Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları
ıı yazı
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Bu yazı 2011-ci ilin noyabrın 19-da qurulmuş Bütöv Azərbaycan Ocaqlarının (BAO) on illik yubileyinə ərmağan olunur.
Məlum olduğu kimi, bir neçə il bundan öncə, irançı-şiəçi “mollalar” Türksoylu millət vəkillərinin təmsil olunduğu fraksiyanın yaradılmasına icazə verməsinin ardınca, Azərbaycanda 6 illik ibtidai təhsil üçün Ana dili dərsliyi hazırlanması haqqında qərar da qəbul etdi. Farsların öncüllüyündəki sözdə demokratik “İrançılar”la, sözdə dinçi-şiəçi “mollalar” Türk dövlətini qanunsuz olaraq qəsb etdikllərini yaxşı bilirlər, bunu yaxşı bildikləri üçün də müxtəlif metodlar işə salaraq bu addımları atdılar. Vaxtilə irançı-şiəçi “mollalar” bu qanunsuzluqlarını Əhəmənilər və Sasanilərdən qalma dövlətçilikləriylə, bu coğrafiyada onlardan əvvəl və sonra mövcud olmuş Türk dövlətçiliyini ört-basdır etmək istəsələr də, bu çox da uğurlu alınmayıb. Onlar yaxşı bilirlər ki, Avroplıların da yardımıyla ortaya qoyduqları bu cür aldatmacalar, quramalar müvəqqətidir və Türkün varlığı gec-tez onların saxta “İran-İslam” adlı qurama dövlətçiliyini məhv edəcəkdir. Ona görə də şiəçi-irançı “mollalar” ikibaşlı oyun oynayırlar. Belə ki, qanunsuz olaraq “hakim” qüvvəyə çevrildikləri gündən (1925) üzü bəri bir tərəfdən Türklərin, o cümlədən Azərbaycan türklərinin milli varlığına fasiləsiz olaraq qəsd edir, yəni onun dilini, mədəniyyətini, əxlaqını, həyat tərzini aşağılayırlar. Buna paralel olaraq da Azərbaycan türklərinin “İran-fars” kökənli olması təbliğatını aparır, ortaq yurd və ortaq kimlik anlamında “İran”, “İranlı”, “İran mədəniyyəti” kimliyini üst səviyyəyə qaldır-mağa çalışırlar. Digər tərəfdən şiəçi-irançı “mollalar” din amilindən yararlanaraq Azərbaycan türklərinin müsəlman kimliyini qanunsuz ağalıqları yolunda bir oyun halına salmışlar. Bir sözlə, şiəçi-irançı “mollalar” hər iki amildən istifadə edərək qanusuz ələ keçirdikləri Türk dövlətinin yenidən əsil sahiblərinə qayıtmamasına çalışırlar.
Bu anlamda şiəçi-irançı “mollalar”ın son zamanlarda Türklərin, o cümlədən Azərbaycan türklərinin xeyrinə atdığı kimi görünən addımlara çox həssas yanaşmalıdır. Qacarlardan qəsb olunmuş Parlamentdə əsasən Türksoylu millət vəkillərinin təmsil olunduğu fraksiyanın yaradılması, eyni zamanda Azərbaycanda 6 illik ibtidai təhsil üçün Ana dili dərsliyinin hazırlanması müsbət amillər olsalar da, bunu böyük bir uğur hesab edib şişirtmək də, eləcə də “mollalar”ın oyunu sanıb tamamilə gözardı etmək də doğru deyildir. Doğrudur, bu gün Qacarlar dövlətində qanunsuz olaraq oturan “irançı-şiəçi” qılıqlı “mollalar”ın qismən də olsa, bu addımları atmaqla Türk varlığıyla razılaşmalı olmaları ən azı 1925-ci ildən indiyə qədər apardıqları antitürk ideologiyasının az-çox uğursuzluğunu ortaya qoyur. Ancaq Qacarlar-Türk Parlamentini “İran-Fars Parlamentinə” çevirərək biz türklərə Türk Fraksiyasını “bəxş” edənlərə, eləcə də avropalıların əliylə yağmaladıqları Türk dövlətinin yerində qurduqları qanunsuz “hakimiyyətləri” dönəmində Ana dili-Türk dilinin aradan qaldırıb indi bu yöndə hansısa kiçik bir güzəştə gedənlərə haqq etdikləri yerlərini göstərənə qədər əsas hədəfimizdən uzaqlaşmamalıyıq. Çünki irançı-şiəçi “mollalar” bu addımları atmağa məcbur olsalar da, ancaq onların da özlərinə görə müəyyən planları var. Şübhəsiz, “irançı-şiəçi” qılıqlı “mollalar” bu addımları atmaqla Azərbaycan Türklərini əsas hədəfdən yayındırmaq, bununla da qanunsuz ağalıqlarını sürdürmək məqsədi güdürlər. Bu anlamda buna oxşar digər “gözlənilməz” addımlar da atmağa davam edəcəklər. Belə bir durumda Azərbaycan türkləri daha soyuqqanlı davranaraq Qacarlar dövründə qəsb olunmuş dövlətçiliyini bərpa etməyə çalışmalıdırlar.
