Virusu səhiyyə müəssisələri yayır
Bu sahələr nə üçün nəzarətdən kənarda qalıb?
Paralel.az xəbər verir ki, Azərbaycanda koronavirus pandemiyasını yaya biləcəyi ehtimal olunan bütün müəssisələr iki ilə yaxın bir müddətdə qapalı qaldı, bəziləri isə məhdudiyyət şəraitində fəaliyyət göstərdilər. Bununla belə, virusun yayılma tempi zaman-zaman dəyişdi, gah qalxdı, gah da düşdü. Nədənsə, bütün bu hallarda kimsə, səhiyyə müəssisələrində baş verənlərə diqqət etmədi. Söhbət, dövlət tibb müəssisələrindən gedir. Bu tibb müəssisələri isə öz-özlüyündə fəsliyyətlərinin primitivliyi ilə insanları virusdan qorumaq əvəzinə, virusa yoluxduran sahələrə çevrildilər. Maska və digər tələblər öz yerində, amma insanların normal müayinəsi və müalicəsi üçün şəraitin yaradılmaması üzündən, müalicə yerləri hazırda yoluxma məkanlarına çevrilib.
Məsələn, xəstələri (təxminən 65-70 nəfər) tibbi komissiyadan keçmək üçün mərkəzi poliklinikaya göndərirlər. Həkim bir neçə gün əvvəldən xəbərdarlıq edir ki, «gedin növbə alın». Amma nədənsə, həmin növbədə vaxt qeyd olunmur, saat 14-00-da burda olun, vəssalam! 65-70 xəstə eyni vaxtda poliklinikaya gəlir və burada çox acınacaqlı vəziyyət yaranır. İnsanlar (yaddan çıxarmayaq ki, onlar həm də müxtəlif xəstəliklərin daşıyıcılarıdır, sağlam adamın orada nə işi var, ) dar bir məkanda saatlarla növbə gözləyirlər. Həmin vaxt, 65-70 xəstənin yanında bir o qədər də, xəstələri müşayət edən sağlam insanlar olur.
Bəs bizim Səhiyyə Nazirliyimiz, TƏBİBimiz, rayon səhiyyə şöbələri hara baxır? Elə bilirsiniz , onların bu biabırçılıqdan xəbəri yoxdur? Var! Amma biganəlik üzündən heç bir tədbir görmürlər.
--
Yusif Seyid
Yusif Seyid