Nizami Gəncəvinin mayası İslam dinidir

Nizami Gəncəvinin mayası İslam dinidir
 

III yazı

Siracəddin Hacı yazır:

- Nizaminin İslam dininin dəyərlərinə bağlılığını hansı ölçülərlə qavramaq olar?
- Nizaminin düşüncəsinin mayası İslam dinidir. O ən çox hansı dəyərləri təbliğ edib desəniz, mən tövhid və ədalət cavabını verərəm. Nizami deyir ki, mənim torpağıma tövhid inancının toxumu səpilmişdir. Şair insan azadlığının əsasına tövhid inancını qoymuşdur, o deyir ki, Allaha təslim ol ki, azad olasan. Nizami Allahı tanıdır, bu məqsədlə varlıqları iki yerə ayırır: Yaradan və yaradılanlar. Şair deyir ki, Yaradan Allahdır, O, təkdir, tək olmaq ancaq Onun haqqıdır, O, vacibul-vücüddur, yəni var olmaq üçün bir başqa varlığa möhtac deyil, əbədidir, ehtiyacsızdır, hər varlığın ehtiyacını təmin edəndir, bütün mükəmməlliklər Ona aiddir, nöqsan sifətlərdən uzaqdır, bir tək İlahdır, ibadət, itaət, dua ancaq Onadır, heç bir varlığa bənzəməz, varlığın mütləq hakimidir, mərhəmətlidir, mülkün gerçək sahibidir, ölümü və həyatı yaradan Odur, hüzur qaynağıdır, güvən və iman verir, mütləq diridir, hər şeyi bilir, eşidir, görür, qullarına əsla zülm etməz, şərəf və etibar qaynağıdır, axirətin tək sahibidir, hər kəsdən hesab soruşacaq.

Nizami tövhid inancını doğru öyrətmək üçün yaradılanları da tanıdır: onlar çoxdurlar, yaradılmışlar, var olmaq üçün bir yaradıcıya möhtacdırlar, ehtiyacları var, fani-ölümlüdürlər. Nizami Allahı doğru tanımağın yolunu da öyrətmişdir: o deyir ki, insan Allahın zatını qavraya bilməz, belə ki, Allah sınırsız, insan sınırlı varlıqdır, sınırlının sınırsızı qavramaq imkanı yoxdur, Allahı tanımağın iki yolu var: birincisi, Onun yaratdıqlarını tanı, yaradılanlardan yaradana doğru get, ikincisi, Allahın gözəl adlarının anlamını öyrən (əzbərləmə, öyrən). Şair bütün məsnəvilərinin əvvəlində Allahın gözəl adlarını bədii dillə bir-bir tanıtmışdır. Nizami hədəfini belə açıqlamışdır: yer üzündə Rəhmət Evi tikmək istəyirəm, bu, sevgi, barış, xeyir, rəhmət, bərəkət, hüzur evidir, insanlıq üçün tikiləcək bu ev dörd dayaq – dörd dəyər üzərində dayanacaq: tövhid, ədalət, elm, mərhəmət. Nizami Allah Rəsulunu – son Elçini, aləmlərə rəhmət olaraq, gözəl əxlaqı tamamlamaq üçün göndərilmiş hz.Məhəmmədi sevə-sevə tanıtmış, hər məsnəvisinin əvvəlində, tövhid bölməsindən sonra Ona yer vermiş, Onun gözəl örnəkliyini önə çıxarmış, Onu tanıtmaq üçün gözəl məcazlar seçmiş, oğlunun adını da Məhəmməd qoymuşdur. Nizami insana ikidünyalı həyat təklif edir, deyir ki, axirət dünyanın ruhudur, axirət inancı olmasa, insan da, bu dünya da anlamını itirər. Nizami insana şükrü, dini, yaradılışı, savabı, günahı, tövbəni, dünyanı, qəlbi, ümidi, əməyi, anlamlı həyatı, sərvəti tanıdır. Deyir ki, hər insan yer üzünün xəlifəsidir, onu işi yer üzündə tövhid, ədalət, xeyir, mərhəmət, barış, rifah üçün çalışmaqdır. İnsan olmağın şükrü Allaha təslim olmaqdır. Anlamlı həyatın ölçüsü budur: insan ilahi təyinatına uyğun yaşamalı, Allahın buyruqlarını yerinə yetirməlidir.

Ardı var...

Paralel.az

 

0.015861988067627