Ağıllı ferma və camış pendiri

Ağıllı ferma və camış pendiri
 
Fermalarımızı yəhudilər quracaq, pendirimizi italiyalılar hazırlayacaq
 
Paralel.az xəbər verir ki, düzəlib hər yanımız, qalıb bir Motsarella pendirimiz. Son zamanlar «ağıllı» kənd, qəsəbə, şəhər ifadələrini çox eşidirik.  İndi isə belə bir maraqlı məlumat aldım ki, İsrailli mütəxəssislər erməni işğalından azad etdiyimiz Zəngilan rayonunda «ağıllı»  ferma yaradırlar. Bu fermalda İtaliyadan gətirilən camışlar bəslənəcək və italiyalılar bizə dünyaca məşhur «Motsarella di buffalo» pendiri hazırlamağı öyrədəcəklər. Deyilənlərə görə, biz bu pendiri gələn ilin əvvəlində dada biləcəyik. Hələlik isə İsrailli mütəxəssislər fermanı quraşdırmaqla məşğuldurlar.
Aşığını deyim ki, mən heç bir yeniliyin əleyhinə deyiləm və istərdim ki, dünyanın ən mühüm yenilikləri və kəşfləri Azərbaycanda həyata vəsiqə alsınlar. Burada söhbət təkcə fermadan və camışlardan getmir. Söhbət ondan gedir ki, nə üçün Azərbaycan alimləri nəisə kəşf, ixtira etmirlər? Nə üçün biz hətta pendir istehsal etmək üçün də, İsrailli, İtaliyalı mütəxəssislərə müraciət etməliyik? Səhv etmirəmsə, Azərbaycanda Kənd Təsərrüfatı Elmi-Tədqiqat institutu da fəaliyyət göstərib. Amma alimlərimiz bir ferma da, icad edə bilməyiblər. Bu institutda çalışanlar hansı işlərlə məşğul olublar ki, bu gün bizim üçün fermanı İsrailli mütəxəssislər tikir, pendir hazırlamağı da italiyalılar öyrədir.
Bu günün özündə ölkəmizdə çox sayda pendir hazırlanır. Onu yeni üsul və formada daha keyfiyyətli şəkildə hazırlayaraq dünya bazarına çıxaracaq mütəxəssislərimiz nə üçün yoxdur? Yaxud da, həmin italiyalı naxırçı, bizim çoban Vəlinin hazırladığı «motal» pendirindən hazırlaya bilər? Bilməz! Amma nə çoban Vəliyə, nə də, artıq bazarda qiyməti baldan baha olan «motal» pendirinə dəyər verən yoxdur, bu məmləkətdə. Həmin çobana şərait yaradan bir qurum, ona məsləhət verən, yol göstərən bir alim yoxdur, bu məmləkətdə. Bu barədə düşünmək və yeni, müasir istehsalat sahələrinin yaradılmasını stimullaşdırmaq lazımdır.
Mən həmin pendirdən dadmışam. Açıq deyirəm, bizim «motal»a çatmaz. Heç yerli camış pendirinin də yerini verməz. Ən uzağı, bizim «Naxçıvan», «İsmayıllı» pendiri kimi bir şeydir. Amma görün onu necə şöhrətə mindiriblər.  
Yusif Seyid
0.02125096321106