Hüzünlü hüzünsüzlər

Hüzünlü hüzünsüzlər
 

" güman eyləmisən ondakı tilsimləri sən,
Kürü ahıyla "qurutdu", salı "yandırdı" muğam"
Bəxtiyar Vahabzadə

İki gün əvvəl Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində (hərçənd ki, bir sıra tarixçilər iddia edir ki, bu üçüncü Qarabağ müharibəsidir) qazanılan qələbəni, Zəfər Gününün-Şuşanın düşməndən azad edildiyi günün ildönümünü qeyd etdi. Bu Azərbaycan tarixinin ən parlaq şanlı səhifələrindən biridir. Zaman keçdikcə, bu tarixi hadisənin əhəmiyyəti daha çox duyulacaq. Çünki bir tərəfdən bu tarixi hadisənin bəhrəsini xalqımız tamlığı ilə yaşaya bilmir, şəhidlərimiz yarımcan olan minlərlə qazımız var. Şəhid qazilərimiz üçün bu hadisə qədər əhəmiyyətli sevindirici olsa da, bu ailələrin dərdi var - oğul-övlad itkisi, sağlamlıq itkisi... Digər tərəfdən isə biz bir xalq olaraq bu qələbənin yalnız mənəvi dadını duymuşuq. Lakin bu qələbə yalnız mənəvi rahatlıq, vicdan sakitliyi deyil, Azərbaycan xalqına həm maddi, iqtisadi divident gətirməlidir.

Bütün qeyd edilənləri nəzərə alsaq, bu baxımdan biz xalq olaraq hələ Zəfər Günün bayramının layiqli formatını müəyyənləşdirə bilməmişik. Fikrimizcə, biz bu bayram günündə diqqəti musiqi, şənlik avtomobil karvanlarının şousu ilə çəkməməliyik. Birincisi, bu, yuxarıda qeyd etdiyimiz itki vermiş ailələrdə xüsusi qıcıq yaradır. Hansı səbəbdən olur-olsun, valideyin gənc övladını itiribsə, onu heç ilə ovundurmaq, ruhuna su səpmək, sakitləşdirmək mümkün deyil. Bunu, yalnız zaman edə bilər. Bəli, zaman keçdikcə yaralar qaysaqlayacaq sağalacaq. Şəhidin övladı, qardaşı daha kimlər onun yerini tutacaq. Yalnız onda biz bu bayramı musiqili şoularla, atəşfəşanlıqla s. bu kimi əlamətlərin müşaiyəti ilə keçirə bilərik.

Bu bayram birmənalı olmamalıdır, onun tərtibatında keçirilməsində bir hüzün duyulmalıdır. Hər bir tədbirin başında şəhidlərin anımı onların valideyinlərinin iştirakı olmalıdır. Şəhid ailəsinin qarşısında isə çalıb-oynamaq, musiqi avtomobil karvanı şousu göstərmək sadəcə ayıbdır. Zəfər Gününün indiki formada keçirilməsi, heç xalqın içindən gəlmir. Çünki hər bir ailənin kimisə ya şəhid, ya da qazı olub. Bu cür dərdi olan, ağlı başında insan belə qısa zamanda nümayişkəranə şoulara inteqrasiya oluna bilməz. Builki Zəfər Gününün formatını hökumət müəyyənləşdirib. Konsertlər, müxtəlif şoular avtomobil karvanı şoularınin heç biri cəmiyyətin təşəbbüsü ilə həyata keçirilməyib. Bu tədbirlərin hamısı icra hakimiyyəti strukturlarının təşəbbüsü maliyyələşdirilməsi ilə həyata keçirilib. Bu bəlkə , belə olmalıdı, o tədbirləri icra hakimiyyəti, yəni hakimiyyət strukturları həyata keçirməlidir. Amma bu işlərin təşkili üçün cəmiyyətdən sosial sifariş gəlməlidir, bu tədbirlərə ehtiyac duyulmalıdır. Yalnız belə bir sosial sıfariş ortada olduqdan sonra hökumət fəaliyyətə keçməlidir. Bizim milyonlar xərcləyib təşkil etdiyimiz şoulara bu qələbəni bizə qazandıran şəhidin ailəsi qatılırsa, bizim şou təşkil etməyə haqqımız var?! Bir tərəfdə şəhid anası sızlayır, bir tərəfdə qazı dolana bilmir, digər tərəfdə biz janqlyorluq edirik, konsert veririk, şou göstəririk. Bu biyabırçı bir təzad yaradır.

Azərbaycan xalqının belə itkilər verdiyi birinci dəfə deyil, tariximizdə belə hüzünlü qələbələrimiz çox olub, bunu tarixdən azca anlayışı olanlar yaxşı bilir. Azərbaycan xalqının hüzünlü klassik musiqisi - muğam, məhz bizim hüzünlü günlərimizi ifadə edərək yaranıb.

Hərbi xidmətdə olarkən, bir gün hərbi sıra ("stroy") ilə hərəkət zamanı kənardan Azərbaycanın Xalq Artisti Arif Babayevin ifasında "Segah" səsi gəldi. Hərbi rəhbərimiz olan kapitan Kulikovdan xahiş etdim ki, hərəkəti dayandırıb bu musiqini dinləyək. Kapitan Kulikov xahişimi qəbul edib manqanın hərəkətini bir neçə dəqiqə dayandırdı. Musiqini dinlədikdən sonra isə yolumuza davam etdik. Həmin vaxt kapitan Kulikov mənə belə bir sual verdi ki, bu musiqi nədən belə qəm-qussəlidir? O zaman mən bu suala dolğun cavab verə bilmədim. Bir tərəfdən rus dili bilgim muğamı təhlil edəcək ifadə vasitələrinə malik deyildi, digər tərəfdən isə mən özüm bilmirdim ki, Azərbaycan xalqının klassik musiqiləri nədən belə qəm-qussəlidir. Cavabım belə oldu ki, bilmirəm, amma mənim musiqi zövqüm muğamla formalaşıb, ona görə muğamı dinləyəndə ruhum qidalanır. Amma sonralar anladım ki, Yaxın Şərqin ən böyük dövlətindən, ən kiçiyinə çevrilən Azərbaycanın klassik musiqisindəki qəm-kədər elə onun tarixi ilə bağlıdır. Muğam xalqımızın sızıltisini özündə əks edib, yaşadıb indiki nəslə çatdırıb. Məhz indiki Zəfər Gününün musiqisi , yalnız hüzünlü muğam ola bilər, hansı ki onun müşaiyətində rəqs etməyə qol qalxmır.

Sonda bir vətəndaş olaraq Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyev cənablarına xahiş etmək istəyirəm ki, Zəfər Gününün elə formatda keçirməyi tapşırsın ki, o bayram tədbirlərinin ən mötəbər iştirakçıları şəhid ailələri, qazilər Vətən Müharibəsi iştirakçıları olsun!

Akif Nəsirli

0.019771099090576