Siracəddin Hacı
II Yazı
V
Bəqərə surəsinin nüzul ortamı, mövzu və mesajları
Bəqərə surəsi Mədinədə nazil olmuşdur. Mədəni surələrin Məkki surələrdən bir sıra fərqləri var:
1) Qurani-Kərim iyirmi üç ilə nazil olmuşdur;
2) Bu iyirmi üç ilin on üç ili Məkkə, on ili Mədinə dönəmidir;
3) Məkkə və Mədinə dönəmi üç ölçü ilə müəyyənləşir: a) zaman – surə hansı zamana aidsə, (Məkkə, Mədinə) o zamana görə adlandırılır; b) məkan – surə bu iki məkandan hansında nazil olmuşsa, ona aid edilir; c) xitab – surə insanlığa və müşriklərə xitab edirsə, Məkki, möminlərə və münafiqlərə xitab edirsə, Mədənidir.
4) Alimlər qeyd edirlər ki, bu üç ölçüdən ən sağlamı birincisidir;
5) Məhəmməd əl-Cabiri qeyd edir ki, Məkkə dönəmində enən ayələr “dəvət Quranı”, Mədinə dönəmində nazil olan ayələr “dövlət Quranı”dır;
6) Məkkə dönəmində fərdi, ictimai, qəbiləvi dəvət var, möminlər boykot və mühasirədə, ölüm təhdidi altında yaşayırlar;
7) Mədinə dönəmində İslam camaatı formalaşır, yəhudilərlə, münafiqlərlə mücadilə başlayır, fəthlər gerçəkləşir;
8) Məkki surələrin üslubu:
- vəhy ilahi rəhmətdir vurğusu var;
- əmrlər çoxdur;
- yetim, yoxsul, kölə mövzuları öndədir;
- ölümdən sonra diriliş, hesab günü, qiyamət səhnələri önəmli yer tutur;
- səbir, dözüm, dirəniş, təlqin edilir;
- ruhlandırma var;
- tövhid inancı ziddi olan şirklə birgə tanıdılır;
- şirksiz iman (ixlas) təbliğ olunur;
- bütlər və bütpərəstlik rədd olunur;
- əxlaq əsasları var;
- elçilərin qarşılaşdıqları çətinliklərdən örnəklər verilir;
- inkarçıların elçilərə qarşı acımasız münasibətindən örnəklər verilir;
- Məkki surələr deyir ki, hidayət onu istəyənə verilər;
- uca Allahın ər-Rəbb adına çox yer verilir;
- insanların diqqətini cəlb edən üslubu var;
- cümlələr (ayələr) qısadır;
- vurğuludur;
- az sözlə çox məna ifadə edilir;
- səslənməsi qeyri-adidir;
- əxlaq və əqidə önəmli yer tutur;
- möhkəm (hökmü, anlamı açıq) ayələrdir;
- fərdi xitab çoxdur;
- sağlam bir iman inşa edir;
- müşrikləri sərt tənqid edir;
- düşünməyə, dəlillə danışmağa çağırır;
Mədəni ayələrin bu üslub özəllikləri var:
- məsələləri açıqlayır;
- ayələr uzundur;
- detallara yer verilir;
- səs ünsürü birinci planda deyil;
- ibadətlər önəmli yer tutur;
- ictimai nizamı təsis edən ayələr nazil olur;
- daha çox möminlərə və münafiqlərə xitab edir;
- ictimai xitab (İslam camaatına) çoxdur;
- İslam toplumunu tənqid edən ayələr var;
- halal və haramlar, əmr və yasaqlar açıqlanır;
- zəfər əxlaqı öyrədilir;
- münafiqlər tanıdılır;
- siyasi, iqtisadi, hüquqi məzmunlu ayələr var;
- sərvət, rifah, iqtidar təsəvvürü verilir;
- savaş əxlaqının əsaslarını açıqlayan ayələr var;
- mütəşabih ayələr var;
- müsəlman olmayanlarla əlaqələrin əsasları var;
- İsrail oğullarının dünyəviləşmə xəstəliyinin əlamətləri açıqlanır, möminlərə onlar kimi olmayın mesajı verilir;
- qiblənin dəyişməsini əmr edən ayə nazil olur;
Müsəlmanlar Məkkədə uca Allaha şərik qoşan müşriklərlə qarşı-qarşıya idilər. Mədinəyə hicrətdən sonra isə yəhudilərlə, bir də görünüşdə müsəlman, əslində (içdə, qəlbdə), inkarçı olan münafiqlərlə qarşılaşdılar. Mədinəyə hicrətdən sonra tövhid və şirk arasındakı mübarizə yeni mərhələyə keçdi, savaşa izin verildi, müsəlmanların olum, ya də ölüm məsələsi gündəmə gəldi, qanlı savaşlar oldu... Bütün çətinliklərə baxmayaraq, müsəlman camaatı dik durdu, böyüdü, düşmənlərini məğlub etdi, insanların qəlbini islama açdı və Məkkə fəth olundu...
