Ölkəmizin ən böyük bəlası

Ölkəmizin ən böyük bəlası
 
Yerliçilik, dostluq, tanışlıq və qohumluq
 
Paralel.az xəbər verir ki, Dünyanın heç bir yerində dövlət idarəçiliyi sistemində vəzifəyə insanları dostluq, tanışlıq və qohumluq prinsipləri ilə təyin etmirlər. Dövləti xalqın səsi ilə hakimiyyətə gələn siyasi qurum və onun formalaşdırdığı hökumət idarə edir.  Azərbaycan isə bu baxımdan çox unikal bir dövlətdir. Xaqın böyük səs çoxluğu ilə seçilən prezident kimisə yüksək vəzifəyə təyin edən kimi, az bir zamanda qurum tam olaraq, həmin şəxsin qohum- əqrabalarının, dost, tanışlarının əlinə keçir. Həmin insanların bu sahədə çalışmaq üçün savadı, bacarığı, qabiliyyəti çatır-çatmır keçir ikinci plana. Əsas məsələ odur ki, ona yaxın adamlardan olsun. İşə qəbul zamanı həmin şəxslərin insani keyfiyyətlərinə, insanlarla işləmək bacarıqlarına isə ümumiyyətlə əhəmiyyət verilmir.
Bu insanın xəstə, yaxud sağlam olması da, qohumluq təyinatlarında keçərli deyil. 
Məhz bu səbəbdən də, son zamanlar dövlət vəzifəsini tutan bir çox məmurların vəzifələrinə qətiyən uyğun olmaya çıxış və hərəkətləri ilə daha tez-tez rastlaşırıq.
Anım günündə Abşeron və Binəqədi rayonlarında yaşanan biabırçılıqlar da, məhz bu amildən qaynaqlanır. Kimsə, kiminsə həyat yoldaşıdır, qabiliyyəti heç bağça müəllimliyinə çatmasa da, gətirib qoyurlar məktəb direktoru, sonra da deyirlər, «təhsilimiz batır». Bir başqası, ümumiyyətlə özünü cəmiyyətdə, insanlar arasında apara bilmir, kiminsə, əmisi qızı olduğuna görə xəstəxanaya baş həkim təyin ediblər ki, səhiyyəmiz bərbad günə düşüb.   
Belə idarəçilik olmaz cənablar ayılın, siz bu dövləti haraya sürükləməyə çalışırsınız, budurmu sizin Avropaya inteqrasiyanız?
Avropada heç kimi dostuna, qohumuna görə vəzifəyə qoymurlar. 
Sözüm yox, adamın savadlı, bacarıqlı, qabiliyyətli dostu, qohumu, tanışı da ola bilər, buna kim nə deyə bilər ki.  Amma dəli olsun, gic olsun, özümünkü olsun prinsiplərindən əl çəkməyin vaxtı çatıb artıq.
Y.Seyid
0.03767204284668