İrançı-şiəçi mollalar dərk etməyə başlayıblar ki, Qacarlardan qəsb etdikləri dövləti nə irançılıq, nə də şiəçiliklə saxlamaq mümkün deyildir. Azərbaycan türklərinə edilən son “güzəştlər”in arxasında irançılıqla farsçı şiəçiliyin çöküşü kimi acı həqiqət dayanır. Bu “güzəşt”lər qanunsuz irançı-şiəşi “molla” ağalığının ciddi siqnallarıdır. Bu “güzəştlər” o deməkdir ki, “şiəşçi-irançı mollalar” Azər-baycanla, Azərbaycan türkləriylə bir yerdə, bir dövlətdə yaşamaq istəyirlərsə, ya vaxtilə ingilislərin, almanların daha sonra amerikanların oyununa gəldiklərini açıqca ortaya qoyub qanunsuz sahibləndikləri dövləti öz yiyələrinə geri verməli, ya da ölkənin ən azından iki hissəyə bölünməsinə razı olub yalnız Farsistanda və ətrafında ağalıqlarına davam etməlidirlər.
Hazırda 1990-cı illərin başlarında “Sovet Azərbaycanı”nın SSRİ-nin tərkibindən çıxaraq müstəqilliyini bərpa etməsi, eyni zamanda ilk dövrlərdə əsasən, daha sonra qismən Türk ruhunu ifadə etməsi “İran Azərbaycanı”nda geniş əks-səda doğurmuşdur. Belə ki, “İran Azərbaycanı” kəliməsindəki “İran” kimliyinə və vətəninə etiraz olaraq Azərbaycanın güne-yində yaşayan soydaşlarımız iki vacib şüar irəli sürməkdədirlər: 1) “Haray, haray mən Türkəm!”; 2) “Azərbaycan var olsun, istəməyən kor olsun!” ya da “Azərbaycan İran deyildir!”. Gördüyümüz kimi, hər iki şüar birmənalı şəkildə “İranlı” ya da onun kiçik forması olan “azəri” milli kimliyinə, eyni zamanda “İran” adlı vətən-ölkə kimliyinə qarşı ortaya atılmışdır. “İranlı-azəri” etnik, “İran” vətən-ölkə kimliyinə qarşı isə dəqiq şəkildə Türk etnik kimliyilə Azərbaycan vətəni kimliyi qoyulur. Çünki “Mən Azərbaycanam”, “Mən Türkəm” ikiliyi vətən və millət ya da millət və vətən anlayışlarının milli düşüncədə daşlaşması, monolitləşməsidir. Deməli, Güney Azərbaycan türklərinin əsas yolu Güney Azərbaycanın vətən və milli kimlik baxımdan “İran”a bağlı olmadığını isbat etmək, bu anlamda “İran Azərbaycanı” anlayışının yerinə də “Türk-Turan Azərbaycanı” düşüncəsini formalaşdırmaqdır. Bizcə, son zamanlarda bu yolda Güney Azərbaycan Türk aydınlarından Səhənd, M.Zehtabi, Əli Təbrizli, Həmid Nitqi, Qulamrza Səbri Təbrizi, Cavad Heyət, Həsən Dəmirçi, Səid Muğanlı, Abbas Lisani, Lətif Həsənli və başqaları böyük əmək sərf ediblər.
