Gör nə günlərə qaldıq millət
Təhsil bazarında qiymətlər kəllə-çarxada
Paralel.az xəbər verir ki, Azərbaycanda 1992-2020-ci illərdə 40 min, son 5 ildə isə 7 min tələbə təhsil haqqını ödəyə bilməməsi səbəbindən təhsildən kənarda qalıb. Azərbaycanda vətəndaşların ən çox narazılıq etdiyi sahələrdən biri də, məhz, təhsildir. Misir Mərdanovdan miras qalan bu sistemi, artıq bir neçə nazir dəyişsə də, sistem dəyişməz qalır. Ələlxüsus da təhsilin pullu siqmentində vəziyyət daha acınacaqlıdır. Son 5 ildə 7000 tələbənin təhsil haqqını ödəyə bilməməsi səbəbindən təhsildən kənarda qalması, təkcə həmin yeniyetmə- gənclərin deyil, bu millətin faciəsidir.
Məlum məsələdir ki, Azərbaycanda insanlara ödənilən əmək haqqı, pensiya və digər ödənişlər ölkəmizdəki real bazar qiymətlərinə adekvat deyil. Yəni rəsmi açıqlanan istehlak səbəti ilə reallıq üst-üstə düşmür və fərq çox böyükdür. Bugünkü bazar reallığı ilə ölkəmizdə minimum pensiya 1000-1500 manat, minimum əmək haqqı 2000-2500 manat olmalıdır ki, insanlar normal yaşamlarını təmin edə bilsinlər. Amma minimum pensiyanın 200 manat, əmək haqqının 250 manat olduğu bir ölkədə, ən aşağı təhsil haqqının 2000-2500 manat olması, sadəcə absurd sayıla bilər. Çünki bunun üstünə 250-300 manat ev kirayəsi, 250-300 manat da yemək və geyim üçün hesablasaq, bir tələbənun illik xərci valideynlərə ən azından 7000 manata başa gəlir. Valideynlər isə ən yaxşı halda ildə cəmi 3500-4000 manat, lap deyə ki, 7000 min qazana bilirlər. Bu məsələni heç kim, hətta təhsil naziri belə, dilinə gətirmir. Nazirin son açıqlamalarına görə, onu daha çox narahat edən uşaqların 5 yaşında məktəbə getmələri və təhsil sektorunda qadınların sayının artmasıdır.
Eks-spiker müavini, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanı isə deyəsən, qızların təhsildən kənarda qalması daha çox narahat edir nəinki, oğlanların. Məhz, buna görə də təklif edir ki, imkanlı insanlar qızların təhsil almasına yardım etməlidirlər. Bu imkanlı insanlar kimdir? Bax, bu suala da, heç kim cavab axtarmır, bu məmləkətdə.
Mənim gəldiyim nəticə isə belədir ki, Azərbaycanda təhsil pulsuz olmalıdır. Dövlətimizin də buna gücü çatar. Məsələn, Finlandiyanın Təhsil nazirinə sual verirlər ki, sizdə nə üçün pullu təhsil yoxdur. O da cavabında deyir ki, təhsil bazar deyil. Azərbaycanda isə təhsil ən böyük bazardır. Bu bazarın bazarkomlarından acımasız insanlar isə dünyanın heç bir yerində yoxdur. Məhz bu acımasızlığın nəticəsidir ki, müstəqillik qazandıqımız gündən bu günə kimi 40 min gənc təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildəh kənarda qalıb. Amma heç eşitmisinizmi ki, kimsə bu məsələni araşdırıb, ortaya normal bir mövqe qoysun ki, belə olmaz. Bu gün biz gələcəyimiz olan gəncliyi küçəyə atsaq, sabah kim bu məmləkətə sahib çıxacaq?
«Gənclər bizim gələcəyimizdir»,- deməklə iş bitmir, bunu işlə, əməllə sübut etmək lazımdır. Təhsili bazarkomların əlindən alıb, pedaqoqlara verməyin vaxtı çatıb artiq, sonra gec olar!
Yusif Seyid