"Çörək verən" İran?
İran "al qonağın yağından, tök qonağın aşına" prinsipi ilə Azərbaycanda tərəfdarlar və fanatiklar toplayıb
Paralel.az xəbər verir ki, Feyzbuk sosial şəbəkəsində Şəbnəm Karslı adlı istifadəçi maraqlı bir post paylaşıb. Postu bəzi rədaktələrlə oxucuların diqqətinə çatdirırıq.
- Hacı Şahin müsahibə verib və deyib ki, Azərbaycan xalqının əhli-beytə bağlılığının İranla əlaqəsi yoxdur. "Əhli-beytə bağlılıq" deyəndə şiəliyi nəzərdə tutur amma yalan danışır. Çünki;
Şiəlikdə xüms deyilən vergi növü var. Sünnilərdə ancaq zəkat və fitr var ikən şiəlikdə bundan əlavə bir də xüms var. Bu vergini hər şiənin ödəməsi vacibdir. Qısaca belə deyim ki, xüms illik gəlirin 20%-dir. Xüms kimlərə verilir? Ancaq və ancaq vəliyyi-əmrə! Vəliyyi-əmr kimdir? Əmr sahibi, yəni ayətullah. Azərbaycanda ayətullah olmadığına görə Azərbaycan şiələrinin xümsləri Quma, Məşhədə ziyarətə gedənlər vasitəsilə nəğd pul kimi İrana aparılır. Hər il yüz minlərlə dollar xüms göndərən biznesmenlər var.
İndi qalanını özünüz düşünün. Kasıbından tutmuş ən varlısına qədər hər il minlərlə adam İrana vergi verir. İllik nə qədər məbləğın getdiyini təsəvvür etməyə çalışın. İran da bu pulların bir qismini Azərbaycanda qurduğu təşkilatlar vasitəsilə kasıblara paylayır. Beləliklə həm "çörəkverən İran" imici yaradır, həm də o kasıbları öz ətrafında toplayır. Bir hissəsini Azərbaycanda öz missionerlərini yetişdirməyə xərcləyir, bir hissəsi ilə də Ermənistan və Qarabağ terrorçularına yardım edir.
Bəzi ağıllıların gəlib burda "səhv tutmağa" çalışmasının qarşısını almaq üçün yazım ki, əslində şiə şəriətində iki hissəyə bölünməsinə və bir hissəsinin kasıb seyidlərə verilməsi lazım olduğu deyilsə də, yenə həmin maddəyə olunan əlavəyə əsasən seyidlərə də verilən hissəni vəliyyi-əmr müəyyən edir. Yəni pul ona göndərilməlidir, onun təyin etdiyi kasıb seyidlərə verilməlidir.
Bu xümsun İrana getməsinin qarşısını bürokratik yollarla almağa çalışmağın mənası yoxdur. Nə yolla olursa olsun inanclı insanlar öz vergilərini ora göndərəcəklər. Bunun qarşısını almanın yeganə yolu Azərbaycanın öz ayətullahını yetişdirməsidir. Öz milli düşüncəyə sahib ayətullahımız olmalıdır ki, şiələr həm düşüncə, həm etiqad, həm də maliyyə baxımından İrana bağlı olmasınlar.
Akif Nəsirli