"Oxutmuram, əl çəkin"
Yaşın nə fərqi var...
Millət, deyəsən yeni təhsil nazirimiz də, təhsilə yenilik gətirməklə, tarixə düşmək istəyir. Amma, mənə belə gəlir ki, təhsil sistemində mövcud olan rüşvət, "hörmət" və s. biabırçılıqlırı aradan qaldırmaq üçün səylər göstərsəydi, daha tez xalqın rəğbətini qazanardı. Hörmətli nazir təklif edir ki, uşaqlar dərslərə 5 yaşından başlasınlar. Amma, bu qənaətə necə gəldiyini, hansı araşdırmaların və tədqiqatların nəticələrinə əsaslandığını dilə gətirmir. Çox təəssüfedici haldır ki, Azərbaycanda bir çox qərarlar, məhz belə anidən verilən təkliflərdən sonra qəbul olunur, qüvvəyə minir, həyata vəsiqə qazanır. Sonradan bunun yanlış olduğu ortaya çıxanda isə heç kim geriyə addım atmaq istəmir. Məsələn, bu gün hamı çox gözəl anlayır ki, ölkəmizdə pensiya yaşının 65-ə qaldırılması, yanlış və belə demək mümkünsə, səhv bir addım idi. Bu gün də bu yanlış qərara görə, minlərlə insan əziyyət çəkir. Təklif və qərar verənləri isə bu, əsla narahat etmir.
Mən nazirin bu fikri ilə tam razıyam ki, uşaqlar 5 yaşında təhsilə cəlb olunsunlar. Amma bu, məktəb olmamalıdır. Hesab edirəm ki, Azərbaycanda ilk növbədə 3 yaşından 6 yaşına qədər olan uşaqların məktəbəqədər hazırlıq qruplarına cəlb olunmaları üçün şərait yaradılmalıdır. Məktəbəqədər hazırlıq qruplarında uşaqlar həm təlim-tədris prosesi ilə tanış olacaq, həm də məktəb mühitinə adaptasiya olunmaları asanlaşacaq. Məktəbəqədər hazırlıq qruplarında elə bir şərait yaradılmalıdır ki, uşaqlar təhsili də, bir əyləncə kimi qəbul etsinlər. 5 yaşında isə uşaqların heç də hamısı öz davranışı və hərəkətləri ilə məktəbə hazır olmur.
İstənilən sahədə çalışınlar çox gözəl bilirlər ki, hər hansı bir dəyişiklik ciddi araşdırmalar, tədqiqatlar və təhlillər tələb edir. Nazir belə istəyir, belə də olmalıdır kimi yanaşmalar kökündən yanlışdır. Çox ola bilsin ki, bəziləri kimlərəsə xoş gəlmək üçün bu təklifin məqbul olduğunu reklam etməyə cəhdlər göstərsinlər. Amma 5 yaşındakı uşaqdarın birbaşa məktəbə getmələri düzgün addım hesab edilə bilməz. Ola bilsin ki, müəyyən qruplar yaratmaq olar. Məsələn, fitri istedada malik uşaqlar var, yaxud da yuxarıda qeyd etdiyim kimi, məktəbəqədər hazırlıq qruplarından gələn uşaqlar var, onlar üçün ilkin olaraq ayrıca siniflər formalaşdırmaq olar. Burada əsas məqsəd odur ki, bütün uşaqların məktəbəqədər hazırlıq qruplarına getmələri üçün şərait yaradılsın. Bu gün məktəbyaşlı uşaqların 80 faizinin məktəbə heç bir hazırlıqsız gəldiklərini nəzərə alsaq, bunun hələ ki, mümkün olmadığını düşünürəm.
Sovet dönəmində isə uşaqların 80-90 faizi məktəbə bağçadan gəlirdi. Bununla belə, 6 yaşlı uşağın məktəbə qəbul olunması üçün xüsusi yoxlama keçirilirdi. Bu yoxlama uşağın zehni qabiliyyətilə yanaşı, fiziki sağlamlığına da diqqət yetirirdi. Bütün bu faktorlar imkan verdiyi halda, uşağın 7 yaşlılırla bir yerdə oxumasına icazə verilirdi.
Bu gün isə məktəbəqədər hazırlıq qrupları, bağçalar ölkə əhalisinin 70-80 faizi üçün əlçatan deyil və uşaqlar məktəbə hazırlıqsız gəlirlər. Baxmayaraq ki, Azərbaycanda uşaqların məktəbəqədər hazırlıq keçmələrini tələb edən qanun var.
Belə bir təkliflə çıxış etməzdən əvvəl nazir Emin Əmrullayev bir araşdırsın, yoxlasın, təhlillər aparsın ki, nə üçün valideynlər övladlarını məktəbəqədər hazırlıq qruplarına göndərmirlər. Bunun birinci və ən əsas səbəbi həmin məktəbəqədər hazırlıq müəssisələrində insanlardan onların gəlirlərinə adekvat olmayan məbləğdə ödənişin və rüşvətin tələb olunmasıdır. Amma deyirlər, Azərbaycanda dövlət uşaq bağçaları və məktəbəqədər hazırlıq müəssisələri pulsuzdur. Reallıqda isə Azərbaycanda dövlətin tələsindəki pendir belə, pulsuz olmur. Əgər gənc nazir bunu bilmirsə, yaxud bilib görməzdən gəlirsə, yazıqlar olsun Azərbaycan təhsilinə və gəncliyinə.
Dünyanın hər yerində dövlətin təhlükəsizliyindən sonra gələn ən mühüm sahələr insan sağlamlığı və təhsildir. Çox təəssüflər olsun ki, bizdə bu iki sahənin hər ikisində xaos və özbaşınalıq son həddə çatıb. Bəzi yerlər də isə artıq qırmızı xətti belə, çoxdan keçiblər.
Hökumətimiz isə sadəcə olaraq bu sahələrin rəhbərlərini dəyişməklə işini bitmiş hesab edir.
Əlqərəz, Azərbaycanda uşaqların 5 yaşında təhsilə cəlb olunmaları, daha çox uşağın məktəbə yox, küçələrə axışmasına səbəb olacaq.
Hesab edirəm ki, hər hansı bir qərar qəbul olunmazdan əvvəl onun ictimai müzakirəyə çıxarılması pis olmazdı. Axı biz demokratik bir cəmiyyətdə yaşayırıq. Baxmayaraq ki, Azərbaycanda cəmiyyətin mövqeyinə heç kim əhəmiyyət vermir.
Yusif Seyid