Qiymətlər nədən fantastik templə artır?

Qiymətlər nədən fantastik templə artır?
 

Azərbaycanda şikəst bir model olsa da, 30 ilə yaxındır ki, bazar iqtisadiyyatı modeli fəaliyyət göstərir. Amma bununla belə vətəndaşlarımız hələ də bazara, marketə və oradakı qiymətlərə sovet təfəkkürü ilə baxırlar.
Məsələn, Feyzbuk istifadəçisi Hidayət İsmayılov öz hesabında belə bir post paylaşıb: ""Araz Supermarketi"nin rəhbərliyinə sual verirəm: "25 sentyabr tarixdə Qobustanda fəaliyyət göstərən filialınızdan bir 1 kq-ı 10,60 manata aldığım "Krakosvskiy" (spiral) kolbasası niyə bu gün 12,60 manata satılır? Axı ölkədə ət bahalaşmayıb. Yəni ət bahalaşmayıbsa, kolbasanın qiymətinin birdən-birə 20% qaldırmanızın səbəbi nədir?"
Qeyd edək ki, bazar iqtisadiyyatı şəraitində qiymətin dəyişməsi heç də həmişə maya dəyərindən asılı olmur. Məsələn, ötən ilin aprel ayında ABŞ xam neftin bir barelinin -15 dollara (yəni 1 barel neft alana əlavə 15 dollar üstəlik verilirdi) satırdı, bu gün isə həmin neftin 1 bareli 81 dollara təklif edilir. Göründüyü kimi neftin maya dəyəri sabit olduğu halda ilyarım ərzində qiyməti 5,3 dəfə bahalaşıb. Bunun da səbəbi əsasən tələb və təklifdir. Tələb artanda qiymətlər bahalaşır, təklif artanda isə qiymətlər ucuzlaşır.
Görünür Hidayət İsmaylovun müşahidə etdiyi kolbasa növü alıcılar tərəfindən daha çox alındığından istehsalçı və ya satışı həyata keçırən şirkət qiymətləri bahalaşdırır və bu onların qanuni hüququdur.
Amma bu məsələdə bir məqamı da qeyd edək ki, bizdə bütün sahələr inhisar altında olduğundan, rəqabət mühiti formalaşmadığından sahibkarlar çəkinmədən qiymətləri bahalaşdıra bilir. Hətta, bəzən sahibkarlar qiymətləri artırmaq üçün bəhanə axtarır. Lakin ölkədə bazar iqtisadiyyatı modelinin şikəst olmasa, iqtisadiyyatda rəqabət mühitinin olsa, sahibkar qiyməti bir qəpik artırmaq istəyəndə yüz ölçüb bir biçər ki, rəqibinə uduzması. Bazar iqtisadiyyatında qiyməti və keyfiyyəti tənzimləyən yeganə vasitə rəqabət mühitidir. Rəqabət mühiti də Azərbaycan iqtisadiyyatında yox dərəcəsindədir. Ona görə də qiymətlər belə yüksək templərlə arta bilir. Sahibkarın bazarı uduzmaq qorxusu yoxdur, ona görə də qiymətləri fantastik şəkildə artırmaqdan çəkinmir.
Akif Nəsirli

0.041945934295654