Şirvan sakini “Optimal”dan haqqını tələb edir
Şirvan şəhəri, İ.Qayıbov küçəsi, ev 68 sakini Rəşad Miriyev problemlə üzləşdiyini söyləyib. Onun AİB-ə ünvanladığı müraciətdə deyilir: “2020-ci ilin dekabr ayında “Optimal” firmasının Şirvan şəhər filialından “bir kart” üsulu ilə “Redmi Note 9” markalı smartfon telefon almışam. Lakin iki gün sonra telefonda problem yarandı, o, tez-tez donur və sönürdü, gələn zənglər də ekranda görünmürdü. Mən bu barədə firmanın yeni direktoru Fazil bəyə məlumat verdim. O, telefonu bir neçə dəfə yandırıb-söndürməklə problemin aradan qalxacağını söylədi. Mən onun dediyini etsəm də, telefon düzəlmədi. Görünür ki, telefon texniki cəhətdən qüsurlu idi. Əlacsız qalıb on beş gündən sonra telefonu yerli filiala təqdim etdim. Onlar telefonu təmir üçün baş idarənin servisinə göndərdilər. Telefonun zəmanət müddəti təzə başlamışdı. Servisdə iyirmi səkkiz gün qalandan sonra telefonu qaytardılar ki, qüsur aradan qaldırılıb. Amma bir müddətdən sonra yenə də eyni vəziyyət yarandı, telefon işləmədi. Yenidən firmaya müraciət edəndə, telefonu bu dəfə “Optimal”ın baş servisinə göndərdilər. Telefon 30 gün servisdə qalandan sonra onu mənə qaytardılar ki, cihaz əla işləyir. Lakin qısa müddətdən sonra
telefon dayandı və açılmadı. Fazil bəy mənə bildirdi ki, baş idarəyə ərizə ver və bu telefondan imtina et, çünki o, düzələn deyil.
Bundan əlli üç gün sonra telefonumu gətirib özümə qaytardılar ki, daha xarab olmayacaq, al işlət. Mən telefonu götürmək istəmirdim, lakin onu zorla mənə verdilər və dedilər ki, alsan da budur, almasan da. Mən öz növbəmdə şikayət edəcəyimi bildirdim. Buna cavab olaraq yerli filial müdiri mənə dedi ki, get, hara istəyirsən, şikayət et.
Telefonun zəmanət müddətinin bitməsinə hələ iki ay qalıb. Lakin problem həll olunmayıb. Mən “Optimal” firmasına ödədiyim məbləğin geri qaytarılmasını, pozulmuş hüququmun bərpasını xahiş edirəm”.
Nigar