Fatihə surəsinin mesajları

Fatihə surəsinin mesajları
 

 

Siracəddin Hacı

XII YAZI

(əvvəli ötən saylarımızda)

İmam Razi deyir ki, ayədə söz ümumidir, ümuma aid olan sözü bir qrupa aid etmək nəzərdə tutulanın əksinə hərəkət etməkdir. Qəzəbə uğrayanların kafirlər, azanların da münafiqlər olduğu ehtimal daxilindədir. Üç qrup insan var: uca Allaha itaət edənlər – onlar nemət verilmişlərdir, günah işləyənlər – onlar qəzəbə uğrayanlardır, Allahın dini ilə bağlı cəhalət və küfür içində olanlar – onlar da doğru yoldan azanlardır: “... Fatihə surəsinin əvvəli Allaha həmd etməyi, Onu ucaltmağı, Onu öyməyi, sonu isə Ona iman etməkdən, Ona itaətdən üz çevirənləri qınamağı əhatə edir. Bu da bütün xeyirlərin qaynağının, xoşbəxtliyin əsasının Allaha yönəlmək, bəlaların qaynağının, qorxularının əsas səbəbinin də Allahdan üz çevirmək, ona itaətdən uzaqlaşmaq, Ona xidmətdən qaçmaq olduğunu göstərir” (İmam Razi, göstərilən qaynaq, s. 365).  

VII

AMİN!

“Amin” sözü Qurani-Kərimdən bir ayə deyil, bunun dəlili “amin” sözünün ilahi mətnə yazılmamasıdır. Fatihə surəsini oxuyandan sonra “amin” demək sünnədir, deyilməsi gözəl davranışdır.

“Amin” demək sadəcə müsəlmanlara aid deyil, yəhudi və xristianlar da “amin” deyirlər, bu, müsəlmanları, xristianları, yəhudiləri bir-birinə bağlayan sözlərdən biridir.

“Amin” sözünün mənası “təsdiq”, “doğrulama”, “iştirak etmə”, “bəli”, “uca Allah qəbul etsin”dir. Yəhudi dilində (İbranicə) “elə olsun”, “duam tutsun”, “duam qəbul olsun” anlamlarını daşıyır.

Allah Rəsulu Fatihə surəsini oxuyandan sonra “amin” deyərdi. O, Fatihəni açıq (səsli) oxumuşsa, “amin”i də açıq, gizli (səssiz) oxumuşsa, gizli söyləyərdi.

Allah Rəsulu axşam, yatsı, sabah kimi Fatihənin açıqdan oxunduğu camaat namazlarında arxasında sıraya düzülənlərin eşidəcəyi biçimdə “amin” deyərdi. O buyurur: “İmam qəzəbə düçar olmuşların və azmışların yolundan uzaq tut”, - deyə oxuduğu zaman “amin” deyər. Yer əhlinin aminləri səma əhlinin və mələklərin aminləri ilə üst-üstə düşərsə, Allah qulunun keçmiş günahlarını bağışlayar” (Buxari, Azan, 112; Müslim, Səlat, 72/410).

Alimlərin görüşü budur ki, imam “amin” deyəndə arxasındakı camaat da “amin” deməlidir.

İbn Abbas deyir ki, Fatihədən sonra “amin” demək, ey Rəbbimiz, bizi qəzəbə uğrayanlardan deyil, doğru yolda olanlardan et anlamını daşıyır, ancaq  “amin” Fatihədən bir ayə deyil.

İmam Mücahid deyir ki, “amin” uca Allahın adlarından biridir, ey Rəbbimiz, dualarımızı qəbul et mənasını daşıyır (qeyd edək ki, ilahi kitabda uca Allahın “amin” adı yoxdur).

Kabul Əxbar deyir ki, “amin” uca Allahın möhürüdür. O, mömin qullarının dualarını onunla möhürləyər.

İmam Mukatil deyir ki, “amin” uca Allahın gücüdür, bu güc rəhmət endirər.

İbn Abbas deyir ki, Allah Rəsulundan “amin”in mənasını soruşdum, buyurdu ki, “amin”, ey Rəbb, istəklərimi tamamla deməkdir.

İrfan əhli deyir ki, “amin” sözü dörd hərfdir, Fatihə surəsini oxuyan kimsə “amin” deyəndə uca Allah hər hərf üçün bir mələk yaradar, o mələklər o qul üçün qiyamətədək bağışlanma istəyərlər. Uca Allah Fatihəni oxuyan mömin qullarına rəhmət nəzəri ilə baxar, onları hidayətə bağlayar, doğru yolla getmək gücü verər.

Allah Rəsulundan belə bir hədis rəvayət edilir: “Fatihəni bitirəndə “amin” deməyi Cəbrail mənə öyrətdi və dedi ki, o, yazı üzərinə vurulmuş möhür kimidir” (Beydavi tefsiri, İstanbul, 2013, c.I, s. 31).

