Fatihə surəsinin mesajları
Siracəddin Hacı
XI YAZI
(əvvəli ötən saylarımızda)
Qurani-Kərim buyurur ki, uca Allah hidayəti istəyənə verir (Bəqərə, 2/272), elçinin işi dəvətdir(Şura, 42/52-53), iman et, haqqa yönəl, O da hidayəti yaratsın (Təğabun, 64/11; Rəd, 13/27), iradə hürriyyətin var, seçim sənə aiddir, hər kəs hidayətə möhtacdır, O, hidayət istəyənin hidayətini artırar.(Kəhf, 18/13; Məryəm, 19/76)
“Bizi doğru yola - hidayətə yönəlt”. İbn Abbasdeyir ki, “bizi yönəlt” bizi maarifləndir deməkdir, irşadla, maariflə (cəhalətdən qurtarmaq) hidayət eyni şeydir.
Hidayətin üç anlamı var: açıqlama (maariflənmə), doğru yola yönəltmə (azmaqdan qoruma), uca Allahın bizim üçün hidayəti yaratmasını istəmə. (Ebu Mansur el-Maturidi, göstərilən qaynaq, s. 48)
Hidayət hər an və hər işində iman halında olmaqdır. Əbussuud Əfəndi deyir ki, “bizi doğru yola (hidayətə) yönəlt” ayəsində uca Allaha ibadət mərtəbəsinin ucalığına, buna qovuşmağın əzizliyinə, ibadət edən qul üçün bunun ən böyük arzu və hədəf olmasına, bunun şəxsi səyi ilə deyil, uca Allahın lütfü olduğuna açıq işarələr var.
Uca Allah buyurur ki, O, doğru yola yönələnlərin hidayətini artırar, onlara qorunma gücü bəxş edər.
Hz. Əli “bizi hidayətə yönəlt!” ayəsini bizə hidayətdə səbat (qərarlılıq) ver kimi təfsir etmişdir.
Əbul-Leys Səmərqəndi bir müridin hidayətə qovuşmasını bədii dillə gözəl açıqlayır: “... Mürid könül aynasından ağıl gözü ilə baxdı, surətinin eyibləri ona göründü. Xətaları ortaya çıxdı. Allaha müxalifət etdiyi bilindi. Az qalmışdı ki, həlak olsun. O anda peşman oldu, doğruluq kəmərini bağladı. Belinə ixlas ətəyini bənd etdi. Oyandı və haqq yoluna baş qoydu. Tövbə silahını əlinə aldı, təvəkkül qabını belinə taxdı. Riza və təslimiyyət azuqəsini içinə qoydu. Qənaət qılıncı ilə nəfsin havasını öldürdü. Şeytanı məğlub etdi, ağıl və canı sevindirdi. Bunlarla mütləq hökm sahibinin qapısına çatdı. Allahın lütf və yardımından istifadə etdi. Allahın lütf və yardımından istifadə edən rəhmət məcunundan yeyər, mərifət dərmanlarından içər, bu yolla qəlbi və bədəni sağlamlığa qovuşar. Ona bulaşmış xəstəliklərdən qurtular. Qəbri cənnət bağçalarından bir bağça olar... Bütün bu arzular ancaq Yaradanın lütfü ilə gerçəkləşər” (Ebul-Leys Semerkandi, Tefsirul-Kuran, İstanbul, 1993, c.I, s. 55).
“Bizi doğru yola yönəlt” ayəsini oxuyan hidayətə qovuşmaq üçün yardım istəmiş, qovuşduqdan sonra da səbat diləmiş olur. Seyyid Kutub insanı hidayətə qovuşduran səbəbləri belə sıralamışdır: “... Bu yolu tapmaq və ondan ayrılmamaq uca Allahın rəhmət, hidayət və nəzarətinin, yalnız Allaha yönəlməyin, Onun tək yardımçı olduğuna inanmağın nəticəsidir. Bu da möminin Allahdan istədiyi ilk və ən böyük arzudur, çünki doğru yola qovuşmaq dünya və axirət səadətini qazanmağın qəti təminatıdır (güvəncəsidir). Bu qovuşma, əslində, aləmlərin Rəbbi olan Allahın bütün yaradılmışların hərəkəti ilə insan davranışları arasındakı ahəngi (uyumu) təmin edən ölçüsünə (prinsipinə) qovuşma hadisəsidir” (Seyyid Kutub, Fi Zilalil-Kuran, İstanbul, 2001, c. I, s. 35-36).
