Biz - zərrədən yaranmış küll...
Təki kül olmayaq!
Ailədaxili münaqişələr, bu vəziyyətin sonu olan boşanmalar, bəzən cinayət hadisələri, hətta qətllər təəssüf ki, bizim cəmiyyətdən də xali deyil. Hərçənd, dünyada olan yaxşı nə varsa, onun özümüzün, məhz bizim olmasını istərdik. Fəqət istək başqa, reallıq isə tam başqadır. Həmin reallığın gündəlik mənzərəsində münaqişələrdən doğan acı hadisələr, soyuq faktlar var. Çünki isti ocaq sandığımız ailələrdə soyuq küləklər əsir bu gün.
Ta qədimdən ailədə qadının yerinin, rolunun əvəzedilməz olmasını arzu ediblər. Özü də başqası deyil, elə qadının özü. Əvəzedilməz insan yoxsa da, yəni bu əvəzedilməzlik insanlığa xas olmasa da, qadınlar bunu həmişə arzulayıb. Ən birinci ana, bəzən bacı, çox zaman da qız övladı olaraq. Bunu nə qədər, hansı həddə görmək qisməti yaşayıblar, bu özü də bir naxış məsələsidir...
Qismətdə hansısa günləri görmək də varsa, onun ən yaxşısını elə özümüzə yazardıq. Hər mənada olan münaqişələrdən, şiddətdən və adı mahiyyətini özündə bu sayaq ifadə edənlərdən kənar, dünyada adına müsbət deyilənlərin hamısını qismətimizə yazmaq istərdik. Lakin təəssüf...
Təəssüfedici hadisələrin yaşandığı məmləkətimizdə yenə də “isti ocaq”ların ailə adlanan “kiçik dövlət”lərin üzvlərini qarsaladığını, yandırdığını görürük. Hər cür məcazdan kənar, məhz onlar həmin “ocaq”ların, necə arzularla qurduğu ailənin istisinə qızınmır, yalnız atəşində yanaraq kül olurlar. Kül olanların yenidən közə çevriləcəyini düşünmək də aldanışdan başqa heç nə deyil. Və nəticədə ailə münaqişələrindən yaranan, ailə başçısını həyat yoldaşını, övladlarını qətlə yetirməyə, ya da qadının ailənin digər üzvlərinə qarşı cinayət işləməsinə yönəlik müdhiş hadisələr baş verir. Ailə adlandırdığımız ocaqda onun istisinə isinməyənlər tüstüsündən kor olurlar. Belə ailələrin statistikasını aparmaq da yanlşdır. Hərçənd belə statistikalar azdır, bəlkə də yoxdur. Lakin təkcə bir ailənin olması da neçəsinə bərabərdir, zatən.
Külə dönmüş ocaqlar gündəmə çevrilirkən, boşanmaların, ayrılmaların deyil, qətllərin, cinayətlərin səsi-sədası daha çox yayılır. Ondan daha heç nəyin gözlənmədiyi sonucu dəyişdirməsə də, bir hadisə təkcə bir ocağın deyil, bütöv cəmiyyətin mənfisinə çevrilir. Çünki ailədaxili münaqişələrin insanlığı şikəst etməyə, öldürməyə qədər gedib çıxan acı nəticələri problemin artıq fərdilikdən kənar, ümumxalq problemi daşıdığını göstərir. Onun bir ailənin sərhədindən, çərçivəsindən kənara çıxaraq ümummilli faciə xarakteri daşıdığını söyləməyə dilimiz gəlməsə də...
Bu problemin həll olunmamasından doğan, şiddətin qurbanı olanlardan hər mənada sağlam cəmiyyət gözləmək absurddur. Məişət zorakılığı əhatəsində, ailədaxili şiddət içində yaşayan, belə münasibətlərlə formalaşan, görüb-götürdüyündən müsbət heç nə əxz etməyən, xoşbəxtliyi heç vaxt yaşamayan uşaqların hərtərəfli vətəndaş kimi yetişə bilməsi mümkünsüzdür.
Çünki ailədaxili münaqişələr içində yaşayan, belə şəraitdə böyüyən, “yetişən” uşaqlardan, mənəvi-psixoloji baxımdan cılız qalanlardan, onlardan gələcəyin dolğun cəmiyyət xülyasının özü öncədən qeyb olmuş həqiqətdir.
Fiziki şiddətlə mənəvi-psixoloji zorakılığı ayıran sərhəd çoxdan darmadağın olub. Bu sərhədin hər tərəfində qərar tutanlar, məkansızlıqdan əziyyət çəkənlər, bir sözlə, ailədaxili münaqişə qurbanları az qala hər günün kriminal xəbərlərinin əsasında, mərkəzindədirlər.
Onların sırasında olmaq istəmiriksə, problemi həlli mümkün məsələyə çevirək. Axı heç kim başqasından əlahiddə var ola bilməz, zərrədən yaranmış küll olaraq.
Nigar Orucova