Hz. Əli buyurur ki, “amin” aləmlərin Rəbbinin möhürüdür, qulunun duasını Onunla möhürləmişdir.

Həsən Bəsri deyir ki, imam Fatihədən sonra “amin” deyə bilməz, belə ki, o, dua edən kimsədir.

İmam Əbu Hənifə namazlarında “amin”i səssiz oxumuşdur.

İmam Malik və İmam Şafii deyir ki, “amin” səsli oxunmalıdır.

Vail bin Hüseyn rəvayət edir ki, Allah Rəsulu “amin” sözünü uzadaraq və səsli oxuyardı.

İbn Macənin “Sünən”ində Əbu Hureyrənin belə dediyi rəvayət olunur: “İnsanlar amin deməyi tərk etdilər. Halbuki Allah Rəsulu ... elə amin deyərdi ki, birinci sıradakılar eşidərdi, məsciddə amin səsi əks-səda verərdi, məscid sarsılardı” (İbn Macə, İqamə, 14; Kurtubi, el-Cami, 1/130).

Amin uyumdur, ahəngdir, ümmət şüurunun, ilahi iradəyə, uca Allahın nizamına təslimiyyətin ifadə biçimidir.  

VIII

FATİHƏ SURƏSİNİN NAMAZDA OXUNMASININ HÖKMÜ

Allah Rəsulu buyurur: “Fatihəsiz namaz olmaz”(Buxari, Azan, 95; Müslim, Səlat, 34/394). Allah Rəsulunun bu sözünü əsas alan İmam Şafii, İmam Malik, İmam Əhməd bin Hənbəl namazda Fatihənin oxunmasının fərz olduğunu bildirmişlər.

İmam Əbu Hənifə Qurani-Kərimin: “Qurandan sizə asan olanı oxuyun” (Müzzəmmil, 73/20), -  ayəsini dəlil göstərərək namazda Fatihənin oxunmasının fərz olmadığını açıqlamışdır. Onun bir dəlili də Allah Rəsulunun bu hədisidir: O, bir səhabəyə namaz öyrədərkən belə buyurdu: “Qurandan sənə asan olanı oxu” (Buxari, Səlat, 45, Müslim, Səlat, 263).

Camaatla qılınan namazlarda Fatihə surəsinin oxunması ilə bağlı imamlar arasında fikir ayrılığı var. İmam Əbu Hənifə imamın qiraəti (oxuması) imama tabe olanın qiraətidir hədisini əsas götürmüş, imamın arxasında namaz qılanlar Fatihə oxumamalıdır hökmünü vermişdir. Ona görə, imamın Fatihəni səsli, ya da səssiz oxumasının fərqi yoxdur, camaat iki halda da Fatihəni oxumamalıdır. Alimin bu hökmü verməsinin bir dəlili də: “Quran oxunduğu zaman susub dinləyin”, - ayəsidir (bizcə, bu ayə İmam Əbu Hənifənin hökmünün dəlili deyil, ayə ilahi mətndə fərqli bağlamda, fərqli məsələyə aiddir).

İmam Şafii deyir ki, camaatla qılınan namazlarda (səsli, ya da səssiz, fərqi yoxdur) camaat da Fatihəni oxumalıdır. Onun dəlili Allah Rəsulunun yuxarıda mətnini verdiyimiz hədisidir.

Bu məsələ ilə bağlı üçüncü görüş də var. Bu görüş çoxluğun qəbul etdiyi görüşdür: imam Fatihəni səsli oxuyanda camaat susmalı (Fatihəni oxumamalı), imam Fatihəni səssiz oxuyanda camaat surəni səssiz oxumalıdır (camaatla qılınan günorta və ikindi namazlarında camaat Fatihə oxuyar, axşam, yatsı, sabah namazlarında oxumaz). Bu yolla da: “Quran oxunanda susub dinləyin!”, “İmam ancaq ona tabe olunandır, o, təkbir deyəndə siz də təkbir deyin, oxumağa başlayanda susub dinləyin!”, “Fatihəsiz namaz olmaz” ölçülərinin hökmləri yerinə yetirilmiş olar.

İmam Şafii və İmam Malikin görüşünə görə, namazın hər rükətində Fatihə oxunmalıdır. Həsən əl-Bəsriyə görə isə namazın yalnız bir rükətində Fatihə oxumaq yetərlidir. Bu məsələdə doğru olan birinci görüşdür.

