Neft ölkəsində üzümüz gülmür, çünki rifahımız yoxdur
Belə bir deyim var: "Tarix yaratmaq tarix yazmaqdan daha çətindir". Dünyada tarix yaradan bir xalqın və yaxud dövlətin taleyini dəyişən liderlərə çağdaş dövrümüzdə az-az rast gəlinir. Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycan xalqının həyatında bir sıra dəyişmələr oldu. Müstəqil dövlətimiz hər bir azərbaycanlının fəxr etdiyi qəhrəmanlıq salnaməsi yazdı. Onlardan birinə 1994-cü il sentyabr 20-də Gülüstan sarayında imza atıldı, əsrin mega layihəsi neft kontraktları dövlətçilik tariximizə əbədi yazıldı. Beləliklə dəyəri 7.4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə 7 ölkə - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanını təmsil edən 11 Beynəlxalq neft şirkəti iştirak etdi. Əlbəttə, Əsrin müqaviləsinin həyata keçirilməsinin əsasını Azərbaycanda aparılan bir sıra proseslər, dünyaya açıq olmağımız, ölkədə daxili ictimai siyasi vəziyyətin sabitləşməsi faktoru və s. təşkil edirdi.
İlkin hesablamalara görə “Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən çıxarıla bilən neft ehtiyatı 511 000 000 ton olsa da sonralar bu rəqəm 1,7 milyard ton həcmində müəyyən edildi. Əsrin müqaviləsindən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı. Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan bu saziş çərçivəsində 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edildi. 1997-ci ilin sonlarında neft “Bakı-Novorossiysk” kəməri ilə Qara dənizə nəql edilməyə başladı. 1999-cu ildə “Bakı-Supsa” neft kəməri istifadəyə verildi və həmin ilin dekabrda isə Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. 2002-ci ildə “Bakı-Tiblisi-Ceyhan” neft kəmərinin təməli qoyuldu. 2005-ci ilin mayın 25-də Prezident İlham Əliyevin iştirakı ilə kəmərin açılış mərasimi keçirildi. 2006-cı ildə “Ceyhan” limanından neftin nəqlinə başlanıldı. 2020-ci ilin əvvəlinədək "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyuldu və bu blok üzrə 500 milyon ton neft hasil edildi, 40 milyard kubmetrdən artıq səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verildi. Bunlar neft kontraktlarının imzalanmasından sonra qısa müddət ərzində görülən işlərdir. Sazişin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı.
Prezident İlham Əliyev deyirdi: “Cənub qaz dəhlizi bizim tarixi nəaliyyətimizdir. Bunun başa çatmasına az vaxt qalır və bizim bütün yataqlarımızda görülən işlər məqsədyönlü şəkildə aparılır. Bir layihə o biri layihəni şərtləndirir. Əgər "Azəri-Çıraq-Günəşli" üzrə kontrakt 1994-cü ildə imzalanmasaydı, başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı bu gün biz nəinki başqa ölkələrin, öz enrji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir və biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və uzun müddət bundan sonra Azərbaycan bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”.
Bəli, 2017-ci ilin sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında imzalanan sazişdən sonar, "Azəri-Çıraq-Günəşli" nəhəng neft yataqları blokunun fəaliyyətində yeni dövr başlandı .
İqtisadçı ekspert Vüqar Bayramovun fikirlərinə görə, həmin vaxt hasilatın pay bölgüsü haqqında yenidən işlənmiş və 2050-ci ilədək uzadılmış sazişə əsasən “BP” fəaliyyətini layihənin operatoru kimi davam etdirir. SOCAR-ın payı 11%-dən 25%-dək artırılır. Mənfəət neftinin isə 75%-i məhz Azərbaycanda qalır. Yeni əsrin müqaviləsinin imzalanması müasir dövlətçilik tariximizdə yeni eranın başlanması, siyasi və iqtisadi təhlükəsizliyə əlavə təminat, yeni investisiya qoyuluşu , ümumdaxili məhsulun artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir”.
Bəli, bu işlərin reallaşması üçün vaxtilə illərini sərf etmiş, çətin yollardan keçmiş, zəhmət çəkmiş insanlar olub. Bunlar xalqımız, millətimiz, dövlətimiz üçün, Azərbaycanın böyük sənayesini yaratmaq üçün, neft sənayesini gələcəkdə inkişaf etdirmək üçün görülmüş böyük işlərdir. Lakin torpağının altı da, üstü də xəzinə olan Azərbaycanda əhali yalnız "dolana bilir". Vəziyyət sosial partlayış həddinə çatacaq qədər pis deyilsə də, “dolana bilir”, acından ölmür. Dövlətin dövriyyədə olan pulları az maaşla, az təqaüd və pensiya ilə, hər necəsə insanlara çatır, sonra fırlanıb yenə də dövrəsini başa vurur. Gələn gəlir gedəcək yerə uyğun verilmir insanlara, gözünün biri ac, biri tox olan Azərbaycan insanının neft ölkəsində üzü gülmür. Çünki rifahı yoxdur.
Şahnaz Salehqızı