İstilik olsun!

İstilik olsun!
 

Heç kim soyuqdan donmasın, bət-bənizi solmasın...

 Bütün dünyada qlobal dəyişikliklər baş verir. Bu dəyişikliklərin nədən ibarət olmasından bəhs etmək istəməzdim. Çünki yazımın mövzusundan kənardır. Amma bu məqamı ona görə deyirəm ki, qlobal dəyişikliklərin fonunda, ona uyğun addımlar da dəyişilməlidir.

Uzağa getməyək, bir müddət əvvəl havaların qəfil kəskin soyuması nəticəsində payızın öz yerini qış fəsliylə dəyişməsi təəssüratı yarandı. İnsanlar isti paltarlara keçdi, bayırda payızın sərin deyil, qışın sazaqlı havası hökm sürdü. Lakin buna baxmayaraq, qışa hazırsız olan, bu uzun fəsli daimi hazırsızlıqla qarşılayan qurumlar binalara istilik sisteminin verilməsi vaxtının dəyişdirilməyəcəyini bəyan etdilər. Yəni olsun ki, havalar qəfil soyuyub, payızın yerinə qış gəlib, istilik sistemləri elə həmişəki kimi, 15 noyabrdan işə salınacaq.

Evində, mənzilində kombi sistemi, kondisioner aparatı olmayanların vəziyyətini təsəvvür etmək heç çətin deyil bu məqamda. Bir sözlə, işini ehtiyatlı tutanlar yenə istiliklə bağlı problem yaşamadılar. Necə deyərlər, mənzilin qızdırılması məsuliyyətini özü daşıyan insanlar soyuq problemini fərdi həll etdilər - həmişə olduğu kimi. İstiliklə təchiz olunma istiqamətində hökumət qurumlarından, əlaqədar idarə-təşkilatlardan asılı olanlar isə yenə noyabrın 15-ni gözləməli oldular - yenə həmişə, hər zamankı kimi...

Bunu nədən yazıram? Yuxarıda qeyd etdiyim kimi, dünya, külli-aləm dəyişir, yenilənir, yenidən qurulur. Əlbəttə ki, dəyişikliklərin fonunda ona münasibət, atılan addımlar da dəyişilməlidir. Amma faydası?!

İqlim dəyişiklikləri bizdən yan keçməsə , əlaqədar qurumların məsələyə yanaşması əbədidir. Ona görə paytaxt binalarının, mənzillərin istiliklə təminatı, təchizat məsələsi, istiliyin verilməsi vaxtı-tarixi bir qayda olaraq, dəyişmir. İstər soyuqdan ölək, ya da qalaq, “otopleniyalar noyabrın 15-dən tez evləri qızdırmaz. Bu tarix, dediyim kimi, iqlim dəyişikliklərindən dolayı, soyuğun-sazağın vaxtsız gəlişinə rəğmən, vaxt-vədəsini dəyişməz, insanların rifahına xidmət etməz.

Bu sırada orta məktəblərin həmin problemlə üz-üz qalmasından mütləq bəhs etməliyik. Çünki təhsilin keyfiyyəti müəyyən mənada sağlam şagirdlərin kəmiyyətindən asılıdır. Amma sinifdə istilik təchizatının olmaması səbəbindən, soyuqdan xəstələnən şagirdlərin davamiyyətsizliyi ucbatından hansı keyfiyyətdən söhbət gedə bilər?!

Əlaqədar qurumlar bəyan edir ki, dağ dağətəyi bölgələrin orta məktəblərində siniflər noyabrın 1-dən istiliklə təmin ediliblər. Lakin elə həmin bölgədən olanlar söyləyirlər ki, bu yalanın üzü qara olsun, heç bir istilikdən söhbət gedə bilməz, uşaqlarımız soyuqdan sinifdə paltoda-papaqda oturur, sızıldayan barmaqları qələm, dilləri söz tutmur...

Görəsən, əlaqədar qurumların valideynlərdən gözləntisi nədir? Yaxud, Allah sizə insaf versin, valideynlər, axı nədən keçmişdə olduğu kimi, məktəbə odun, kömür, -qara neft s. yanacaq məhsulları daşımırsınız ki, övladlarınız da soyuqdan donmasın, bət-bənizləri solmasın?!

Anlayan anladı demək istədiyimi. Gərəkdir ki, soyuqdan müdafiəyə məsuliyyətli qurumlar da istiliksiz heç nəyin əldə olunmadığını başa düşsün, anlasın.

Özü hər mənada, elə sözügedən problemin həllinə münasibətdə ...

 Nigar Orucova 

0.05444598197937