Bəqərə surəsi muqatta (ayrı-ayrı oxunan) hərflərlə başlayır.
- surə Qurani-Kərimin hidayət kitabı olduğunu açıqlayır;
- insanları üç qrupa ayırır: möminlər, kafirlər, münafiqlər;
- möminlərin, kafirlərin, münafiqlərin özəlliklərini açıqlayır;
- ilk iyirmi ayədən beşi möminlərə (1-5-ci ayələr), ikisi kafirlərə (6-7-ci ayələr), on üçü münafiqlərə (8-20-ci ayələr) aiddir;
- surə ən təhlükəli qrup olaraq münafiqləri göstərir, onlara on üç ayə ayırır;
21-29-cu ayələr bu mesajları verir:
- tək yaradıcı var, O da uca Allahdır;
- uca Allaha təslim olan (Onun buyurduğu kimi yaşayan) qorunar;
- O, yaratdıqlarının ruzisini də yaratmışdır;
- inanmayanlara meydan oxuyur: “Əgər qulumuza (elçimizə) endirdiyimizə şübhəniz varsa, nə durmusunuz, onun bənzəri olan bir surə gətirin, sözünüzə sadiqsəniz, Allahdan başqa şahidlərinizi də yardıma çağırın” (2/23);
- inkarçıları yanacağı insanlar və daşlar olan cəhənnəm atəşi ilə xəbərdar edir;
- Qurani-Kərim məsələləri ikiyönlü açıqladığından inkarçılardan sonra möminlərin aqibətini açıqlayır: “Onları altından çaylar axan cənnətlərlə müjdələ!” (2/25);
- gerçək (həqiqət) uca Allahın yanındadır, həqiqətin qaynağı Odur;
- uca Allah azmaq istəməyəni azdırmaz, azmaq istəyənin azmasına izin verər;
- yer üzündəki hər şey insan üçün yaradılmışdır;
30-39-cu ayələr hz.Adəmin yer üzünə xəlifə təyin edilməsini, ona bütün isimlərin öyrədilməsini, şeytandan başqa bütün mələklərin Adəm üçün səcdə etdiyini, şeytanın Adəmi və həyat yoldaşını mükəmməllik və əbədilik hiyləsi ilə aldadaraq cənnətdən çıxarılmalarına səbəb olmasını əhatə edir;
- uca Allah bu ayələrdə hz.Adəmi örnək, şeytanı ibrət olaraq göstərir;
- hz.Adəm günah etdi, günahını anladı, tövbəyə yönəldi, tövbəsi qəbul olundu, təmizləndi, yer üzünün xəlifəsi seçildi, qul qüsursuz olmaz - ey insanlar, siz də hz.Adəm kimi olun!;
- şeytan cinlərdən idi, təkəbbür və həsəd onu uca Allaha üsyana sövq etdi, tövbəyə yönəlmədi, lənətləndi, günahını müdafiə edən şeytanlaşar - ey insanlar, şeytan kimi olmayın!;
- bu dünya imtahan dünyasıdır, imtahan olan yerdə çətinlik var, çətinlik varsa, xəta da var;
- tövbə qapısı hər an açıqdır, uca Allah insandan xətasızlıq gözləmir, O, insanın xətasını qəbul edib, tövbəyə yönəlməsini istəyir;
- yasaq ağac uca Allahın müəyyən etdiyi sınırlardır, insan günah edəndə bu sınırlardan çıxmış olur, tövbə insanın yenidən uca Allahın cızdığı sınırlara qayıtması, fitri olana dönməsidir;
- şeytan həm bir varlıq, həm də insanı yoldan çıxaran nəfsin istəkləridir. şeytandan qorunmağın yolu uca Allaha təslim olmaqdır;
40-120-ci ayələr dünyəviləşən İsrail oğullarını tanıdır:
- Adəm – İblis qissəsi ilə İsrail oğullarının dünyəviləşməsi arasında əlaqə var: İblis hz.Adəmə həsəd etdi, Mədinə yəhudiləri də Allah Rəsuluna həsəd etdilər, nəticə də, İblis uca Allahın rəhmətindən uzaqlaşdırıldı, İsrail oğulları da uca Allahın qəzəbinə tuş gəldilər. Uca Allah torpaqdan yaratdığı Adəmi atəşdən yaratdığı şeytandan, ümmi olan hz.Məhəmmədi də özlərini “seçilmiş millət”, “Allahın oğulları və sevdikləri” adlandıran İsrail oğullarından üstün tutdu;
- Bəqərə surəsinin 8-30-cu ayələri arasında tanıdılan münafiqlər və nifaq ilə İsrail oğulları arasında da bağ (əlaqə) var;
- uca Allah onlara seçim təklif edir: tövbə edin, nifaqdan təmizlənin, hz.Adəm kimi olun, ya da nifaqınızda israr edib, Şeytan kimi olun;
Dünyəviləşən İsrail oğullarının əlamətləri:
- uca Allahın nemətlərini unutdular;
