Erməni mətbuatı: “Biz dirsəklərimizi dişləyərək azərilərin o ərazilərdə nə etdiklərinə həsədlə, paxıllıqla baxırıq”
Paralel.az xəbər verir ki, erməni mətbuatı bugünkü analitik materialla öz ölkəsinin hazırkı durumunu təsvir edib. Məqalədən bəzi hissələr: “Əlimizdə olanı saxlamırıq, itirdiyimiz zaman isə ağlayırıq. Bu, erməni xalqının və erməni dövlətinin indiki durumuna çox uyğun gəlir. 1991-1994-cü illər azadlıq müharibəsində qalib gələn güclü ordumuz, siyasətimiz, amma təəssüf ki, iqtisadi cəhətdən zəif Ermənistanımız, nəhayət, erməni xalqının azad Artsaxı var idi.
Bu gün isə bunların heç biri yoxdur - nə səmərəli ordu, nə Artsax, nə də yaşamaq istədiyimiz Ermənistan var. Biz özümüz hər şeyi itirmişik və indi bunun necə və niyə başımıza gəldiyinə ağlayırıq. Eyni zamanda, biz Azərbaycana və Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu yaxınlarda dediyi kimi, “geri qaytarılmış torpaqlar”a paxıllıqla baxırıq!
Bəli, azərbaycanlılar qollarını çırmalayaraq, həsəd aparılacaq enerji ilə ermənilərin itirdiyi əraziləri dirçəltməyə tələsirlər. Varanda hava limanı artıq hazırdır, bu gün onu Azərbaycan və Türkiyə
prezidentləri açacaqlar. Lakin bir ildən əvvələdək heç bir erməni belə bir şeyi təsəvvür edə bilməzdi. Artsaxdakı status-kvo bizə o qədər sarsılmaz görünürdü ki. Və bizə elə gəlirdi ki, həmişəlik belə olacaq.
Təbii ki, Bakının bu ərazilərdəki bütün hərəkətləri müvafiq təbliğat və ideologiya ilə bağlıdır. Məsələn, indicə Azərbaycana “milli ayrı-seçkilik və Ermənistanın işğalçılıq siyasəti” ilə beyinləri yuyulan, sonra isə “azad edilmiş” ərazilərə aparılan İsveç mediasının nümayəndələri gəldi. Təsəvvür etmək çətin deyil ki, bundan sonra İsveç mediasında nə yazacaqlar. Yaxud, azərilər tənbəllik etmədən bir qrup dini icma rəhbərini Los-Ancelesdən Bakıya gətirdilər. “Azərbaycana səfər çərçivəsində qonaqlar erməni vandalizmi faktları ilə tanış olmaq üçün Qarabağa da səfər edəcəklər” - deyə, mətbuat yazır.
Bu, onilliklər ərzində əminliklə dediyimiz, erməni icmasının güclü olduğu Los-Ancelesdir. Amma onun nə qədər güclü olduğunu görürük.
Biz uzun müddət çiynimizə düşən bədbəxtlikdən şikayət edə bilərik. Ermənistan kiçik və zəifdir, onun nefti və qazı yoxdur. Azərbaycan isə zəngin ölkədir və ona görə də o, hər şeyi bacarır.
Amma bu, kökündən yanlış yanaşmadır. İlk növbədə, özümüzə sual verməliyik: biz Artsaxın çiçəklənməsi və
qorunub saxlanması üçün nə etmişik? Gəlin, geriyə baxaq və təhlil edək.
1994-cü ilin may ayından etibarən, Artsax azəri çirkabından demək olar ki, tamamilə təmizləndi və nisbətən dinc dövr başladı. Tale bizə təkcə özümüzə deyil, bütün dünyaya Artsaxın Ermənistanın, zəhmətkeş və qədim erməni xalqının onu Qafqaz İsveçrəsinə çevirəcəyi əzəli erməni torpağı olduğunu göstərmək şansı verdi. Bunun üçün bizim bütün imkanlarımız, ilk növbədə, maddi imkanlarımız var idi.
Diasporun Artsaxın dirçəlməsi üçün nə qədər pul köçürdüyünü hesablamaq mümkün deyil. Hesab edirəm ki, on milyardlarla dollardan söhbət gedir. Mən heç demirəm ki, 26 ildə Ermənistanın özündən, dövlət büdcəsindən ora nə qədər pul köçürülüb. Nəticə nədir? Stepanakert, Şuşi və Berdzor arasında yalnız normal yollar var idi. Lakin hər şeyi yalnız UAZ və “Niva”larla aşmaq olardı. Onu da yalnız isti mövsümdə.
Bəs Artsaxda hansı istehsalat yaradılıb? Nəzərinizə çatdırım ki, rayonumuzda ən münbit torpaqlar var. Amma “Artsaxfrukt”dan savayı, oradan başqa heç nə gəlmədi. Ermənilər arasında birmənalı qarşılanmayan Roman Baqdasaryan bugünlərdə düzgün qənaət səsləndirib. O deyib ki, istəsəydi, Artsax təkcə özünü deyil, Ermənistanı da doyura bilərdi və hətta ixrac üçün də nəsə qalardı.
Amma təəssüf ki, bu illər ərzində heç bir iş görülməyib. Hər şey oğurlanıb. Əvvəlcə Köçəryanın dəstəsi oğurluq edib. Sonra isə Qukasyan və Saakyan. Arutyunyan isə bu işi başa vurdu.
Baxın - onlar və onlara yaxın olanlar kasıb insanlardan uzaqdırlar. Belə kiçik bir ərazidə necə tez varlanmaq olardı? Cavab bəllidir - yalnız onun ümumi talanıyla. Onlar belə etməklə Artsaxı yoxsulluğa məhkum etmələrinə, əvvəllər 150 min nəfər olan əhalinin 2020-ci ilin sentyabrına kimi 80 minə qədər azalmasına əhəmiyyət vermədilər. İnsanlar da Artsaxı qazanc və daha yaxşı həyat dalınca tərk etdilər. Bəziləri Ermənistana, bəziləri Rusiyaya və Qərbə getdilər.
Diasporda onlarla milyonçu, hətta milyarder var. Rəhmətlik Kirk Kerkoryan və Levon Ayrapetyandan başqa, onlardan hansının Artsaxın gələcəyi üçün ürək ağrısı var idi? Heç kimin! Diaspordan gələn pul kisələrinin heç biri ilə Artsaxda istehsalat açmağa, insanları işlə təmin etməyə, erməni əsgərlərinin və könüllülərinin qanı ilə azad edilmiş əraziləri abadlaşdırmağa cürət etmədilər!
İrəvan, Gümrü, Rostov və Los-Ancelesin neçə sakini evlərini sataraq əbədi olaraq Artsaxa köçdülər? Belə statistika varmı? Bu, yoxdur, çünki onlara Artsax lazım deyildi.
İndi də dirsəklərimizi dişləyib azərilərin orda nə etdiklərinə həsədlə, paxıllıqla baxırıq. Ancaq biz dirsəyimizi uzun müddət dişləyəcəyik, çünki hər şeyi itirmişik. Hakimiyyətin pul qoparmaq istəyi ilə özümüzü də itirdik. İnanıram ki, nə vaxtsa itirilmiş əraziləri qaytaracağıq. Amma bu o zaman baş verəcək ki, hər bir erməni Artsaxa nə üçün lazım olduğunu və onun azadlığı üçün hər birimizin nə edə biləcəyini aydın başa düşsün”.
Nigar