«Dəmir Dokum» millətə yalan satır
Bu şirkətin məhsullarını alarkən diqqətli olun!
Hazırda Azərbaycanda elə bir bazar formalaşıb ki, orada normal məhsul tapmaq mümküh deyil. Bunu heç tacirlər də inkar etmirlər: «Alırlar ki, gətirub satırıq». Demirəm ki, ölkəmizdə yaxşı, keyfiyyətli məhsul yoxdur. Var, amma həmin mallar ölkə əhalisinin 80-90 faizi üçün əlçatan deyil. Bu səbəbdən də, bizim «ağıllı» tacirlərimiz dünyanın harasında bir zay, yararsız, ən aşağı keyfiyyətli (hansı ki, həmin ölkələrdə heç kim almır) məhsulu nisbətən ucuz (yəni bu qiymət də, xalqa ağır yük olsa da) qiymətə gətirib xalqa sırımaqla milyonlar qazanırlar.
Kim tacirə deyə bilər ki, pul qazanma, heç kim. Amma bunun bir haram, halal tərəfini də düşünmək lazımdır. Bunu bir müsəlman olaraq deyirəm ki, əndazəni aşmaq olmaz.
Deyirlər, normal ölkələrdə (mən, Azərbaycandan başqa yerdə yaşamadığımdan bunun nə dərəcədə həqiqət olduğuna da, zamin dura bilmərəm, bunu xarici su yolu edənlər bilər) istehlakçıların hüquqlarını qoruyan hüquqi mexanizimlər olur. Azərbaycanda isə bu mexanizmlər mövcud deyil, bəlkə də var, amma mən görmədim.
Bunu ona əsaslanaraq deyirəm ki, istehlakçıların hüquqları qorunan, müdafiə edilən heç bir dövlətdə, tacir « satılan mal geri qaytarılmır, dəyişdirilmlr» kimi absurd elanı öz obyektindən asa bilməz. Bunun özü də ,o deməkdir ki, «aldanma, aldandınsa, bizlik deyil».
Yaxud, kisələrlə gətirib böyük-kiçik, qadın -kişi, uşaq geyimləri, ayaqqabıları «su qiymətinə» (hərçənd ki, su da ölkəmizdə çay qiymətinədir) satılır. Bu məhsulların yarada biləcəyi fəsadlar barədə isə heç kim düşünmək belə istəmir, təki pul olsun.
Əlqərəz, bu gün söhbət açacağım problem isə məşhur Türk şirkəti (belə deyirlər, bəlkə də, bu şirkəti aldatdığı alıcılardan başqa heç kim tanımır) «Dəmir Dokum»un zay məhsulları ilə bağlıdır.
Təxminən 2014-2015-ci illərdə olan -qalan qəpik-quruşumu toparlayıb, evimdə «Kombi» istilik sistemini quraşdırmaq qərarına gəldim. Su qızdırıcılarını (panel radiatorlar) da, tanış ustanın məsləhəti ilə «Dəmir tDokum»dan aldım. Həm də şirkətin öz məhsullarına 10 il zəmanət verməsi, kasıb adam üçün çox cəlbedici görünür. Necə deyərlər, sən caydığını say, gör «Dəmir Dokum» nə cayır. 10 il zəmanət verilən məhsullar 3-4 ildən sonra ard-arda sıradan çıxmağa başladı. Məhsulu çox çətinliklə aldığım maqazaya qaytarıb, yenilərini aldım. Bu da mənə 80 manat pula və bir həftəlik əsəb sarsıntılarına başa gəldi. Bu olayın heç 4 ili tamam olmayıb ki, artıq qızdırıcıların biri sıradan çıxıb.
Mənə maraqlıdır ki, bu saxtakarlığa imza atan (yəni 3-4 il dözümü olmayan məhsula 10 il zəmanət verirəm deyərək aldadan) Türkiyənin məşhur «Dəmir Dokum» şirkətidir, yoxsa onun Azərbaycan təmsilçiləri?
Qarşıdan qış gəlir, kimsə, «Kombi» sistemi quraşdırmaq fikrinə düşərsə, «Dəmir Dokum» şirkətinin məhsullarından uzaq qaçsın. Çünki 10 il zəmanət reklamı, ancaq insanları aldatmaq, ucuz məhsulu baha satmaq üçündür.
«Dəmir Dokum» şirkətinin məhsulları, nəinki 10 il, heç 3-4 il düz-əməlli işləmir. Odur ki, ikinci, üçüncü dəfə xərcə düşmək istəmirsinizsə,«Dəmir Dokum» şirkətinin məhsullarını almayın.
Bu bir antireklam deyil və bu şirkətlə də, heç bir qərəzim yoxdur. Mən yalnız, real bir faktı diqqətinizə çatdırdım. Əksini düşünən və bu faktlara inanmayan varsa, redaksiyamıza müraciət etsin, sübut bizdə!
10 il zəmanəti olan məhsuldan 5 il istifadə etmək olmursa, buna biz nə ad verək?
Yusif Seyid