan adlarına işarə edir. O, kaf-ha-ya-ayn-sad hərflərini də belə mənalandırmışdır: Kaf – O, kafidir, yardım edər, Ha - hidayət verər, doğru yola yönəldər, Ya – O, əl-Hakimdir, Ayn – O, alimdir, Sad – O, sadiqdir;
- bu hərflərin bir qismi uca Allahın zatına, bir qismi də sifətlərinə işarə edir;
- bu hərflərin hər biri uca Allahın feil və sifətlərinə dəlalət edir;
- uca Allahın ismi-əzəmi bu hərflərin içindədir;
- Bəqərə surəsinin başındakı əlif-lam-mim hərfləri: Əlif – uca Allahın nemətinə, Lam – lütfünə, Mim – mülkünə işarə edir;
- Əlif – Allaha, Lam – Cəbrailə, Mim – Məhəmmədə işarə edir: Allah kitabı Cəbrail dili ilə Məhəmmədə endirdi;
- Əlif – lam – mim = Mən Allaham, ən doğru Mən bilirəm!;
- bu hərflər Qurani-Kərimin adlarının simvollarıdır;
- bu hərflər kafirləri susdurmaq üçündür, belə ki, Allah Rəsulu onlara Qurani-Kərimin bənzərini, onun kimi on surə, ya da bir surə gətirmələrini söyləyərək meydan oxudu, kafirlər qarşılıq verə bilmədilər. Uca Allah bu hərfləri endirərək onlara demək istədi ki, Qurani-Kərimin sözləri hərflərdən ibarətdir, o hərfləri siz də bilirsiniz, ancaq siz o hərflərlə Qurani-Kərimin sözünə bənzər sözlər yaza bilməzsiniz, Qurani-Kərim insan sözü deyil, uca Allahın sözüdür;
- bu hərflər bir sözün bitib, yeni bir sözün başladığını göstərir. Ərəblər bir söz bitib, yeni bir söz başlayanda diqqəti çəkmək üçün yeni sözün əvvəlinə belə hərflər yazırdılar;
- bu hərflər bəzi hadisələrə işarə edir;
- bu hərflər mələklərin adlarıdır;
- əlif – şəriət, lam – təriqət, mim – həqiqətdir;
- bu hərflər and içmədir, Əhşəf deyir ki, uca Allah şərəf və fəzilətlərinə görə bu hərflərə and içmişdir. Belə ki, bütün nazil olan vəhylər bu hərflərin ifadə etdiyi sözlərdən ibarətdir;
- bu hərflər Allah Rəsulunun və kitabı dinləyənlərin diqqətini çəkmək üçündür;
- bu hərflər Qurani-Kərimin möcüzə olduğunu göstərir;
- insanın acizliyinə işarə edir, yəni bu hərfləri siz bilsəniz də, Qurani-Kərim kimi kitab ortaya qoya bilməzsiniz;
- müəyyən hadisələrin vaxtına işarə edir;
- bu hərflərdən sonra çox zaman ya Qurani-Kərimi tanıdan ayə gəlir, ya Qurani-Kərimin ilahi kəlam olduğu vurğulanır, ya da Qurani-Kərimlə meydan oxunur;
- bu hərflər dolayı anlatma biçimidir;
- Qurani-Kərimin icazı ilə bağlıdır;
- xəbərdar edir, kimləri xəbərdar edir: müşrikləri, Allah Rəsulunu – vəhyə hazır ol;
- əhli-beyt alimləri muqatta hərflərin gizli məna daşıyan simvollar olduğunu önə çıxarırlar;
- bu hərflərin mənadan çox, vəzifəsi var. Bu hərflər onu göstərir ki, Allah Rəsulu vəhyi bir hərfinə toxunmadan insanlara çatdırmışdır. Vəhy uca Allahın kəlamıdır;
- hərflər simvollardır, aid olduqları surələrin ayrılmaz parçalarıdır;
- bu hərflərin anlamları onlardan sonra gələn ayə ilə açıqlanmışdır, məsələn, əlif-lam-mim ayəsindən sonra “bu kitab” ifadəsi gəlir, “bu kitab” ifadəsi əlif-lam-mim ayəsinin açıqlamasıdır. Bu qayda ilə: əlif-lam-mim = “Allah Ondan başqa ilah olmayan varlıqdır”. Əlif-lam-mim-sad = “Bu, sənə endirilən kitabdır”. Əlif-lam-ra = “Bu kitab...”. Əlif-lam-mim = “Bunlar hikmət dolu kitabın ayələridir”.
