Vətəndaş “Bakı Elektroniks”dən şikayət edir

Vətəndaş “Bakı Elektroniks”dən şikayət edir
 

Xətai rayonu, Sarayeva 22-a, mənzil 78 ünvanında yaşayan  Gülşən Əliyeva problemlə üzləşdiyini söyləyib. Vətəndaşın AİB-ə ünvanladığı müraciətdə deyilir: “12.08.2021-ci il tarixində Nərimanov ərazisindəki “Bakı Elektroniks”in   “sms”i vasitəsilə, endirim adı ilə mağazaya dəvət olundum.  Lakin mağazaya gəldikdə mənə heç bir endirim olmadan, nağd pula 2669 manat dəyərində “İphone 12 pro” telefonunu satdılar. Bir il zəmanəti olan cihazda 6 gündən sonra qüsur aşkarlandı və işləmədi. 18.08.2021-ci ildə telefon aldığım mağazaya getdim, telefonun donaraq işləmədiyini bildirdim, onu qaytarmağı və ya dəyişmələrini tələb etdim. Onlar  tələbimi  rədd etdilər, məni arxayın salıb yola saldılar. Bir neçə gündən sonra telefonun yenidən donduğunu gördüm, lakin mağaza rəhbərliyi və işçi heyyəti öz qüsurlu telefonlarına sahib çıxıb geri götürməkdən boyun qaçırdılar. Bu dəfə artıq bir neçə videogörüntü ilə yenidən mağazaya müraciət etdim və  məni Azadlıq prospekti-116-da yerləşən servizə telefonu diaqnoz etmək üçün göndərdilər. Ora gedəndə gördüm ki, orda məni kimi onlarla vətəndaşı servizə yönəldib, necə deyərlər, yorub incidirlər. Servizdə xanım-əməkdaş mənimlə çox kobud rəftar edərək, telefonu 10 gün müddətinə diaqnoz edib məlumat veriləcəyini dedi. Müdir Valentina xanım da telefonum diaqnoz olunduğunda iştirakımın mümkün olmadığını söyləyib, istehlakçı hüququmu kobud şəkildə pozdu. Telefonu  servisə verməyib dükana gəldim, tələb etdim ki, telefonu qaytarsınlar. 28.09.2021-ci ildə mağaza rəhbəri Toğrul adlı şəxs telefonumu məndən qaytarmaq adı ilə alıb, öz imzası  və mağazanın möhürü ilə kağız verdi ki, 30.09.2021-ci ildə verdiyim məbləği mağazadan gəlib götürə bilərəm. Lakin 1.10.2021-ci ildə məbləği qaytaracaqlarını bildirəndə, Toğrul muəllim məni saatlarla əsəb içində saxlayıb, ödənişi tam qaytara bilməyəcəyini,  məbləğdən 30% tutulacağını söylədi. Mənə 30 faizin şirkətin öz qanunları əasında tutulduğunu söylədilər. Belə çıxır ki, istehlakçının hüquqlarını müdafiə qanunları qalır, şirkət öz qanunlarını irəli sürür?!

Əcəmi Naxçıvani 6-da yerləşən baş ofisin ünvanına getdim, lakin “Baku Elektroniks”in  müdiri Səyid Naxçıvani məni qəbul etmədi, bir xanım əməkdaşını göndərdi.  Beləliklə, mənə yenə də 30% tutulmaq məsələsini xatırlatdılar.

Qeyd edim ki, anam I qrup əlil, özümüz də şəhid ailəsi olduğumuz üçün İqtisad Nazirliyində ərizəmizə daha tez baxılacağına söz verdilər. Prezident Administrasiyasının polis əməkdaşları isə bizi kobud şəkildə oradan qovdular. Əlil anam az qala dəmir qapının arasında qalıb əziləcəkdi. Bu müddət ərzində müxtəlif orqanlara olan müraciətimiz isə tam nəticəsiz qalıb. Mən iki aydır başıbəlalı telefonu qaytarıb, ödənişini ala bilmirəm. Belə çıxır ki, bütün dövlət orqanları “Baku Elektroniks”in  sahibindən qorxur, məni qapı-qapı gəzdirirlər. Elə bilirəm ki, öz hala pulumu yox, bunların pulunu dilənirəm. Qanun mənə tərəf, lakin hüquqlarım kobud şəkildə pozulur, icra edən orqan da yoxdur!

Sizdən xahiş edirəm, ödədiyim 2669 manatı mağaza rəhbərindən alıb mənə qaytarmaqda kömək edəsiniz. Mənim aylıq maaşım yoxdur, öz çörək pulumu telefonda işləməklə qazanıram. İki həftədən çoxdur ki, işləmirəm, gərək pulu alım ki, yeni telefon alaraq işimə başlaya bilim”.

Nigar

0.032528877258301