İnsanları soyub, talamaq olar...

İnsanları soyub, talamaq olar...
 
Amma bunu edən xəstəxanalardan, həkimlərdən danışmağı qadağan etmək lazımdır?!
Paralel.az xəbər verir ki, bunu parlamentin son iclasında çıxış edən deputat Rəşad Mahmudov deyib.
Vallahi-billahi, düz deyirlər ki, insan gündə yeni bir söz eşitməsə qulağı kar olar. Amma baxır sözə də. Bizim məmurlarımızın, deputatlarımızın isə dillərindən hər zaman «dürr» tökülür. Deyilənlərə görə, Rəşad Mahmudov Azərbaycanda tanınmış ürək cərrahı, həm də ən varlı, imkanlı həkim, xeyriyyəçidir (şəxsi tanışlığım olmadığı üçün deyilənlərə inanmaq məcburiyyətindəyəm). Amma bu titullara sahib olan birisinin xəstəxanalar və həkimlər barədə danışılanlardan əndişələnməsini heç cür anlaya bilmədim. Hörmətli Rəşad Mahmudov nəinki insanların və media qurumlarının susdurulmasını, hətta səhiyyə işçilərinin işgüzar nüfuzuna zərər vurulması ilə bağlı cinayət məsuliyyətinin nəzərdə tutulmasını təklif edib. Deputat bunu belə əsaslandırıb ki, səhiyyə işçilərinə qarşı məhkəmə qərarı olmadan ittihamlar səsləndirilir. Deputat qeyd edib ki, Azərbaycanda mətbuatda səhiyyə müəssisələrinin və həkimlərin adlarını açıqlamaqla məlumatlar yayımlanmasının qarşısı alınmalıdır. 
Sağ ol səni Xasay müəllim, yox ey çaşdım, Rəşad doxtur! Bütün dünya söz və mətbuat azadlığından, plüralizmdən danışır, bizim ən hümanist peşə sahibi olan deputatımız (deputat bilirsiniz də, danışan deməkdir) isə insanlara nöqsanlardan danışmağı qadağan etməyi təklif edir.
Mənə belə gəlir ki, Rəşad həkim öz həmkarlarına bir qədər insaflı olmalarını təklif etsəydi, bundan daha məntiqli olardı.
Y.Seyid
0.024403095245361