Elmi mühitimizin acı və ziyanlı reallıqlarını durduran olacaqmı?

Elmi mühitimizin acı və ziyanlı reallıqlarını durduran olacaqmı?
 

İdris Abbasov

Professor, onlarla dissertantı şikəst etmiş elmi rəhbər, super-opponent, Kəfgələn və Fırıldaq Alimlər Şəbəkəsinin fəal üzvü Şəpşər Şəpələddinoğlu Xahxuhzadə: "Dövləti düşünən şamsız qalar!"

Dünən saat 17.30 radələrində akademiyadan çıxanda hava nisbətən üşüdücü idi. Ümumən, belə sərin havada immuniteti zəif olanlar boğaza şarf sarımalı, başa papaq qoymalıdırlar. Hazırlıqsız olduğuma görə tez-tələsik metroya sarı yönəldim. 50-60 addım atmışdım ki, 500 manat maaşla özünə əməlli-başlı gün ağlamış yekə cüssəli, qarnıyoğun, boynu piyli, buxağı əcaib şəkildə körpücük sümüklərinə sallanmış, gödək və enli qalstuku mədəsinin başına düşən professor Şəpşər Şəpələddinoğlu ilə rastlaşdım. O, sol əlini avtomobilinin qapısının üstünə qoyub, gərnəşib əsnəyirdi. Məni yolumdan etdi: "Ə, salam, nətəərsən, qəhrəman? Gəl, otur, gedək!". Adamın neqativ aurası kəffarə püskürürdü. "Əleykə salam" deyib təşəkkür etdim və "yaxınlıqda məni gözləyirlər" bəhanəsilə bu qəbih varlığın “cazibəsi”ndən uzaqlaşmağa çalışdım. O isə davam etdi: "Ə, bir dəqiqə səbr et də, qardaş! Ağsaqqal nəsihətinə qulaq asmayıbsan ki, bu günə qalıbsan. Görürəm, üşüyürsən, bu tərəfə dur, külək vurmasın. Direktorunuz Möhsünü də institutdan çıxarıb Rəyasət Heyətinə müşavir verdilər. Ayda 1200 manat da müşavirliyə görə alıb kef edəcək. Hesablamışam, evində oturub ayına cəmi 5000 manat alacaq. Sən Möhsünün dilini tapmadın. A kişi, institunuzu beş barmağım kimi tanıylram. Oradakı işbazlar 5 il də sələflərinin dalına 5 təpik vuran Möhsünün hesabına kef çəkdilər, yeyən kim, yığan kim, zibil günündə müdafiə edib elmi dərəcə alan kim, saxta kitab nəşr etdirib büdcədən qoparan kim, alan kim, aldadan kim. Sənə o vaxt dedim ki, tənqid yazma, xeyri olmayacaq, bunlar şəbəkədirlər. Gir qılığına, tembole, yerlindir, istifadə et. Sözümə baxmadın. Ona görə də bir opponentlik də vermədilər sənə. 10-15 dəq. -yə 3-5 səhifə rəyi kopirovka edib atırsan ora, rahatca 400-500 manat opponentlik haqqını alırsan. İstəsən, 10 səh. kopyala at, hələ minnət qoy dissertanata, əlavə 300-400 manat da ondan qopar. Ədə, bax Bozdara, Səykaya, Mayasagirə, Hamtaya, dərs götür. Quru bəy kimi özünü sındırmırsan. Nə gündə yaşamağını mən yaxşı bilirəm. "Dövlət", "qanun", "ədalət" bağırırsan. Nə dövlət, ay dili-qafil? Guya özünü bozdarlardan, səykalardan, maykalardan, hamtalardan ağıllı sayırsan? Bütün Azərbaycan üzrə bir-birinə əl düzəldirlər. “Sən mənim dissertantımın nəverim işinə müsbət rəy yaz, mən də səninkinə. Sən də qazan, mən də qazanım. İrili-xırdalı pullar müqabilində 3-4 aya, bəzən 10-15 günə əmələ gələn biabırçı dissertasiyalara indeksli mütəxəssislər müsbət rəy yazandan sonra kim nə deyə bilər? Get, gör, özlərinə nə şərait yaradıblar institutu xaraba qoymağın, dilçiliyimizin anasını ağlatmağın hesabına! Əbilfəzlabbas haqqı, bu qudurmuş və əyri yollarla pula dadanmış alimlır şəbəkəsinə (alimizm-akademizmə) bata bilməzsən! A kişi, bunlar dövlət, qanun tanımırlar, sənin sözünə məhəl qoyacaqlar? Dövləti düşünən şamsız qalar. Məndən demək, seçim özünündür...”
Artıq heyim qalmamışdı. Xoşbəxtlikdən, bu arada mənə zəng gəldi. Prof. Şəpələddinoğlunun sözünü kəsmək imkanım yarandı: "Çox sağ olun, Şəpşər müəllim. Üzürlü sayın, mən tələsirəm, getməli oldum" deyib dərhal uzaqlaşdım.

Paralel.az

0.019881963729858