İnternet bəlası

İnternet bəlası
 
Sosial şəbəkələr çökdü
 
Paralel.az xəbər verir ki, sürətlə inkişaf edən İnformasiya Kommunikasiya Texnologiyalari (İKT) sistemi dünyada baş verən bütün sosial, siyasi, iqtisadi, maliyyə və hətta hərbi proseslərə ciddi təsir imkanlarına malikdir. Amma görünür bu, heç də deyildiyi qədər, təhlükəsiz sistem deyil. Son günlər qlobal şəbəkələrdə baş verən qırılmalar da, bunu bir daha sübut etdi.
Biz sovet dönəmini istədiyimiz kimi adlandıra bilərik, «rejim», «diktatura»,»xalqlar həbsxanası» və s. Bu, deyəcəklərimin məğzini dəyişməz. Sovet rejimi məhz, belə sonluqları nəzərə alaraq qloballaşmadan, kompüter texnalogiyalarından imtina edirdi. Qloballaşmanın gətirə biləcəyi təhlükələri göz önünə gətirərək, dövlətin hərtərəfli təhlükəsizliyini təmin etmək məqsədiylə qapalı bir məkanda öz mövcudluğunu qorumağa çalışırdı. (Heç də belə düşünməyin ki, mən sovetlər dönəmini müdafiə etməyə çalışıram. Bilənlər bilir ki, o rejimi sökmək, milli azadlığımıza qovuşmaq üçün özünü rus tanklarının altına atanların arasında mən də olmuşam). Sadəcə, bu bir faktdır və bunu inkar etmək mümkün deyil. Bu gün isə qloballaşan dünyamızda heç kim bu prosesdən kənarda qalmaq istəmir. Bu səbəbdən də, qlobal sistemdə bir arzuolunmaz olay baş verdiyi zaman, hamı onun təsirini öz üzərində hiss edir. Hətta azyaşlı uşaqlar belə, «internet yoxdur», «tik-tok işləmir» hayqıraraq öz etirazlarını bildirirlər, onları hələlik ancaq bu maraqlandırır. Ancaq banklarda, dövlət qurumlarında, beynəlxalq əlaqələr sistemində yaranan vəziyyət, həm də dövlətlərin təhlükəsizliyi baxımından ciddi narahatlıqlara səbəb olur. Buna görə də, hazırda bu şəbəkələrin mühafizəsini gücləndirmək, məncə bütün dövlətlərin qarşısında duran əsas vəzifədir. Əgər bu sistemlər hər hansı bir formada kimlərinsə müdaxiləsinə açıqdırsa, demək ki, heç bir dövlətin təhlükəsizliyi təminat altında deyil. 
Mən bu sahə üzrə mütəxəssis deyiləm. Amma hiss edirəm ki, aşırı dərəcədə internetdən asılılıq heç də hər zaman müsbət nəticələr vermir. Bununla belə, artıq bu sistemin hər birimizin həyatına müdaxilə etməsini nəzərə alaraq, təhlükəsizliyimiz barədə də özümüz düşünməliyik. Ağlımıza, başımıza və dilimizə gələn hər bir informasiyanı, sosial şəbəkələrə ötürmək olmaz. Bu informasiyalardan sabah özümüzə, dövlətimizə qarşı şantaj vasitəsi kimi istifadə edə bilərlər. 
Dövlətimiz və hökumətimiz isə qloballaşan dünyamazın bir parçası olduğumuzu və bundan kənarda qalmağımızın mümkün olmadığını diqqətə alaraq, bu sahədə kadr hazırlığına çox ciddi yanaşmalıdır.
Yusif Seyid
0.025497913360596