Hidayətə qovuşmaq insanı günahlardan, anlamsızlıqdan, ümidsizlikdən, köləlikdən, qorxunc aqibətdən qoruyar.
Hidayət uca Allahın lütfü ilə insana yol göstərməsidir. Onun hidayət vasitələri çoxdur: ağıl, duyğular, haqq ilə batili ayıran dəlillər, elçilər, ilahi kitablar...
Hidayətdə olanın hidayət istəməsi daha çox hidayət tələb etməsi və doğru yolda qərarlılıq diləməsidir: bizi doğru yolda qərarlı qıl, o yolda getməyi ehsan et, ey Rəbbimiz!
Hidayət uca Allahın inananlara vəd etdiyi zəfərə qovuşmaqdır.
“Bizi doğru yola (hidayətə) yönəlt” ayəsində “sirat” (“yol”) anlayışı da var. “Sirat” sözü “sin-ra-ta” kökündəndir. Qurani-Kərimdə bu kökdən olan sözlərin (“sirat”/ “əs-sirat” biçimində) sayı qırx beşdir. “Sirat” sözü ilahi mətndə həqiqət anlamını daşıyan “yol”(Əraf, 7/86; Yasin, 36/66; Mülk, 67/22), məcazi mənada “həqiqət” və “hidayət yolu” (Fatihə, 1/6; Bəqərə, 2/142, 213; Ali-İmran, 3/51, 101...) kimi işlədilmişdir.
Allah Rəsulu buyurur: “Doğru yol İslamdır”(Tirmizi, Fədailul-Kuran, 14; Darimi, Fədailul-Kuran,1). İbn Hənbəlin rəvayət etdiyi hədisdə də siratın İslam olduğu bildirilir (Müsnəd, 6/1).
Qurani-Kərimdə “sirat” sözü “Quranın yolu” anlamında da işlədilmişdir: “Bu gün dininizi sizin üçün tamamladım və Allaha təslimiyyəti sizin üçün həyat tərzi olaraq seçdim” (Maidə, 5/3), “Allaha (Onun Kitabına) sımsıx sarılan doğru yola yönəldiləcək” (Ali-İmran, 3/101), “Allah yalanı təbiət halına gətirən heç bir nankoru əsla doğru yola yönəltməz” (Zümər, 39/3)...
Qurani-Kərimdə “doğru yol” buyruq və yasaqlardır. Uca Allah doğru yolunu bu ölçülərlə açıqlamışdır:
Uca Allah bu ölçüləri saydıqdan sonra buyurur: “Mənim dosdoğru yolum budur. O halda, bu yolu izləyin, fərqli yollara sapmayın ki, sizi Onun yolundan uzaqlaşdırmasınlar!” (Ənam, 6/153)
Doğru yolun hədəfi insanın və toplumun hüzurlu həyatını təmin etməkdir: “Biz bu ilahi kitabı sənə çətinlik çəkərək rahatsız olasan deyə endirmədik...”(Taha, 20/2)
Doğru yol tək doğru yoldur, uca Allahın seçdiyi həyat nizamıdır: “Heç şübhə yoxdur ki, bu Quran ən doğru yola (tək doğru yola) yönəldir, ərdəmli və gözəl davranışları olanları mütləq möhtəşəm bir qarşılığın gözlədiyini müjdələyir” (İsra, 17/9). Ayədəki “müstəqim” sözü də “sirat” sözünə əyriliyi olmayan yol anlamını yükləyir.
Bir sıra islam alimləri demişlər ki, doğru yol Qurandır, imandır, dindir, haqq yoludur, orta yoldur, islah edənlərin yoludur, ədalətdir: “Hansı qəbul edilirsə, edilsin, sirat əyriliyi və azması olmadan varlığını davam etdirən, içində ziddiyyətlər olmayan mənəvi bir yoldur. Bu yoldan ayrılmayan Fatihədə anladılan ilahi lütflərə qovuşar” (İmam Maturidi, göstərilən qaynaq, s. 48).
