Qazinin yarasına duz basan məmur
Beyləqan rayonunun İmamverdilər kənd sakini Kərimov Teymur Abbas oğlu 2-ci Qarabağ savaşının iştirakçısıdır. Füzuli və Xocavənd uğurunda gedən döyüşlərdə iştirak edib, ağır dərəcəli bədən xəsarəti alaraq iş qabıiyyətini itirib. Mərmi qəlpəsi onun sinir sistemini zədələdiyinə görə, refleksləri işləmir, körpə uşaqlar kimi bezlə ( pampersdə) gəzir və yatır. Amma müharibə dövründə eləcə mərmi səsindən şalvarını batıran Beyləqan rayonunun müvafiq qurumları ona əlillik təyin etməyə tələsmir. Ailə faktiki aclıqla üzüzə qalıb. Məsələ burasındadır ki, Teymurun həyat yoldaşı da anadangəlmə əlildir və ona da indiyədək əlillik dərəcəsi təyin edilmədiyindən ailə faktiki gəlirdən məhrum durumdadır. Bugünlərdə qazinin yoldaşı da əlilliyini təsdiqlətmək üçün Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə yenidən müraciət edib. Qurumun mənən aşınmış rəsmisi xanıma deyib ki, “Özünə əlil deyirsən, bəs bu uzunluqda saç nəyinə lazımdır, onu necə darayırsan?”. Qadın hər halı ilə qadındır fəlsəfəsini qanmayan mənəviyyatdan kənarın qadının ünvanına daha bir neçə nəlayiq söz deməsi təbii olaraq, zatən əsəbləri pozulmuş qazinin sərt etirazına səbəb olub, yarasına duz basıb. Nəticədə dava düşüb ki, şöhrəti dünyaya yayılmış rayon hüquq-mühafizə orqanları da vətəndaşı təhqir edib alçaldan və onu affekt vəziyyətinə salan boynuyoğun məmura deyil, əlil qaziyə cinayət işi açıb. Hazırda ailə qohum-qonşuların və kəndin xeyirxah insanların yardımlarına möhtac vəziyyətdədir.
Müdriklər düz deyir ki, “ Ağası gülüm olanın, başına kül olar”. Sahil Babayevin kadrlarından insanlıq, xalqa vicdanla xidmət gözləmək sadəlövhlük olardı.
Gözləyək görək əlil qaziyə qarşı cinayət işi qaldıran rayon polis idarəsi əlil xanıma hansı iradı tutacaq.
Səma