Məktəblərdə temperaturu necə yoxlayırlar?
Paralel.az xəbər verir ki. Məlum olduğu kimi, artıq bir müddətdir ki, orta ümumtəhsil məktəblərində dərslər ənənəvi formada keçirilir. Məlum virus səbəbindən, orta ümumtəhsil müəssisələrində karantin qaydalarının tələblərinə də əməl edilir. Yəni məktəblərin girişində müəllim heyətindən iki nəfər olmaqla, şagirdlərin temperaturunu yoxlayaraq içəri buraxırlar. Övladları orta məktəb şagirdi olan valideynlərin sözlərinə görə, bəzi məktəblərdə mövcud tələblərə dəqiq, bəzisində isə başdansovdu əməl edilir: “Şagirdlər məktəbə daxil olarkən, onların hamısının temperaturu yoxlanılır, əllərinə spirt çilənir. Lakin tanışım olan valideyn deyir ki, şagirdlərin heç də hamısının əlinə spirt vurulmur, bu işi hərdənbir edirlər. Düzdür, allergiyası olanlar istisnadır, bunu şagird də nəzarətçinin nəzərinə çatdırır və spirtlənmədən içəri daxil olur. Amma spirt vurulmadan içəri keçənlər də çoxdur. Bizi narahat edən həm də
odur ki, şagirdin temperaturunu əllərinə təmas edərək təyin edirlər. Yəni temperaturölçəni bütün şagirdlərin əlinə yaxınlaşdıraraq içəri buraxırlar. Daha onların hansının temperaturlu olub-olmamasını dəqiq ölçmürlər. Elə şagird var ki, xəstədir, qızdırması var, başı-bədəni istidir, amma əl-ayağı soyuqdur. Amma buna diqqət etmədən, onun yalnız əlini yoxlayaraq məktəbə buraxırlar. Elə vəziyyət yaranıb ki, temperaturu olan, amma əllərində hiss olunmayan şagirdlər də dərslərdə iştirak edirlər. Bunun sonunun nə olacağının indidən düşünün”.
Nigar