Bakının zülmət gecələri
Hər il təkrarlanan problemlər niyə həllini tapmır?
Qarşıda bizi yağışlı, dumanlı payız və şaxtalı, qarlı qış gözləyir. Son zamanlar bölgələrimizdə intensiv yağış və dolu yağması səbəbindən insanların çətin duruma düşməsi, onu deməyə əsas verir ki, aidiyyəti qurumlar hər il olduğu kimi, bu il də qışa hazırlığa, deyəsən elə qış aylarında başlayacaqlar. Hələliksə, başları pul yığmağa qarışdığından, qışa hazırlıq üçün vaxt tapa bilmirlər.
Keçən həftəsonu gecə saatlarında yağan intensiv yağış da, bir daha sübut etdi ki, Bakı şəhərinin kommunal xidmət strukturları qışa hazır deyillər. Belə ki, bir gecə yağan yağış əksər Bakı kəndlərini işıqsız qoydu. İşıq olmayanda təbii ki, su da olmur (su nasosları da işıqla işləyir axı), qaz zəif gəlir və s. Bu xidmət sahələri biri-biriləri ilə sıx bağlıdırlar.
Bu gün biz iri addımlarla müasirliyə doğru getdiyimizdən, evlərin çoxunda "Kombi" istilik sistemindən istifadə etməyə çalışırıq (əgər" Azərsu", "Azərişıq", "Azəriqaz"imkan versə).
Məlumdur ki, bu sistemin normal fəaliyyəti üçün həm su, həm işıq, həm də qaz lazımdır. Bunlardan biri olmadısa, demək ki, insanlar soyuqda qalacaq, yaxud da evlərini qızdırmaq üçün alternativ yollar axtarmaq zorunda qalacaqlar. Bu yollarda isə onları müəyyən ciddi təhlükələr gözləyir. Məsələn, qış aylarında qazla işləyən qızdırıcılardan istifadə heç də təhlükəsiz deyil. Maddi imkanları aşağı olan insanlar da, daha çox əldə düzəldilən (kustar üsulla hazırlanan) qızdırıcılara üstünlük verirlər ki, onlar da, ucuz olduqları qədər də təhlükəlidirlər.
Elektrik qızdırıcılarının da, əldə düzəldilənləri çox təhlükəlidir, onların uzun müddət cərəyana qoşulu qaldığı halda, özü-özünə alışmaq ehtimalları çox böyükdür. Standartlara uyğun elektrik qızdırıcılar isə kasıbın cibinə uyğun deyil.
Buna görə də,"Azərsu", "Azərişıq", "Azəriqaz" və İstilik -Təchizat qurumları qışa hazırlıqlarını artıq sentyabrın sonuna qədər başa çatdırmalı idilər ki, insanlar təhlükəli üsullardan istifadəyə məcbur qalmasınlar.
Görünəni isə odur ki, bu qurumların özləri də, dərin qış yuxusuna gediblər və qış qurtarana qədər də ayılmaq fikirləri yoxdur.
Ələlxüsus da Abşeron rayonunda vəziyyət ürəkaçan deyil. Keçən şənbə günü yağış, külək başlayan kimi, rayonun əksər kənd və qəsəbələrində işıqlar sönüb. Gecə saatlarında sönən işıqlar, bir də səhər saat 10 radələrində yanıb. Bu problemin həllinə məsul şəxslər isə hər dəfə günahı yağışın və küləyin üstünə atmaqla işlərini bitmiş hesab edirlər. Digər bir bəhanələri isə budur ki, "qəzadır, çalışırıq aradan qaldıraq". Qəza olar bir il, iki il, daha bitməyən qəzalar olmaz axı. Azacıq yağış, külək olan kimi, qazın da təzyiqi aşağı düşür. Əslində, bunların heç biri həlli müşkül məsələ deyil. Bu problemlərin həlli var, sadəcə məmurlar sanki insanlar əziyyət çəkəndə bundan məmnunluq duyurlar.
Bir soruşan da yoxdur ki, qaz baha, işıq baha, su baha, bəs xidmət niyə bərbad olmalıdır? Bu qurumların rəhbərləri hər dəfə qiymət qalxanda iddia edirlər ki, bunu xidmətin keyfiyyət səviyyəsini qaldırmaq üçün edirik. Amma heç nə dəyişmir.
Hesab edirəm ki, bu qurumların hamısı ləğv olunmalı, bütün xidmət sahələri özəlləşdirilməlidir. Bu halda ola bilsin ki, qiymətlər bir qədər də qalxsın. Amma insanlar ödədikləri pulun əvəzinə, normal xidmət tələb etmək imkanı qazanacaqlar. Yoxsa indiki kimi,"boru yoxdur", "kabel yoxdur", "işçi çatışmır", " əlli ilin borularıdır, artıq müddətini başa vurublar" və s. bəhanələrlə abonentin başını qatmaq nə vaxta qədər davam edəcək?
Normal ölkələrdə (məmurlarımız və deputatlarımız deyirlər ki, biz həmin normal ölkələri çoxdan geridə buraxmışıq, əhsən!) yarım saatdan çox qaz, su, işıq, yaxud internet kəsiləndə aidiyyəti qurumlar vətəndaşlara (müştərilərinə) yüksək məbləğdə kompensasiya ödəyirlər. Burada isə hamı çalışır ki, vətəndaşı (müştərini) borclu çıxarsın.
Əlqərəz, məndən demək, qarşıdan qış gəlir, qışın nə olduğunu isə hər kəs yaxşı bilir. Buna görə də, "Bəlkə qar yağmadı", "Bəlkə şaxtalar olmadı" kimi düşüncələrdən əl çəkib, hər kəs öz işiylə məşğul olmalıdır. İşləmək istəməyənlərə isə dövlətimizin başçısı, prezident İlham Əliyev öz ismarıcını çatdırdı. Xalqın heysiyatı ilə oynamaq olmaz. Hələ ki, vaxtınız var, işinizi möhkəm tutun, əks -təqdirdə, prezidentin də səbrinin bir həddi olduğunu görəcəksiniz!
Yusif Seyid