Paralel.az xəbər verir ki, son günlər Azərbaycan mediasında yer alan yazıları təhlil etdikdə, belə bir mənzərənin şahidi oluruq ki, Azərbaycanın Ermənistan, Qarabağ və İrandan başqa bir problemi yoxdur. Əslində, bunlar çox ciddi məsələlərdir və onların həlli ilə də aidiyyəti dövlət qurumları məşğul olurlar. Amma ölkəmizdə mövcud olan və təxirəsalınması ciddi fəsadlar yarada biləcək sosial problemləri, nədənsə heç kim dilə gətirmək istəmir. Yazar həmkarlarımla söhbətimiz zamanı, onların da bu məsələyə soyuq yanaşmalarını görürəm və hiss edirəm.»Yazılanlara kim fikir verir ki, biz də yazaq», «Sosial sahədəki nöqsanlardan yazmağa qeyri-rəsmi qadağa qoyulub», ««Azərbaycan sosialyönümlü siyasət həyata keçirir» şüarından kənara çıxmaq olmaz» və s. Bütün bunlar isə əslində mətbuatın zəifliyini və kimlərinsə istəyinin təbliğatçısı olduğunu deməyə əsas verir.
Bir faktı diqqətinizə çatdırım. İki gündür ki, sosial media, bütün telekanallar Aeroport yolunda baş verən 5 nəfərin ölümü və 20-dən çox insanın ciddi xəsarət almasına səbəb olan yol-qəza hadisəsini, əslində, çox böyük bir faciəni müzakirə edir. Kaş ki, olmayaydı. Bu müzakirədə iştirak edənlərin hamısı, sanki buraya özünümüdafiəyə gəliblər, baxmayaraq ki, onlar etiraf etdilər, etmədilər, bu faciədə hər birimizin günah payı var. Bununla belə, düz də edirlər ki, özlərini müdafiə etməyə çalışırlar. Çünki bu qəzanın əsas səbəbi insanların sosial durumu ilə bağlıdır. Amma bunu müzakirələrdə heç kim dilinə gətirməyə cürət etmir. Ara-sıra səslənən suallar isə havadan asılı qalır. Birincisi, nə üçün bu məmləkətdə sürücülər bir qarın çörək üçün gecə-gündüz küçələrdə yatmalıdırlar? İkincisi, 19 yaşlı gənc tələbəni nə vadar edib ki, sürücülük fəaliyyəti ilə məşğul olmaq məcburiyyətində qalıb? Bu məsələni heç kim gündəmə gətirmir. Hamı qanunlardan danışır. Amma heç kim etiraf da etmək istəmir ki, bu qanunlar olsa da, onlara heç bir nəzarət yoxdur. Əgər bir qanunu hansısa bir səbəbdən (bu halda sürücüləri ac qoymamaq, yaxud sosial medianın təzyiqindən çəkinərək, digər dilə gətirmədikləri səbəbləri də onlar məndən daha yaxşı bilirlər) pozmaq mümkünsə, bu artıq qanun deyil, nəzarətedici qurum üçün pul tələsidir.
Mənə belə gəlir ki, belə qəzalara əsas səbəb insanların sosial rifahınin çox aşağı səviyyədə olmasıdır. Belə olmasaydı, 19 yaşlı tələbə təhsil haqqını və yaşamını təmin etmək üçün sürücülük fəaliyyəti ilə məşğul olmaq məcburiyyətində qalmazdı.
Bu isə çox ciddi araşdırmalar tələb edən bir məsələdir. Məlumdur ki, Azərbaycanda təhsil haqqı yüksək olsa da, təhsilin keyfiyyəti bir o qədər aşağıdır. Çünki Azərbaycanda tələbələr təhsil almaq əvəzinə, haralardasa, eləcə də sürücülük fəaliyyəti ilə məşqul olaraq təhsil haqqını ödəyirlər. Ali məktəblərə də, ancaq pul lazımdır, tələbələrin təhsil problemi onları əsla narahat etmir. Bu barədə başqa bir yazımda qeyd edəcəyəm.
İndi isə bir daha onu demək istəyirəm ki, ölkəmizdə baş verən bu kimi halların hamısının kökündə sosial problemlər durur.
Minimum pensiya 200, əmək haqqı 250 manat olan ölkədə insanların sosial rifahının yüksək olmasından ancaq deputatlar və məmurlar danışa bilər. Məhz bu səbəbdən də, 19 yaşlı tələbənin törətdiyi bu qəzaya görə məsuliyyət, dövlətin üzərinə düşür. Tələbə oxumalıdır, onun vəzifəsi budur. Bunu da dövlət təmin etməlidir.
Yusif Seyid