Heyrətli misralar...
esse-ressenziya
Yaşar Nəzərov yazır:
Əli bir parçası
ismi atamın,
Əli bir parçası
həm öz adımın,
Mehdi də adı
doğma babamın,
Bil ki, haqq etdim
Əli Mehdi adın...
Bu poetik epiqrafla təqdim edilən şairin bundan geniş təqdimatı olmaz.
Kitab var içinə girəndə heç nə yapışmaz, izi qalmaz. Kitab da var içinə girsən, ürək genişlənər, qürurdan heyrətlənərsən... Şair Əli Mehdinin "Ruhumdan süzülən misralar" ilk şeirlər kitabı bu fikrimin tamamıdır.
Əqidəli, imanlı dostumun poeziyasının seyrinə çixdıqda, onun sayılıb-seçilən şair kimi yaradıcılığının şedevr şeirləri önə gəlir. Əli Mehdi də janr etibarı ilə gəzişmələri etməklə, çoxlu belə şeirlərini üzə çıxardır. Məhz bu kitabda şairin belə şeirləri toplanıb.
Sevgilini sevməyin müddəti ömürə bərabərdir. Vətən sevgisinin müddəti ömür müddətini də keçir, şəxsiyyətin əbədiyyəti ilə yaşayır! Sevgilini özümüz üçün seviriksə, vətən sevgisini gələcəyimiz üçün sevirik, üzünü görə bilməyəcəyimiz nəsillər üçün sevirik... Şair hər bir insan üçün bu ən əsas meyarı - vətən sevgisini aidatlı şeirlərində bəyan etmişdir:
Neyləyirəm yad eli,
yad obanı?
Vətəndən insana
əziz şey hanı?
İstəmirəm lap versələr,
Romanı
Bu balaca Türkobam da
bəsimdir!
(Bəsimdir)
Burada vətənin simasında yurd sevgisinin səviyyəsi qürurlu hislər yaradır. Vətən sevgisinin simptomları el-oba sevgisindən başlanır.
Bundan başqa qəriblikdə həsrətin çəkdiyi "Vətəni yaşat" şeirində də müdrikanə və uzaqgörən duyğularda yaşadır:
Bəzən ayrılıqlar qəlbi incidir,
Ananın həsrəti lap birincidir.
Qürbətdə ailə, dost bir incidir,
Vətəni oğlunda, qızında
yaşat.
Əli Mehdi vətən uğrunda şəhadətə yetişən şəhidlərə zaman-zaman yaradıcılığında yer vermişdir. Közərən misralarla onların haqqını uca tutmuşdur. Şair yaxşı bilir ki, vətəni vətənləşdirəndir şəhidlər! Hər bir vətandaşın ehtiram bəslədiyi, onları vaxtı-vaxtında anmağı, mənəvi borcunun ən uca məqamıdır:
Həm oğuldu, həm atadır, həm ürək,
And içdilər, vətən üçün can verək,
Qeyrətinə qurban olaq biz gərək,
"Fəxr edirik", - deyən dildi şəhidlər!
(Şəhidlər)
Şairin yaradıcılıgında xüsusi yer tutan, istənilən qədər şeirlər var ki, irfani fikirləri ilə assosiasiya olunan əxlaq və davranışı ilə vəhdət təşkil edir:
Kamil insanlar tapar yolunu,
Bilmirəm o yolun harasındayam?
Cənnət ya cəhənnəm Tanrının işi,
Yəqin ikisinin arasındayam.
(Ayın da göylərdə
mənzilləri var)
Çoxşaxəli yaradıcılığında seçilən şeirləri arasında anasına, atasına ithaf etdiyi şeirlərində, duyğularını onların övlad sevgili hisləri ilə birləşdirərək möhtəşəm misralar yaradır. Bu da şairin ilhamının nə qədər geniş və mənalı olduğunu göstərir. Ana-atanın haqqı ödənməz! Onlar dünyasından aslı olmadan sayğı və sevgiyə layiqdirlər:
Mənim yoxluğumu tez anam bilər,
Fərq etməz olsa da hansı məkanda.
İlk dəfə hiss edib o ağrıları,
Qanından yoğrulan can ayrılanda.
(O bilər)
Əli Mehdi Ana haqının olduğu varlıqları da ana sözündə anladaraq, ana münasibətində sevincli, fəryadlı notlarla onların nikbinini, nisgilini öz ruhunda arayır:
Dilim - Ana,
Vətən - Ana,
Torpaq - Ana,
Dünya - Ana,
Ayaqların altı belə cənnət - Ana.
Alman Ana, zənci Ana
fərq eləməz
hər necədir rəngi - Ana...
Hər söz dönub olur inci,
əvvəlinə yazsan Ana...
(Ana haqqı)
Şairin lirik şeirlərində ürəyə yolu sevgi çəkir. Çünki sevginin dünyaya gəldiyi, sevginin yaşadığı və görüşdüyü yerdi, ürək! Ona görə sevgi daha da ülviləşir, daha da gözəlləşir. Bizi məftun etmək üçün lirikada xəyalın hüdudları tükənməzdir. Bu xəyalın qanadlarında hər şey ağla, cana gəlir:
Mirvari tək gəl boynuna düz məni,
Şərab olum qədəhinə süz məni,
Hər damlası görərsən ki, baldı, bal,
Dadsan əgər əlli-əlli, yüz məni.
(Ürəyimdə ək məni)
Başına dönən pərvanə
bir özgə oda yanar...
Onda ürəyim donar,
Ətrini itirmiş gülə kim qonar...
(Ürək çırpıntıları)
Şairin yaradıcılığında müxtəlif zamanlarda yazdığı qəzəllər də var. Əsasən ilahi və irfani nemətlərə meyl edən qəzəllər xüsusi yer tutur:
Fitrətində səni xəlq etdi Xuda, dərk edəsən,
Saldı nur qəlbinə mehrab edəsən iman üçün.
(İnsan üçün)
Kitabdakı şeirlər toplusunu oxuyub dərk edirsən ki, ucu-bucağı görünməyən poeziya dəryasının seyrindəsən. Ordakı ilk təəssürat - heyrətdir!
Zahiri və mənəvi gözəlliyə heyrət, ondan da doğan sevgidir. "Gözəllikdən heyrət, heyrətdən də sevgi", yayılır - ruhdan süzülənlərə!
Yeni uğurlara doğru!..
Paralel.az