İdris Abbasov yazır...
ORTADA YEYİB, QIRAQDA GƏZƏNLƏR, YAXUD SOSİAL-SİYASİ VƏ MƏNƏVİ PİSLİYİN SƏBƏBKARLARI
AMEA-nın Dilçilik İnstitutunun yenicə sabiqləşmiş direktoru möhtərəm akademik Möhsün Nağısoylu həm də Azərbaycan Dillər Universitetinin Azərbaycanşünaslıq Elmi-Tədqiqat laboratoriyasında aparıcı elmi işçisidir.
Ədalət naminə deyək ki, Nağısoylunun idarəçilik səriştəsi olmasa da, vikiməlumatda eyni zamanda dövləin iki müəssisəsində işləməsini gizlətmir. Amma Dillər Universitetində həm də müdir vəzifəsini tutan AMEA-nın direktor və şöbə müdirləri Nağısoylu kimi saflıq etmirlər, yəni bir neçə yerdə vəzifə tutduqlarını, yaxud başqa ixtisaslı kadrları didərgin salıb onların iş yerlərini qapazlamalarını mümkün qədər açıb ağartmırlar, tozlu-torpaqlı yaltaqlıq, məddahlıq, yalan və fırıldaq ruporlarını guruldadıb qulaqları kar, gözləri kor edirlər, vəssalam.
Bəli, görünən odur ki, bu ölkədə pambığa girmiş "çoxbilmiş" alimi-nəssablar 2-3 iş yerini işğal edib millətin arzu və ümidlərini param-parça etməklə, işsiz-gücsüz saxladıqları gənclərin dolayısilə xarici xüsusi xidmət orqanlarının toruna düşməsinə şərait yaradır, veclərinə də almırlar, halbuki özlərini "qaymaq-ziyalılar" "möhtərəm akademklər" kimi cəmiyyətə sırıyırlar.
Tələb: Ölkədə kök atmış, milli heysiyyətdən və məsuliyyətdən, qayğıkeşlikdən və vicdandan məhrum, vecsiz və ziyanlı akademizm-alimizm şəbəkəsi ya fəaliyyət mexanizmini millətin və dövlətin xeyrinə tamamilə dəyişməli, ya da elmi titullardan və vəzifələrdən dərhal məhrum edilməlidirlər! Bəs necə? Bu qədər harınlıq, biganəlik, gizli düşmənçilik olarmı?
Ölkənin üzləşdiyi iqtisadi və sosial-mənəvi tənəzzül məhz sizin zərərli fəaliyyətinizin nəticəsidir, ey alimizm! Elə bilirsiniz ki, kül doldurub üfürdüyünüz mədhiyyələrlə gözləri kor edib canınızı qurtaracaqsınız? Doğrudanmı, sanırsınız ki, yaratdığınız problemləri bir nəfər ölkə rəhbərinin üzərinə yıxıb xoşbeş veyillənəcəksiniz?!
Mədhiyyələrlə gözə kül üfürüb titulları, vəzifələri, pulları qapış-qupuş edirsiniz, övladlarınızı qızıl unitaza oturdub aradan çıxarırsınız, süni narazılar dəstəsi yaradıb dövlətə iradənizi yeridirirsiniz, indi işlərinizin, fırıldaqlarınızn üstü açılır, zəhmət çəkin, fəaliyyətinizin bəhrəsi ilə özünüz qidalanın!
Bu dövlətin, millətin, Vətənin uğrunda canını fəda edən o qədər intellektual, zəkalı gənc oğullarımız, qızlarımız vardır ki, onları qova-qova namərd etmisiniz, elm və təhjsil müəssisələrinin astanasına da buraxmamısınız, ölkəni məhz siz viran etmisiniz! Qədərdən qaça bilməyəcəksiniz!
Bəli, ölkənin xilası, ilk növbədə, fəaliyyəti ideoloji düşmən yetişdirib xaricə ixrac etməkdən ibarət olan, bütün elm və təhsil müəssisələrində kök atmış akademizm-alimizm şəbəkəsinin darmadağın edilməsi ilə başlayacaq.
PS. Sonadək araşdırsanız, görəcəksiniz ki, cəmiyyətdə düşmən ab-havası yaradan bütün pisliklərin, sosial ədalətsizliyin, hətta dönük və söyüşkən nəslin yetişdirilməsinin başı akademizm-alimizm şəbəkəsinə söykənir. Çünki haqqın, ədalətin, qanunun ali olduğu rifah cəmiyyətinin mayasını təşkil edən əxlaq, mənəviyyat və elmə haram qatan məhz bu şəbəkə olub!
Paralel.az