Nardaran makyakının tarixi

Nardaran makyakının tarixi
 

Nardaran mayakı Bakının Nardaran qəsəbəsinin Qalagah adlanan ərazisindəki Ocaqqulu mağarasına yaxın yerdə yerləşir. Mayak 1882-ci ildə inşa olunub. Buraya bəzən “Amburan mayakı” da deyirlər.

Rəvayətə görə, mayak XIX əsrdə Bakıda yaşamış bir fransız mesenat tərəfindən, ağır xəstəlik keçirən qızı üçün inşa edilib. Mesenatın qızı, Nardaranın şəfalı havası sayəsində, burada sağalıb. Sonrakı dövrlərdə isə bu binadan mayak kimi istifadə olunub.

Nardaran mayakı həm binasının quruluşu, həm də işıqlarının ağ və qırmızı rəngli olması ilə Abşeronun digər mayaklarından fərqlənir. İddia olunur ki, bu tikili mayak üçün nəzərdə tutulmayıb və yaşayış binası kimi inşa edilib. Mayakın yerləşdiyi binanın kim tərəfindən inşa olunması barədə dəqiq məlumat yoxdur.

Tikilinin daxilində, mayak işığının quraşdırıldığı hissədə asılmış lövhədən məlum olur ki, mayakın fənəri 1882-ci ildə Parisdə “Barbier & Fenestre” firması tərəfindən hazırlanıb. 1884-cü ildə isə fənər Bakıya gətirilib və bu binada quraşdırılıb.

Nardaran mayakında bir sıra Azərbaycan filmləri çəkilib. Bu filmlərdən biri 1980-ci ildə çəkilən “Yol əhvalatı” filmidir. Filmdə Qurban dayı qızı Zümrüdü gələcək kürəkəni Mustafadan gizlətmək məqsədi ilə Nardaran mayakına gətirir.

1983-cü ildə Nardaran mayakında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu işlər zamanı, mayakın işığı sektor halından dairəvi hala gətirilib.

Tikili hazırda mayak kimi fəaliyyətini davam etdirir. Lakin binanın əsaslı təmirə ehtiyacı var. Nardaran mayakı Abşeron yarımadasının şimal hissəsində yerləşən və XIX əsrdə inşa olunan Bakının dörd tarixi mayaklarından biridir.

Paralel.az

0.038315057754517