Qaragöl ətrafında baş verənlər aydınlaşdı

Qaragöl ətrafında baş verənlər aydınlaşdı
 

Paralel.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi Qaragöl ətrafında baş verənlərə aydınlıq gətirib. Açıqlamada bildirilir ki, noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər: "Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib.

Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb. Bildiririk ki, Ermənistan tərəfinin növbəti hərbi təxribatı iflasa uğrayıb".
Akif Nəsirli

0.014181137084961