Iran sərhədləri azərbaycanlıların üzünə açıldı
Bununla bağlı İranın Bakıdakı səfirliyi bəyanat yaydı
İranda koronavirus epidemiyasının əhəmiyyətli dərəcədə nəzarətdə saxlanılmasından və qarşısının alınmasından sonra 23 oktyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası vətəndaşlarının İranın hava və quru sərhədlərindən (Astara, Biləsuvar, Culfa və Poldəşt) giriş-çıxışı əvvəlcədən icazə alınmasına ehtiyac olmadan aşağıdakı sağlamlıq protokollarına riayət etməklə maneəsiz həyata keçiriləcək:
1. Rəsmi hava, dəniz, dəmir yolu və quru sərhədlərindən İrana daxil olduqda 12 yaşdan yuxarı insanlar üçün ikinci koronavirus peyvəndinin vurulduğu tarixdən ən azı iki həftə keçmiş sertifikatı təqdim edilməlidir.
2. Koronavirus peyvəndi sertifikatı olmadıqda, mötəbər laboratoriya tərəfindən 96 saatdan çox olmayaraq verilmiş mənfi PCR test sertifikatı təqdim etmək məcburidir.
Bundan əvvəl və son 9 ay ərzində İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsindən lazımi icazə alındıqdan sonra 38 qrup şəklində 9 min nəfər Azərbaycan Respublikası vətəndaşının İran İslam Respublikası ərazisinə daxil olmasına icazə verilib.
İran İslam Respublikasının Səfirliyi- Bakı
Akif Nəsirli