Virus məktəbdə deyil, avtobuslardadır
Operativ Qərargahın statistikasına inansaq son günlər koronavirusa yoluxmada sürətli artım var. Və bu yoluxma nədənsə əsasən orta və ali məktəblərdə daha çoxdur. Həkim deyilik, amma yaşımıza görə həyat təcrübəmiz var və bu təcrübədən çıxış edərək əminliklə demək olar ki, TƏBİB-in koronavirus kimi möhürlədiyi şagird və tələbələrin əksəriyyətində bu gün müşahidə olunan qrip, öskürək, qızdırma və boğaz ağrısı ənənəvi mövsümü xəstəliklərdəndir. Adətən payız və yaz aylarında bu cür xəstəliklər epidemiya səviyyəsinədək yüksəlir. İndi durub bunların hamısına korona damğası vurub, cəmiyyətdə qorxu xofu yaratmaq, təhsildə hətta fərdi şəkildə də olsa qapanmaya çağırışlar etmək, yüngül desək nadanlıq, gələcəyi düşüsək ölkədə kütləvi savadsızlığa rəvac verməkdir.
Sirr deyil ki, təhsil ocaqlarında pis-yaxşı gigenik və qorunma qaydalarına riayət olunur, uşaqların çıxdıqları ailələr də sağlamdır. Mümkündür bəzi, əsasən də yaşlı valudeynlərdən koronaya yoluxub sağalmış, yaxud müalicə olunan olsun. Amma bu heç də o anlama gəlmir ki, o evdən çıxan şagird-tələbə virus daşıyıcısıdır. Elə isə məktəblərdə yoluxmalar haradan qaynaqlanır? Müşahidələr göstərir ki, orta və ali məktəb tələbələri üçün potensial yoluxma mənbəyi onların gündəlik istifadə etdiyi sərnişin avtobuslarıdır. Hə bax bu avtobuslarda hər cür insana rast gəlmək olur və heç kim bilmir ki, ağız-ağıza, az qala qol-boyun dayandığın adam virus daşıyıcısıdır, yoxsa yox. İctimai nəqliyyatdan istifadə edənlər təsdiqləyər ki, səhər, günorta və axşam saatlarında avtobuslarda o dərəcə sıxlıq olur ki, hətta böyüklər belə nəfəs almaqda çətinlik çəkir. Maraqlıdır, paytaxdakı elitar lisey və ingilis dili təmayüllü məktəblərdə niyə yoluxma faktı qeydə alınmır?! Çünki həmin məktəblərdə oxuyanları məktəbə xüsusi ayrılmış məktəbli avtobusları aparıb-gətirir. Odur ki, hansısa məktəbi, sinifi, qrupu, fakultəni bağlamaqdansa yaxşı olar ki,hökumət qeyd olunan saatlarda xətlərə daha çox avtobus və qatar buraxılması barədə Bakı Nəqliyyat Agentliynə, o cümlədən Metropoliten idarəsinə göstəriş versin.
Tamam başqa xəstəlikdən dünyasını dəlişmiş şagirdi cinayətkarcasına korona xəstəsi adı ilə xalqa nümayiş etdirib ətrafında şou yaratmaq kimi mənəviyyatsızlığa isə birdəfəlik son qoymaq lazımdır.
Bəli, koronavirus var, bəli bu virus öldürücüdür amma əvvəldən də deyildiyi kimi, bu xəstəlik əsasən yan xəstəlikləri olan yaşlı insanlar üçün təhlükəlidir. Və görünən budur ki, hər kimin oyunudursa müxtəlif adlarla hələ uzun müddət davam edəcək. Ona görə də nəinki məktəbləri bağlamaq, əksinə başqa ölkələrdə olduğu kimi digər sahələrdəki məhdudiyyətləri də aradan qaldırmaq lazımdır. İnsanlar çörək deyib mələyir, şagird atasının adını düz yaza bilmir, sizlər də başlamısınız qapanmanın zəruriliyindən moizə oxumağa. Guya ki, milləti düşünürsünüz. İnanan daşa dönər!
Səma