Iran hakimiyyətinin hərbi təlimlərinin nəticələri
Bu təlimlər Allahın lütfüdür, belə ki üç vəzifəni yerinə yetirir: TANIDIR, OYADIR, BİRLƏŞDİRİR, tanımayan yatar, cəhalət yatırdar, elm oyadar, tanıyan oyanar, oyanan tədbirli olar, birləşər, qorunar;
- Allahın lütfüdür deyirəm, belə ki hər hansı bir təbliğat sistemi illərlə çalışsa da, İran hakimiyyətini Azərbaycan xalqına bu biçimdə, az bir müddətdə, heç bir xərc, əmək sərf etmədən tanıda bilməzdi;
- Allahın aciz qulu Siracəddin sizə deyir ki, Azərbaycan ağır və qorxulu bir yükdən xilas olmuşdur, İran hakimiyyətinin mahiyyətini tanımışdır, doğru tanımaq böyük nemətdir;
- bu hərbi təlimlər İran hakimiyyətinin nə dərəcədə ağılsız olduğunu üzə çıxarmışdır. Sizi əmin edirəm ki, İran hakimiyyəti ağıllı olsa idi, Azərbaycanın ədalətli mübarizəsini dəstəkləsə idi, Ermənistana qarşı çıxsa idi, Azərbaycan siyasi və dini baxımdan İranın təsir məkanına təslim olacaq idi. İranın Azərbaycana təsir imkanı heç bir dövlətlə müqayisə olunmaz;
- İranı idarə edənlər ona görə ağılsızdırlar ki, Azərbaycana düşmənlik yolunu seçdilər, Ermənistana yardım etdilər, indi də Azərbaycanı hərbi təlimlərlə qorxudurlar, bu o deməkdir ki, İran Azərbaycanı itirmişdir, hədələdiyinin, öldürmək istədiyinin könlünü qazana bilməzsən, onu özünə düşmən edərsən;
- İran hakimiyyəti ona görə ağılsızdır ki, əhalisinin, bürokratiyasının, idarəçiliyinin, siyasətçilərinin, mədəniyyətinin, paytaxtı Tehran şəhərinin yarısının türk olduğu bir ölkə Azərbaycanla düşmənçilik yolunu seçmişdir;
- İranı idarə edənlər ona görə ağılsızdırlar ki, Suriyaya, Yəmənə, İraqa, İsrailə, ABŞ-a tətbiq etdikləri qorxutma siyasətini Azərbaycana da tətbiq etmişlər, bu ölkələrin Azərbaycanla fərqini görməyəcək dərəcədə kor olmuşlar;
BÖYÜK DÖVLƏTÇİLİK ƏNƏNƏSİ OLAN QOCAMAN BİR ÖLKƏNİ, CƏNNƏT İRANI BU AĞILSIZ ADAMLAR NECƏ İDARƏ EDİRLƏR SUALINI VERSƏNİZ, CAVABIM BUNLARDIR...
(Ardı var)
Siracəddin Hacı