“Müstəqim yol” doğruluğu əqli və nəqli (ağılla, ilahi mətnlə) dəlillərlə sabit olan yoldur, bu yolun doğruluğunun dəlilləri qarşı fikirlərlə yox edilə bilməz. O yola təslim olan qurtular, o yol insanı hüzura qovuşdurar, cəhənnəm atəşindən qoruyar. İnsan o yolun vasitəsi ilə anlamlı həyat yaşayar, axirət səadətinə qovuşar. O yol sahibini arzu etdiyinə bağlayar. Bizi doğru yola yönəlt, yəni: “Bizi İslamın könüllərdə yerləşib sabit olacağı səbəblərə hidayət et. Onunla bizi arzu etdiklərimizə çatdır. Bizi dağınıq və batil yollardan qoru...” (Semerkandi, göstərilən qaynaq, s. 53)
Abdullah ibn Məsud rəvayət edir: “Allah Rəsulu bir gün bir düz xətt çəkdi. İki yanına da əyri xətlər çəkdi. Sonra buyurdu ki, bu düz xətt sirati-müstəqim olan İslamın yoludur. Əyri xətlər isə dağınıq və batil yollardır ki, hər birinin əvvəlində şeytanlar var. Onlar insanları haqq yoldan uzaqlaşdırıb, batil yollara yönəltmək üçün çalışırlar”.
İki nöqtə arasındakı ən qısa xətt düz xətdir, doğru yol da o xətt kimidir.
Ərəb dilində yol anlamını daşıyan “təriq”, “səbil”sözləri də var. “Təriq” sözünün cəmi “turuq”dur (“yollar”), “səbil” sözünün cəmi “subul”dur (“yollar”), “sirat” sözünün isə cəmi yoxdur. Uca Allah ayədə “sirat” sözünü seçərək sirat-i müstəqimin tək doğru yol olduğunu vurğulamışdır.
İmam Razi yazır ki, ayədəki “sirat-i müstəqim” ifadəsi insanın uca Allahdan başqa hər şeydən üz çevirərək bütün qəlbi, fikri, zikri ilə Allaha yönəlmiş olmasıdır. Ona görə də “Bizi doğru yola yönəlt!” ayəsini oxuyan qulun məqsədi uca Allahın onu haqqında danışılan özəllikləri olan yola yönəltməsini istəməsidir, yəni bizi cənnəti haqq etmiş, nemət verilmişlərin yoluna yönəlt.
“Sirat-i müstəqim” ən yaxın və ən qısa yoldur, mən acizəm, Allahım, halıma uyğun olan yol Sənin tək doğru yolundur, uzaq və əyri yolları getmək imkanım yoxdur. Dosdoğru yol tək doğru yoldur, ikincisi yoxdur. O yol qorxu və bəlalardan qoruyan təhlükəsiz yoldur. Dosdoğru yol insanı hədəfinə qovuşdurar, əyri yollar isə azdırar. Dosdoğru yol dəyişməz, əyri yollar dəyişə bilər.
İmam Razi uca Allah ayədə niyə “məni” deyil də, “Bizi doğru yola yönəlt!” deməyimizi istəməsinin səbəblərini dörd maddədə belə açıqlamışdır:
VI
“BİZİ QƏZƏBƏ UĞRAYANLARIN VƏ AZMIŞLARIN
YOLUNDAN UZAQ TUT!”
Allah Rəsulu buyurur: “Qəzəbə uğrayanlar yəhudilər, azanlar xristianlardır” (Tirmizi, Tefsir, 2/2957). Yəhudilər dinin ruhunu öldürüb, cəsədinə, xristianlar dinin cəsədini öldürüb, ruhuna sarıldılar (Mustafa İslamoğlu, Kuran surelerinin kimliği, s. 27)onlar bədənlə ruhu bir-birindən ayırdılar. Yəhudilər uca Allahın elçilərini öldürdülər, xristianlar elçini uca Allahın oğlu elan etdilər.
Ayənin mövzusu qəzəbə uğrayanlar və azanlar deyil, onların yoludur. Onların yolu ilə gedən hər kəs qəzəbə uğrayar, azar.
