Fəxri adlar, titullar, orden və medallar ləğv olunsun!

Fəxri adlar, titullar, orden və medallar ləğv olunsun!
 
Ədalətsizliyə qarşı çağırış, yoxsa paxıllıqdan doğan nifrət
Paralel.az xəbər verir ki, Azərbaycanda fəxri adların, titul, orden və medalların, eləcə də digər müxtəlif növ təltif və mükafatlandırma hər zaman geniş müzakirələrə səbəb olub. Çünki bu mükafatlandırmanın dünyanın heç bir yerində dəqiq kriteriyaları mövcüd deyil. Məhz bu səbəbdən də, belə mükafatlandırmalar, həmişə narazılıqlarla müşayət olunub. Sovet dönəmində isə bu kimi​ mükafatlandırmalar sırf təbliğat xarakteri daşıyırdı və müəyyən kriteriyalar gözlənilirdi. Sadə bir misal, sovet dönəmində katib​ (icra başçısı), kolxoz sədri, sovxoz direktoru çox nadir hallarda, müstəsna xidmətlərinə görə, mükafatlandırıla bilərdi. Çünki rəhbər kadrların bir kommunist, vətəndaş və vəzifə sahibi olaraq, yaxşı işləmək borcu idi. Mükafatları isə fəhlə və kolxozçulara verirdilər ki, mənəvi stimul yaransın və onlar daha yaxşı işləsinlər. Burada, ümumiyyətlə sovet dönəmində insanlar maddiyat barədə düşünmürdülər. Çünki insanların bütün maddi ehtiyaclarını dövlət qarşılayırdı.​ Sovet rejimi süquta uğrayan kimi, bu dəyərlərin hamısı dəyişdi. Fəhlə-kəndli diktaturası, məmur diktaturası ilə əvəz olundu. Amma məmurlar fəhlə və kəndliyə qarşı, onlar qədər mərhəmətli ola bilmədilər. Fəhlə və kəndlinin əlində nə var idisə, islahat adı ilə qamarlayıb aldılar. Fəhlə,​ kəndli, məmur anlayışları da dəyişdi. Meydana talançı dövlət qulluqçuları, sahibkar-biznesmenlər gəldi və​ sadə insanlar onların qullarına çevrildilər. Mükafatlandırma meyarları da dəyişdi. Artıq heç kimi işləməyə həvəsləndirməyə də ehtiyac qalmadı. Kim işləmək istəmədisə, atdılar küçəyə.​ Bu səbəbdən də, bir çox postsovet respublikaları sovetdənqalma mükafatlandırma sistemini ləğv etdil.​ Azərbaycan isə bunu bacarmadı və mükafatlandırma çox eybəcər bir forma aldı. Yəni son 30 ildə Azərbaycanda bir fəhlənin, yaxud fermerin​ hər hansı bir mükafat almaması, sözün bütün mənalarında absurd, ağılasığmaz və anlaşılmayan bir şeydir. İstər onda, istər indi ölkədə işləyən, çalışan, bütün nemətləri yaradan, məgər fəhlə və kəndli deyil?
Fəxri adların verilməsi isə bazar iqtisadiyyatının çox eybəcər bir​ siqmentinə çevrilib. Yəni, pulunu ver, adını al! Sən buna layiqsən, layiq deyilsən, kimin nə işinə qalıb? Kim istəyir, puluna minnət, versin alsın.
Azərbaycada ən yüksək mükafat, orden və medal alanların böyük əksəriyyətinin sonradan zindanlara düşməsi də, bu sahədəki xaos və anarxiyadan xəbər verir. Azərbaycanda ən yüksək mükafatlar məmurlar üçün yubiley təltiflərinə çevrilib. Orden və medalları xalqa, dövlətə xidmətə görə yox, məmurlara staja və talançılıq məharətinə görə verilr, bu məmləkətdə.
Azərbaycanda ən çox mükafat və fəxri ad davası edənlərin bir qrupu da, şou-biznes əhlidir. Bu insanlar anlamaq istəmirlər ki, onlara hansı xidmətlərinə görə, «Xalq artisi», «Əməkdar artist» adları verilməlidir. Şou-biznes əyləncə göstərməklə, kimisə əyləndirməklə pul qazanmaqdırsa, bunun xalqa nə dəxli var.​ Sovet dönəmində şou-biznes yox idi, müğənnilər də dövlət sifarişi ilə kolxozlarda, sovxozlarda, dağda, dərədə xalqa​ pulsuz-parasız mənəvi dəstək verirdilər.​ Bunun müqabilində də, dövlət onları mükafatlandırırdı. Bu gün şou əhli xalqı, dövləti talayan milyonçuları əyləndirməklə özləri də pis qazanmırlar, amma özünü​ xalqın sənətkarı kimi cəmiyyətə sırıyaraq «Xalq​ artisti» olmaqa can atır. Daha açıq desək, bu adı satın alır. Yaxud da,​ kimsə bir müsabiqədə qalib olur, ona «Əməkdar artist» adı verirlər, hansı əməyinə görə? Fəhlə 40-50 il istehsalatda can qoyur, bunu heç dilinə belə gətirmir, heç 30-40 yaşı olmayan bir müğənni çıxır ekranlara ki, «sənətdə can qoymuşam». Siz harada görmüsünüz ki, artistə, aktyora fəxri ad versinlər? Dünyada belə bir təcrübə yoxdur.
Qardaş Türkiyədə​ xalq musiqisi tam ayrı bir kateqoriyadır, onlar heç zaman xalq müsiqisini şou-biznesə qurban vermirlər. Bizdə isə üç gün muğam oxuyur, olur «Əməkdar artist», sonra da gedir şou-biznesə bir balaca pul-para qazanır, olur «Xalq artisti». Ayıbdır, vəllahi, billahi ayıbdır.
Mənə belə gəlir ki, bu söz-söhbətlərin qarşısının alınmasının bir yolu var- bütün təltif və mükafatlandırmaları ləğv etmək.
Ancaq hərbidə, xüsusi xidmət və​ hüquq-mühafizə orqanlarında, eləcə də, dövlət və millət qarşısında xüsüsi xidmətə görə mükafatlandırmaları saxlamaq lazımdır. Çünki bu kateqoriyadan olanların mükafatlandırılması praktikası dünyanın bir çox dövlətlərində var.
P.S. Jurnalist olduğum üçün bu məqama toxunmağı da vacib bildim. Sovet dönəmində jurnalist üçün ən böyük mükafat «Qızıl qələm», ən yüksək ad isə «Əməkdar jurnalist» idi​ ki, onu qazanmaq üçün ən azından bu sahədə 30-40 il sözün bütün mənalarında can qoymalıydın. İndi isə Əli Həsənovun və Vüqar Səfərlinin «kəraməti»​ ilə​ heç yaşları belə, 30-40 olmayanlar bu mükafatlara layiq görülüblər.
O zamanlar​ özünə hörmət qoyan hər bir jurnalist «Soyuz jurnalistov SSSR» döş nişanını belə,​ böyük blr mükafat kimi sinəsində gəzdirməkdən fəxr duyurdu. Bu gun isə «Qızıl qələm» və digər mükafatları hərraca çıxarıb «kartof kimi» satmaq dəb halına düşüb.
Yusif Seyid
0.028040170669556