Bütöv Azərbaycan ideyası ilə vaxtilə ən fəal təşkilatlardan biri 1997-ci ildə ABŞ-ın Los- Angeles şəhərində təsis olunmuş Dünya Azərbaycanlıları Konqresi (DAK) olmuşdur. Səadət Kərimi yazır: “DAK bütün Azərbaycan Türklərinin səsini dünya ictimai rəyinə duyurmaq, Dağlıq Qarabağın işğalı, Xocalı soyqırımı, İrandakı Azərbaycan Türklərinin haqları kimi məsələlər çözüm tapmaq məqsədilə oluşturulan bir qurum və dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq bir təşkilatdır. 2005-ci ildə təşkilat parçalandı və DAK adlı iki qurum fəaliyyət göstərməyə başladı. Onlardan birinə Cavad Derəxti, digərinə Məhəmmədrza Xeşti rəhbərlik edirdi. Sonradan Məhəmmədrza Xeştinin rəhbərlik etdiyi DAK öz adını dəyişərək Demokratik DAK (DDAK) adlandırdı”.
Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolu ilə bağlı vaxtilə Azərbaycan Xalq Cəbhəsinin lideri olmuş, Azərbaycan Respublikasının eks-Prezidenti Əbülfəz Elçibəyin başçılığı ilə 1997-ci ildə əsası qoyulmuş Bütöv Azərbaycan Birliyi (BAB), 1998-ci ilin noyabrında isə rəsmən təsis edilmişdi. BAB-ın 2000-ci ildə qəbul olunmuş Məramnaməsinin giriş hissəsinin “Təbii haqlarımız” bölməsində qeyd olunur ki, dünyadakı 50 milyonluq Azərbaycan türkü müstəqil Bütöv Azərbaycan dövlətini qurub öz-özünü idarə etmək və öz müqəddəratını özü təyin etmək hüququna malikdir. Məramnamədə “Bütöv Azərbaycan anlayışımız” adlanan birinci bölümündə başlıca hədəflər, mərhələlər, görüşlər, prinsiplər və vəzifələr göstərilir. Məramnamədə Müstəqil, Bütöv və Demokratik Azərbaycan BAB-ın başlıca hədəfləri kimi qəbul edilir. Bu hədəflərə çatmaq üçün isə üç strateji mərhələ – hazırlıq, müstəqillik, bütövləşmə mərhələləri müəyyən edilmişdir.
Aydın Qasımlıya görə, Güney Azərbaycan Milli Hərəkatını yönləndirmək məqsədi ilə Elçibəy və Arif Kəskin bəy tərəfindən işlənib hazırlanan və tərəfdarları tərəfindən dəstəklənən bir nəzəri proje olan BAB və Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemi və Milli Birlik Şurasının Təşəbbüs Qrupu Güney Azərbaycanın qurtuluşu yolunda “biz kimik?, niyə bu günə qalmışıq?, nə etməliyik?, hardan başlamalıyıq?, nəyi əsas götürməliyik?, hara gedirik?, əsas problemlərimiz nədir?, qurtuluşumuz hardadır?” və s. bu kimi fundamental suallara cavab axtarmağı və bu suallara bu və ya digər dərəcədə cavab verməyi özünə hədəf seçmişdir. Bütöv Azərbaycan və Azərbaycan Mərkəzli Türk Düşüncə Sisteminin yaradıcıları və tərəfdarları Güney Azərbaycan Türklərini Azərbaycan coğrafi məkanı ətrafında birləşdirməyi, onlara milli istiqlalı əldə etmək üçün çətin olan doğru yolu göstərməyi, nəyi qorumaq lazım olduğunu, dostu və düşməni tanımağı, millətlər arasında öz yerini müəyyənləşdirməyi və ən başlıcası nə istəmələrini qarşısına məqsəd qoymuşdur.
Paralel.az