Nizamişünaslıq hansı addımları atmalıdır?
IV yazı
- Nizami ilə bağlı son araşdırmalarınız haqqında bir az bilgi istəyirik.
- Öncə onu deyim ki, bizim Nizamini anmağa deyil, anlamağa ehtiyacımız var. Kimliyimizi, dəyərlərimizi tanımaq, inkişaf etmək, azad olmaq, ədalətli cəmiyyət qurmaq, dünya mədəniyyətinin öncüllərinin sırasında yer tutmaq istəyiriksə, Nizami irsini dərindən öyrənməli, dəyərlərini günümüzə daşımalıyıq. Bu böyük işi gerçəkləşdirmək üçün də bir sıra şərtlərə ehtiyac var: birincisi, Azərbaycan mədəniyyətinin, o sıradan Nizaminin islami kimliyi qəbul olunmalı, Nizami bağlı olduğu dəyərlər əsasında öyrənilməlidir. İkincisi, Nizami irsi yenidən tərcümə olunmalı, bədii və sətri tərcüməsi hazırlanmalıdır. Üçüncüsü, bu böyük işi gerçəkləşdirmək üçün ayrı-ayrı elm sahələrinin mütəxəssislərindən ibarət elmi heyət formalaşdırılmalıdır. Dördüncüsü, Nizaminin hər misrasına şərhlər yazılmalı, onun irsi ilə bağlı ciddi elmi işlər ortaya qoyulmalıdır. Beşincisi, Nizaminin təbliğ etdiyi dəyərlər həyatımıza daşınmalıdır.
Biz də gücümüz ölçüsündə işlər gördük. Elmi fəaliyyətimizin iki əsas istiqaməti var, biri Qurani-Kərimlə, o birisi Nizami ilə bağlıdır. Nizamini aid olduğu dəyərlər işığında öyrənməyə çalışdıq, onun əsərlərinə on iki cild şərh yazdıq, işlərimiz davam edir, bu ilə “Yeddi gözəl” məsnəvisi ilə bağlı, min iki yüz səhifəlik, iki cildlik şərhimiz çap olundu. Dünya nizamişünaslığında ilk dəfə olaraq şairin iki məktubuna yüz əlli səhifəlik şərh yazdım, “Nizaminin iki məktubu: dünya siyasət və diplomatiya tarixinin iki şah əsəri” adı ilə çap etdim. İndi “Nizaminin ədalət xütbəsi” adlı elmi işimi tamamlamışam. İşlər davam edir, Allah ömür versə, Nizami irsinin hamısını şərh edəcəyəm. Hərəkət bizdən bərəkət Allahdandır.
Paralel.az