Uca Allah buyurur: “Allahın endirdiyi vəhyi qulları arasından istədiyinə bəxş etməsini qısqanmaları və endirdiyi vəhyi inkar edərək şəxsiyyətlərini satmaları nə fəna bir şeydir! (Onlar) bu səbəbə görə (dünyada) ağır bir qəzəbə düçar oldular. İnkar edənlər üçün (axirətdə də) alçaldıcı bir əzab var” (Bəqərə, 2/90).
Uca Allah buyurur: “Ey kitab əhli!... Həqiqətin sınırlarını çeynəməyin. Daha öncə özləri azmış, bir çoxlarını da azdırmış olan və yoldan çıxmaqda hələ də israr edən bir topluluğun əsassız hökmlərinə tabe olmayın!” (Maidə, 5/77)
Təbəri deyir ki, Maidə surəsinin altmışıncı ayəsi qəzəbə uğrayanlara aiddir: “De: “Allah yanında bunlardan daha betər bir cəzanı haqq edənləri sizə söyləyimmi? Onlar Allahın lənət və qəzəbinə uğrayanlardır... Ən şərli olanlar və doğru yoldan ən çox azanlar da məhz bunlardır” (Maidə, 5/60).
Təbəri yazır ki, yuxarıda mətnini verdiyimiz Bəqərə surəsinin yetmiş yeddinci ayəsi də doğru yoldan azmış xristianlarla bağlıdır.
“Allahın qəzəbi” anlayışı ilə bağlı bu görüşlər var:
Azmaq doğru yoldan ayrılmaqdır, doğru yoldan çıxan qəzəbə düçar olmağa məhkumdur. Azanlar həqiqətə qarşı dirənir, inad edir, azğınlıq dərəcəsinə çatan təkəbbürləri ilə mənəvi korluğa məhkum olurlar. Onlar elçini qəbul etmir, uca Allahın əmrinə qarşı çıxırlar, Onu doğru tanımırlar: “... Halbuki Allahdır sizin gerçək və tək Rəbbiniz! İndi söyləyin: həqiqəti çıxarsanız, geriyə azğınlıqdan başqa nə qalar? Buna baxmayaraq, necə olur ki, həqiqətdən bu qədər uzaq dura bilirsiniz?” (Yunus, 10/32)
Uca Allahın ölçüsünə görə, bir mömini öldürmək qəzəbə və lənətə yol açar: “Kim bir mömini qəsdən öldürsə, cəzası cəhənnəmdə əbədi qalmaqdır. O, Allahın qəzəbinə və lənətinə uğrayacaq. (Allah) onun üçün qorxunc bir əzab hazırlayacaq” (Nisa, 4/93).
Nemət verilənlər qəzəb və azğınlıqdan xilas olanlardır. Yəhudilər əməli, xristianlar elmi (mərifətullahı) tərk edərək nemətdən məhrum qaldılar.
İbn Məsud, İbn Abbas, Mücahid, Suddi, İbn Zeyd qəzəbə uğrayanların yəhudilər, azmışların da xristianlar olduğunu söyləmişlər. Onlar dəlil olaraq bu ayəni göstərmişlər: “Onlar Allaha və insanlığa qarşı öhdəliklərini (vəzifələrini) yerinə yetirmədikcə harada olurlarsa, olsunlar zillətə məhkumdurlar. Çünki Allahın qəzəbinə uğramış, üzərilərinə zillət və miskinlik damğası vurulmuşdur. Bütün bunların səbəbi Allahın ayələrini inkar etmələri və elçiləri haqsız yerə öldürmələridir. Bunlar da üsyankar olduqları, israrla azğınlığa davam etdikləri üçündür” (Ali-İmran, 3/112).
Həqiqəti bildiyi halda inkar etmək uca Allahın qəzəbinə, lənətinə yol açar, insanı doğru yoldan azdırar (lənət uca Allahın rəhmətindən uzaq qalmaqdır).
Uca Allahın qəzəbinə düçar olanları yalnız yəhudilər və xristianlarla məhdudlaşdırmaq doğru deyil. Onlar:
Ardı var...
Paralel.az