Onların hamısının həlli çəkici eyni zindana vurar

Onların hamısının həlli çəkici eyni zindana vurar
 

 Təhsilin ən prioritet sahələrdən biri olduğunu hamı bilir. Bu sahəyə aid ən xırda detaldan tutmuş, ən böyük məsələyə qədər varsa, cəmiyyətin diqqətindədir. Ən azından, kimsə təhsillə bağlı məsələlərdən kənarda deyil, hər kəsin evində məktəbəqədər yaşda olan uşaq, şagird, tələbə var. Təhsil sahəsinə aid olan hər məqam da birbaşa onların həyatının ayrılmaz tərkib hissəsidir.

Bu gün orta məktəb şagirdlərinin valideynlərini narahat edən məsələdən biri koronavirusa yoluxma statistikasının artmasıdır. Bu məqam öncə sağlamlıqla bağlı olsa da, təhsilin keyfiyyətinə təsir edən vacib nüanslardan biridir. Bəzi məktəblərin müvafiq sinifləri yoluxma səbəbindən müvəqqəti bağlanıb, lakin valideynlər təhsilin yenidən distant formaya keçəcəyi barədə namüəyyənlik içindədirlər. Hər halda, bu barədə rəsmi qərar yoxdur, lakin onlar orta məktəblərin övladlarının yoluxma məkanına çevriləcəyi qorxusunu da yaşayırlar.

Orta məktəblərdə valideynləri narahat edən məsələlər kifayət qədərdir. Şagirdlərlə söhbətdə bəzi orta məktəblərin müasir tələblərə cavab vermədiyi, onların təmir şərait baxımından bərbad vəziyyətdə olduğu aydınlaşır. Bizimlə söhbət edən bir neçə şagird məktəblərdəki sanitar qovşaqlarının bərbadlığından, onların gigiyenik-sanitariya vəziyyətinin qənaətbəxş olmamasından danışırlar. Həmin məkanların real vəziyyəti onların yeni təhsil ilinə hazır olmadığını əyani şəkildə göstərsə , buna əhəmiyyət verən yoxdur. Məsələn, ibtidai sinifləri yenicə bitirərək yuxarı sinfə adlayan şagirdlər, yəni yeniyetmə yaşında olanlar təhsil aldığı məktəbin sanitar qovşağına ayaq qoya bilmirlər. Çünki ora natəmiz təmirə ehtiyaclı vəziyyətdə olduğundan, şagird evə gələnədək narahat durumda qalmağa məcburdur. Çünki sanitar qovşağın bəzi kabinələrinin qapıları yoxdur, qapısı olanlar bağlanmır, həm gigiyenik mənada iyrənc vəziyyətdədir. Ordakı sifonlar işləmir, bəzi krandan qəti su gəlmir, işləyən digər kranlar isə xarab olduğundan su hər yerə çilənir. Su çox soyuqdur, qurutma sistemi işləmir, o, yalnız görkəm üçündür. Sanitar qovşağın döşəməsində trap olmadığından, ya da xarab olduğundan, yerə dağılan su axıb getmir, göllənir şagirdlərə mənfi təsir edir. Ümumiyyətlə, sanitar qovşağın bərbad vəziyyəti səbəbindən, üfunət qoxusundan, ona yaxın siniflərdə dərs keçmək mümkün deyil, birbaşa mənada, dözülməzdir.

Bu digər məqamlardan daha geniş şəkildə bəhs etmək olardı, lakin orta məktəblərin rəhbərliyi, ona cavabdeh qurumlar sözügedən problemlərin həllini sürətləndirsə, yaxşı olar. İlk olaraq, koronavirus pandemiyası dövründə gigiyena-sanitariya qaydalarına daha çox əməl etmək lazımdır. Bu, əslində, ilin bütün dövrlərində ciddi riayət olunası məsələdir.Viruslu günlərdə isə ona daha çox önəm verilməsi vacibdir. Qeyd etdiyimiz kimi, təhsil ən prioritet sahədir, sağlamlıq isə onunla yanaşı, qoşa, birlikdə addımlamaqda.

 Nigar Orucova 

0.027194976806641