IX

FATİHƏ SURƏSİNİN ÜMUMİ MESAJLARI

- Fatihə rəsmi sıralamada Qurani-Kərimin ilk surəsidir;
- yeddi ayədir;
- bütün ayələri eyni anda nazil olunan ilk surədir;
- Allah Rəsulu onu Qurani-Kərimin birinci sırasına yerləşdirmişdir;
- O, Qurani-Kərimin özü, canı, əsası, özəti, ön sözü, namazın olmazsa, olmaz şərtidir;
- ana mövzuları bunlardır: həmd, tövhid, axirət, dua;
- Qurani-Kərimin məqsəd və mənaları Fatihədə toplanmışdır;
- surədə iman, ibadət, həyat nizamının əsasları var;
- imanın əsası: həmd aləmlərin Rəbbi, Rəhman, Rəhim, din gününün (hesab gününün) Maliki olan Allaha məxsusdur;
- ibadətin əsası: yalnız Sənə ibadət edər, yalnız Səndən yardım istəyərik;
- həyat nizamının əsası: bizi nemət verdiklərinin yolu olan doğru yola yönəlt, qəzəbə uğrayanların və azmışların yoluna deyil;
- iman əsası (əqidə) doğru olsa, ibadət (qulluq), ibadət doğru olsa, həyat nizamı doğru olar (sıralama budur: öncə uca Allahı doğru tanımaq şərtdir);
- iman mücərrəd anlayış deyil, onun meyvələri var, doğru qulluq (ibadət), sağlam həyat nizamı, sevgi, mərhəmət, ədalət onun insanlara hüzur verən meyvələridir;
- axirətə iman insanın bu dünyadakı həyatına bərəkət qapıları açar;
- uca Allahın haqqı tək olmaqdır;
- insanın haqqı tək olana təslimiyyətdir;
- uca Allaha təslimiyyət insan azadlığının şərtidir;
- azadlıq da dəyərli olmağın açarıdır;
- uca Allahın sonsuz imkanlarından istifadə Onu tanımaqla, Ona itaətlə, Onun seçdiyi həyat tərzini yaşamaqla mümkündür;
- ibadətin əsası ixlasdır, səmimi, tanıyaraq, inanaraq, könüllü təslim olmaqdır;
- insanın örnəyə ehtiyacı var, inananların örnəyi elçilər, şəhidlər, sadiqlər, saleh əməli olanlardır;
- insanın ibrətə ehtiyacı var, qəzəbə uğrayanlar, azmışlar, lənətlənmişlər ibrət vasitələridir;
- O, hidayəti istəyənə (istədiyinə deyil) verər;
- O, kimsəni azdırmaz, azmaq istəyənin azmasına izin verər;
- uca Allah insandan şüurlu, iradəli həyat yaşamasını istəyir, onun qədərini seçiminə bağlayır;
- Fatihə deyir ki, öncə qulluq vəzifəni yerinə yetir, sonra dua et, ən gözəl dua feili (əməli, saleh əməllər) duadır;
- hər şeydən öncə uca Allahdan hidayət istə;
- bilgisiz iman və ibadət olmaz;
- Fatihə “biz” deyir, ümmət şüuru verir, camaatdan ayrılmayın ölçüsünü qoyur;
- insanlığın gerçək yolu İslamın yoludur, bu yolun dəvətçiləri var: ağıl, insanın fitrəti, elçilər, Qurani-Kərim, möminlər;
- uca Allah hər an həyata müdaxilə edir, görür, bilir, eşidir;
- din uca Allahın seçdiyi həyat tərzidir;
- Fatihə islam əqidəsinin toplu ifadəsidir;
- bu surədə islami tərbiyənin əsasları var;
- uca Allahı tanıyıb, Ondan başqa məbud olmadığını bilən insandan şeytan uzaqlaşar;
- Fatihə insanın möhtac olduğu həqiqətləri ehtiva edir;
- Fatihə hər namazın hər rükətində təkrar olunur, deyir ki, bu mübarək surənin həqiqətlərini unutma;
- İmam Razi deyir ki, Fatihə surəsi yeddi ayədir, insanın yeddi problemini həll edir: kim “əlhəmdülillah” desə (anlasa), uca Allaha şükür etmiş olar, əlindəkilərlə kifayətlənər, şəhvətinin hakiminə çevrilər. Kim Onun aləmlərin Rəbbi olduğunu bilsə, əldə edə bilmədiyi şeylərlə bağlı tamahı sönər, qazandıqları ilə bağlı xəsislik duyğusu yox olar. Kim uca Allahın Rəhman və Rəhim olduğunu bilsə, Onun din gününün (hesab gününün) sahibi olduğuna inansa, qəzəb və öfkə atəşindən qurtular. Kim “yalnız Sənə ibadər edərik” desə (ayənin şərtini yerinə yetirsə), təkəbbür xəstəliyindən xilas olar. Kim “yalnız Səndən yardım istəyərik” desə, özünü bəyənmə bəlasından qoruyar. Kim “bizi doğru yola yönəlt” desə, nəfsin şeytanı ondan qaçar. Kim “bizi qəzəbə uğrayanların və azmışların yolundan uzaq tut” desə (bu ayənin həqiqətinə iman etsə), şirk, bidət və xurafatlardan təmizlənər;

Ardı var...

Paralel.az

 

0.022650003433228