- uca Allaha verdikləri sözü yerinə yetirmədilər;
- vəhyə inanmadılar;
- ayələri azacıq mənfəət qarşılığında satdılar;
- məsuliyyətsiz davrandılar;
- haqqı (mənalı və məqsədli olanı) batilə (mənasız, məqsədsiz olana) qarışdırdılar;
- bildikləri halda, həqiqəti gizlədilər;
- namazı, zəkatı, ibadətləri məqsədindən ayırdılar;
- ibadətlə həyatın arasını ayırdılar;
- sərvətlərini paylaşmadılar;
- insanlara yaxşılığı əmr etdilər, özləri isə bu əmrləri yerinə yetirmədilər;
- ağıllarından doğru istifadə etmədilər;
- uca Allahın əmrlərini yerinə yetirmədilər, yasaqları çeynədilər;
- uca Allahın onlara verdikləri nemətlərə nankorluq etdilər;
- seçilmiş olduqlarını iddia etdilər;
- düşmənlərinə heyran oldular, onların tanrılarına (inəyə, inəyin buzovuna) tapdılar;
- Allahı gözlə görməyi istədilər;
- səhrada onlara kölgə salan bulud, yeyəcək olaraq göndərilən mən və səlva, su nemətlərini unutdular;
- həqiqəti söz oyunu ilə təhrif etdilər;
- elçiləri inkar etdilər, aşağıladılar, öldürdülər;
- həqiqətə qarşı üsyankar oldular;
- azğınlıq etdilər;
- yaşadıqları torpaqlarda fitnə, fəsad, savaş çıxardılar;
- imanı və azadlığı soğana, sarımsağa, mərciməyə dəyişdilər;
- uca Allahın müsibətlərlə, nemətlərlə verdiyi mesajları anlamaq istəmədilər;
- uca Allahın əmr etdiyi inəyi kəsməmək üçün min dərədən su gətirdilər;
- ədalətlə hökm vermək yerinə adamına görə hökm verdilər;
- ürəkləri sərtləşdi, daş kimi, hətta daşdan da sərt oldu;
- mərhəmət duyğusunu itirdilər;
- uca Allahın kəlamını bilə-bilə təhrif etdilər (dəyişdirdilər, yanlış yozdular);
- ikiüzlü oldular, bu, onların xarakterinə çevrildi, ikiüzlülük din halına gəldi;
- uca Allahın hər şeyi gördüyünü, hər şeyi eşitdiyini, hər şeyi bildiyini unutdular;
- öz yazdıqları sözlərə: “Bunlar Allahın sözləridir”, - dedilər;
- biz cəhənnəmə girməyəcəyik yalanını uydurdular;
- uca Allaha iftira atdılar;
- bir neçəsi istisna olmaqla uca Allaha verdikləri bu sözlərdən döndülər: “Yalnız Allaha qulluq edəcəksiniz, anaya, ataya, yaxınlara, kimsəsizlərə, yoxsullara yaxşılıq edəcəksiniz, insanlara gözəl söz söyləyəcəksiniz, namazı doğru (istiqamətlə) qılacaqsınız, zəkat verəcəksiniz...”;
- dönük (sözündən dönən) toplum oldular;
- insanları fitnələrlə parçaladılar;
- qan davalarına səbəb oldular;
- vəhyin bir qisminə inanıb, bir qismini inkar etdilər;
- dünyanı axirətdən üstün tutdular;
- irqçiliyi din halına gətirdilər;
- hər şeyi bildiklərini zənn etdilər;
- uca Allahın vəhyi seçdiyi quluna nazil etməsinə qısqandılar;
- onlardan olmayan (yəhudi olmayan) bir elçiyə gələn həqiqətə (vəhyə) düşmən oldular;
- vəhyi inkar etdilər, nəticədə, şəxsiyyətlərini satdılar;
- onlara: “Allahın endirdiyinə inanın”, - deyildiyində: “Biz özümüzə endirilənə inanırıq”, - dedilər”;
- zahirən itaət, daxilən üsyan etdilər;
- axirət ancaq bizə aiddir dedilər;
- dünyanı çox sevdilər;
- bu dünyanı axirətdən ayırdılar;
- min il yaşamaq istədilər;
- vəhy mələyi Cəbrailə düşmən oldular;
- etibarsız idilər;
- Qurani-Kərimi inkar etdilər;
- elçilərə, xeyirli insanlara qarşı oldular, hiylə işlətdilər, tələ qurdular, intriqa hazırladılar, sehrlədilər;
- söz oyunları ilə insanların düşüncələrini qarışdırdılar;
- uca Allahdan insanlara bir xeyirin gəlməsini istəmədilər;
- imanı verib küfrü aldılar;
- möminlərin imandan sonra küfrə dönmələrini istədilər;
- yəhudi və xristian olmayanlar cənnətə girməyəcəklər dedilər;
- uca Allahın oğlu var dedilər;
- uca Allah bizimlə niyə danışmır dedilər;
Ardı var...
Paralel.az