Tənha palıdın nağılı (Pritça)

Tənha palıdın nağılı (Pritça)
 

Qalib Arif yazır:

Deyirlər dünyanın ortasında, böyük yolların qovşağında tənha bir palıd vardı. Qol-budağı ağacdı, gövdəsini üç adam əl-ələ qucaqlamazdı. Sərt kökləri altından kövrək bir bulaq qaynayırdı. Palıdın yam-yaşıl çətiri, bulağın bum-buz suları yayda yolçuları cəlb edirdi, əsl cənnəti-məkan idi. Hər tərəfdən çıxan, hər cəhətə yollanan yolçular tənha palıdın kölgəsində mənzil salırdılar, rahatlıq tapırdılar. Atlar, ulaqlar otlayır, dincəlir, yolçular bir qismət çörək yeyirdilər.

Qışda palıd yaşıl çətrini atanda, təbiət qış yuxusuna yatanda ətraf heyvanla, quşla dolu olardı. Tənha palıdın qozasından doyunca yeyər, soyuq bulağın suyundan dayanınca içərdilər. Çöllər ağappaq ağaranda, çaylar donanda da bulağın suyu qurumazdı. Çünki yerin dərinliklərindən axırdı, yerin üstündə də tənha palıd kimi arxası vardı. Tənha palıdın da kökləri soyuq bulaqdan, budaqları isti günəşdən güc alırdı. Yayın istisi, qışın soyuğu yüz illər onu döysə də, sarsıda bilməmişdi. Tufan olanda budaqları sınsa da, ildırım vuranda yansa da, yenidən yazda göyərərdi. Kökləri bulaqdan güc alıb dərinə getdikcə, budaqları da günəşdən güc alıb yüksələrdi. Yüz illərdir ki, tənha palıdla soyuq bulaq bir yerdə, onların gücü bu birlikdə idi...

Pis günün ömrü az olur deyirlər, amma yaxşı günün də ömrü az olur. İl ildən isti gəlirdi və bulağın suyu nazilirdi. İsti yay günlərinin birində bulağı sanki Fələk vurdu, suyu tamam qurudu. Daha yolçular yollarını burdan salmırdılar, tənha palıddan, soyuq bulaqdan danışmırdılar. Qozası yoxaldığından qışda heyvanlar da tənha palıdın yanına axışmırdılar, onu taleyin öhdəsinə buraxmışdılar. Tufanlar, ildırımlar, çovğunlar onu əsrlərlə xaricdən döysə də, budaqlarını sındırsa da, gövdəsini tərpədə bilməmişdi. İndi isə fəlakət daxildən gəlirdi, dərd susuzluq dərdi idi. Tənha palıdı kökündən quruyurdu, onun yıxılması üçün artıq babat bir tufan, bir çovğun kifayət idi...

Dostlar, insan da belədir, dövlət də belədir, xaricdən gələn qada-bəla onları yıxa bilmir. İnsanın qolu da sına bilər, başı da yarııla bilər, içi sağlamdırsa, sağalar, ayağa durar. Dövlət xarici təcavüzə məruz qala bilər, amma özünü toparlayar, gec-tez xarici təcavüzdən qurtarar. Dərd-bəla içəridən gələndə, tənha palıd kimi kökündən quruyanda, əlac yoxdur....

Paralel.az

0.017601013183594