3-ün “kruqu” kimin “kruqudur”?

3-ün “kruqu” kimin “kruqudur”?
 
Əslində belə deyilməlidir: 3-cü mikrorayon dairəsi. Amma şəhər sakinləri bu ünvanı daha çox 3-ün “kruqu” kimi tanıyır və belə adlandırır. 
Yolu düşənlər görmüş olar həmin ərazidə yolun iki istiqamətində yeni inşa edilmiş körpülərdən birinin( 20 Yanvardan Ziya Bünyadov prospekti istiqamətində) altında şəhərlərarası sərnişin daşımaqla məşğul olanlar maşınlarını saxlayır. Qınamalı deyil, insanlar gündəlik çörək pulu qazanmalıdır və onlar üçün bu məkan soyuqdan, qardan, yağışdan və küləkdən qorunmaq üçün ən əlverişli yerdir. Saatlarla ayaq üstə müştəri gözləmək, ərazidən keçən insanların yanına qaçmaq, Beyləqan, Füzuli, Ağcabədi, İmişli terminləri gün ərzində bəlkə yüz dəfə səsləndirmək elə də asan məsələ deyil. Bəlkə bu sürücülər gecə yatanda da o adlarla sayıqlayırlar. Bugünlər orda diqqətimi bir şəxs çəkdi. Əlində dəftər, altında stul tez-tez nəyinsə qeydiyyatın aparırdı. Nə iş gördüyünü soruşdum. Məlum oldu ki, bu şəxs körpünün altında dayanan hər maşına görə sürücüdən 1 manat töycü alır. Əvvəl elə bildim ki, Bakı Nəqliyyat Agentliyinin qanundankənar əməllərindən biridir. Odur ki, həmin adamdan hansı təşkilatı təmsil etdiyini xəbər aldım. Doğrusu cavab mənə də qəribə gəldi. Töycüyığanın deməsinə görə, əraziyə nəzarət Əli adlı Milli Qəhramana aiddir (təəssüf ki, “qəhramanımızın” soyadın doğru-dürüst ifadə edə bilmədi). Düzü adamın dedikləri mənə şübhəli göründü, çünki əvvəla heç bir müharibə qəhramanı özünə sığışdırıb zülmlə çörək pulu qazananın cibinə girməz, digər tərəfdən “ac qurdlar” buna imkan verməz. Ən azı əldə olunan gəlirin müəyyən hissəsi onlara verilməsə. Şübhəm də yanılmamışdım. Sürücülərlə söhbətdən aydın oldu ki, yollara nəzarət edən hansısa qurum bu çirkli pula şərikdir. Belə ki, əgər maşın sahiblərindən hansısa dikbaşlıq edib tələb olunanı verməsə, səhəri gün həmin qurumun təmsilçiləri ya onu cərimə edir, yaxud ərazidən uzaqlaşdırır. Təəssüf ki, həmsöhbətlərim DEPARTAMENT-in işçiləri adlandırdıqları bu şəxslərin konkret hansı- BNA, yaxud “Azəravtoyol”-un əməkdaşı olduğunu bilmirlər.
Qeyd edək ki, gün ərzində körpüdən daldanacaq-dayanacaq kimi təxminən 150-180 civarında sürücü istifadə edir ki, bu da ay ərzində minumum 4500 manat vəsait edir. 
Məncə indiki zamanda heç də pis qazanc deyil, bir deputatın maaşı həcmindədir.
     
Səma
0.05534291267395