- muqatta hərflərin anlamı nədir? Uca Allah bilir. İşi nədir? Diqqəti vəhyə yönəldir, meydan oxuyur;
- mütəşabih deyil (bu daha çox kəlamçıların görüşüdür);
- bu hərflərdən hər biri uca Allahın feillərindən birinə dəlalət edir;
- bunlar uca Allahın zatını öyməyə vəsilə qıldığı hərflərdir;
- əlif-lam-mim, yəni bu kitab sizə endi, sizə qonaq oldu;
- bu hərflər surələrin girişidir;
3) Muqatta hərflərin əbcəd hesabı ilə əlaqəsi varmı?
Əbcəd hesabı əlifba hərflərinə rəqəmlər aid edərək qeybi bilgiləri öyrənmək cəhdidir. Uydurmadır, heç bir elmi əsası yoxdur. Qurani-Kərim buyurur ki, qeybi ancaq Allah bilər.
Hərf və rəqəmlərin bir sıra gizli anlamlar daşıdığı inancı yəhudilər, xristianlar, çinlilər, misirlilər... arasında geniş yayılmışdı...
Əbcəd sistemi yəhudilərin ibrani əlifbasındakı hərflərə anlamlar yükləyərək uydurduqları bir hesabdır. Bu uydurma hesab batini cərəyanlar vasitəsi ilə müsəlmanlar arasında da yayılmışdır (məsələn, hurufilik bu cərəyanlardan biridir).
Qurani-Kərimdəki muqatta hərflərlə əbcəd hesabı arasında heç bir əlaqə yoxdur. Qurani-Kərim şifrəli kitab deyil, uca Allahın buyurduğu kimi, mübin (açıq, açıqlayıcı) kitabdır, insanların oxuması, anlaması, dəyərlərini həyata daşıması üçündür. Uca Allah insanla şifrə (gizli) ilə danışmaz, açıq danışar, insanların Onu doğru anlamasını, tanımasını, bilməsini istəyər.
Qurani-Kərim bizə bu həqiqəti öyrədir: qeybi öyrənməklə bağlı atılan hər addım yanlışdır, deyilən hər bəşər sözü yalandır, hər iddia uydurmadır, insanları aldatmaq, istismar etmək, kölələşdirmək məqsədi daşıyır. Qeybi bilən bir varlıq var, O da uca Allahdır. Qeyb bilginin deyil, imanın mövzusudur.
İKİNCİ AYƏNİN ANLAMI
ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى
لِّلْمُتَّقِينَ
“Haqqında heç bir şübhəyə yer olmayan bir ilahi kəlam (kitab) təqva sahibləri üçün bir hidayət rəhbəridir”
1) “Bu kitab...”
Bəqərə surəsinin ikinci ayəsində üç cümlə (bölmə) var:
a) “bu kitab...”
b) “onda heç bir şübhə yoxdur”
c) “təqva sahibləri üçün hidayətdir”
Qurani-Kərim surələrinin rəsmi sıralamasında Fatihədən sonra Bəqərə gəlir. Bunun səbəbi var, belə ki, biz Fatihə surəsində uca Allaha dua edirik: “... Bizi nemət verdiklərinin (nəbilərin, şəhidlərin, sadiqlərin, saleh əməli olanların) yolu olan sirati-müstəqimə (dosdoğru yola) yönəlt!”
Duamız davam edir, uca Allahın bizi qəzəbə düçar olmuşların və azmışların yolundan uzaq tutmasını (qorumasını) istəyirik.
Bəqərə surəsi Fatihədən sonra gəlir, “bu kitab...” deyərək bizim dualarımıza cavab verir:
- siz uca Allahdan doğru yol istəyirdiniz, məhz bu kitab (Qurani-Kərim) sizə doğru yolu göstərir, Onu oxuyun, anlayın, dəyərlərini həyatınıza daşıyın (Onun buyurduğu kimi yaşayın) ki, doğru yola (hidayətə) qovuşasınız;
- uca Allahdan sizi qəzəbə düçar olmuşların yolundan uzaq tutmasını istəyirdiniz (Fatihədə). O, sizə yol göstərir, “bu kitab” buyurur, Ona iman edin, Ona təslim olun ki, O da sizi qorusun;
- uca Allahdan sizi azmışların yolundan uzaq tutmasını istəyirdiniz (Fatihədə). O, sizin duanızı qəbul etdi, bu kitabı (Qurani-Kərimi) nazil etdi, O, uca Allahın qırılmaz ipidir, Ona sımsıx sarılın ki, doğru yoldan azmayasınız;
- deyə bilərik ki, Bəqərə surəsi Fatihənin təfsiridir;
- bu doğru bir ölçüdür ki, Bəqərə Qurani-Kərimin icmalıdır;
Ardı var...
Paralel.az